Mədəniyyət siyasətində yeni prioritetlər

 

Asif Usubəliyev,

Mədəniyyət və Turizm Nazirliyi Elm sektorunun müdiri

 

Bir sıra ölkələrin Azərbaycanla bağlı siyasəti bizi dövlətin daxilində konkret siyasi istiqamətlərin məzmununa dəyişikliklər etməyə məcbur edir. Aydın görünən hər hansı xarici siyasət tendensiyalarına əhəmiyyət verilməməyi ölkə daxilində siyasi sabitlik üçün real təhlükə doğuran problemlərə gətirib çıxara bilər. Bundan əlavə, dövlət başçısının dəstəklədiyi fəal beynəlxalq inteqrasiya siyasəti bizdən mövcud tendensiyaları nəzərə almağı tələb edir. Üstəlik, bu tendensiyaların nəzərə alınması bəzi neqativ halların qarşısını almağa və onları nəzarət altında saxlamağa imkan verəcəkdir.

Bu kontekstdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsi olduqca mənalıdır.

Əyanilik üçün sözügedən məqalədən bir neçə sitatı qeyd edim: “Aparılan təhlil göstərir ki, əslində xaricdəki müvafiq strukturlar “Amerika demokratiyası”nın irəlilədilməsi üzrə potensial baxımdan fəal agentə çevrilə biləcək hər kəsin qeyri-hökumət təşkilatları çərçivəsində dəstəklənməsi, öyrədilməsi və təşkil edilməsi ilə məşğul olurlar”; “Beşinci kolon - birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır”; “Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır”.

Fikrimcə, akademik Ramiz Mehdiyevin ritorikasının görünən kəskinliyi beynəlxalq münasibətlərin sərt xarakteri və beynəlxalq münasibətlər qlobal sisteminin əsas oyunçularının son zamanlar daha çox əl atdığı “ikili standartlar” siyasəti ilə diktə edilib.

Qismən məhz buna görə dövlət orqanlarının ölkənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı strateji xarakter daşıyır. Çünki bu əməkdaşlıq sayəsində QHT-lər ölkənin siyasi sisteminin zəif halqası olmaqdan çıxacaq və onların kənardan idarə olunması imkanı əsaslı şəkildə məhdudlaşacaqdır.

Beləliklə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin bizi xəbərdar etdiyi ehtimal: “QHT-lərin köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq” da məhdudlaşacaqdır.

Burada birbaşa ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin yeni strateji əhəmiyyətli istiqamətinə keçmək istərdim.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyində funksional islahatlardan (hansılar ki, nazir Əbülfəs Qarayevin sözləri ilə desək, təkcə idarənin işini təkmilləşdirmək istəyi ilə deyil, həm də informasiya müharibəsi, ölkənin fəal xarici təbliği, ölkənin pozitiv beynəlxalq imicinin formalaşdırılmasının əhəmiyyəti, mədəniyyət siyasəti potensiallarının tətbiqi prosesinin genişləndirilməsi, Ermənistanın Azərbaycan xalqının mədəni irsini “özəlləşdirməsi” faktlarının qarşısını almaq zərurəti və s. kimi siyasi amillərlə diktə edilmişdi) sonra, digər struktur bölmələri ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə iş və əməkdaşlığa cavabdeh olan sektor yaradıldı.

Beləliklə, bu gün biz əminlikdə deyə bilərik ki, Azərbaycanda mədəniyyət siyasəti mexanizmlərinin tətbiqinə tələbat yalnızca mədəniyyət sahəsinin bilavasitə özü ilə məhdudlaşmır.

Akademik Ramiz Mehdiyevin yuxarıda qeyd olunan məqaləsinin kontekstini nəzərə alaraq, demək olar ki, mədəniyyət siyasəti, ölkənin milli təhlükəsizliyinin təmin olunmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına kömək edir.

Vətəndaş cəmiyyətinin əsas institutlarından biri QHT-lərdir, məhz buna görə də bu təşkilatların inkişafı prosesinə olan istənilən yardım əslində bizdə vətəndaş cəmiyyətinin formalaşmasına yardım deməkdir.

Bu gün ölkəmizdə mədəniyyət siyasətinin tətbiqi yalnız sırf mədəniyyət sahəsinin özü ilə məhdudlaşmır.

Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ölkənin QHT nümayəndələri ilə zona müşavirəsini əlamətdar tədbir hesab etmək olar. Mayın 29-da Mingəçevir şəhərində keçirilmiş bu görüşdə QHT nümayəndələri ilə yanaşı yerli mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.

Bu faktın özü onu göstərir ki, bu cür təşəbbüslər vasitəsilə nazirlik milli mədəniyyətin inkişafı və təbliği işinə QHT-lərin kreativ və yenilikçi potensialını cəlb etməklə birlikdə, həm də dövlət sektorunun qeyri-hökumət qurumları ilə funksional və ideoloji yaxınlaşmasına kömək edir.

Prinsip etibarı ilə vurğulamaq lazımdır ki, bu cür təşəbbüslər, bilavasitə, Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyətinin formalaşdırılmasına yönəlmiş siyasətinin inkişafıdır. Bu deyilənlərlə yanaşı, həmçinin, nazirlikdə aparılan struktur islahatlarının strateji məqsədlərindən birinin informasiya təbliğatı prosesinin aktivləşdirilməsi olduğunu xatırlatsaq, heç şübhəsiz, vacib dövlət əhəmiyyətli məsələlərin həyata keçirilməsində mədəniyyət mexanizmlərinin siyasi əhəmiyyətinin obyektiv olaraq xüsusiləşdirilməsindən danışa bilərik.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 10.