“Bakı-2015”in
şirin tablosu
I Avropa Oyunlarına həsr edilmiş dünyanın ən böyük şokolad rəsmi təqdim edildi
Dünyanın
40-dan çox ölkəsində nümayiş olunan
"Nikolya" şokolad muzeyinin müəllif sərgisi
mayın 15-dən Bakıdakı Muzey Mərkəzində sərgilənir.
Muzeyin yaradıcısı məşhur şokolad ustası
Nikolay Popovdur. I Avropa Oyunları ərəfəsində təşkil
olunan sərgini ötən müddətdə minlərlə
insan ziyarət edib.
İyunun 5-də sərgi ekspozisiyasında məxsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr edilmiş, ümumi çəkisi 200 kq, eni 3 metrdən çox olan, şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi keçirildi. Bu, dünyada analoqu olmayan ən böyük şokolad rəsmidir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyri-adi sərginin I Avropa Oyunları ərəfəsində Bakıya gətirilməsini əlamətdar hadisə adlandırdı və bu təşəbbüsə görə Belarusun ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirdi.
Qeyd olundu ki, sərgilənən nümunələrin hər biri öz gözəlliyi ilə diqqət çəkir. Təqdim edilən nümunələrlə yanaşı, şokolad ustası ölkəmiz üçün tarixi olan hadisəyə də öz töhfəsini vermək qərarına gəlib. İlk Avropa Oyunlarına həsr edilən şokolad əsəri məhz Bakıda hazırlanıb: “Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədir. Bu ab-hava incəsənət adamlarına da təsirsiz ötüşmür. Gördüyünüz sərgi ilə yanaşı Oyunlar müddətində konsertlər, tamaşalar, təqdimatlar, müxtəlif mədəni tədbirlər keçiriləcək. Məqsədimiz Azərbaycan xalqının mədəniyyətini, tarixini, incəsənətini layiqincə təqdim etməkdir, eyni zamanda Bakının beynəlmiləl şəhər olduğunu göstərməkdir. Bu səbəbdən də digər ölkələrdən olan sənət adamlarının burada öz yaradıcılıqlarını nümayiş etdirməsinə hər zaman şərait yaradırıq”.
Nazir onu da əlavə etdi ki, Avropa Oyunları müddətində paytaxtın mədəniyyət müəssisələri axşam saatlarınadək fəaliyyət göstərəcək. Oyunların bağlanış mərasiminə yaxın günlərdə isə nazirlik bütün mədəniyyət ocaqlarına sərbəst giriş günü təşkil edəcək. Bu, şəhərimizin qonaqlarına gözəl bir hədiyyə olacaq.
Tədbirdə iştirak edən I Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleqq belə gözəl bir sərgidə iştirakından məmnunluğunu bildirdi. Qeyd etdi ki, sərgi əlamətdar bir hadisədir. Sərgi vasitəsilə biz cəmiyyət üçün vacib olan bir çağırış edirik: “Bu çağırış ondan ibarətdir ki, incəsənət və idman bir arada olub cəmiyyətə öz töhfələrini verə bilər. Bugünkü sərgidə sənət və idmandan əlavə, bir də bütün insanların sevdiyi şokolad məfhumu var. Üç həftə ərzində bütün dünyanın gözü Azərbaycanda olacaq və bu günlər ərəfəsində Azərbaycan özünü dünyaya sübut etmək imkanı əldə edəcək. Çox şadam ki, Azərbaycan üçün əlamətdar olan bugünlərdə mən də Bakıdayam və bu hadisədə mənim də iştirakım oldu. Oyunların başlanmasına sayılı günlər qalıb və bugünlərdə həm sənət, həm də digər sahələrdə çalışanlar öz töhfələrini verməkdə davam edirlər”.
Daha sonra qırmızı lent kəsildi və “Bakı-2015” I Avropa Oyunlarına həsr edilən əsər təqdim edildi.
Şokolad və marsipandan hazırlanan 3D pannoda Azərbaycanın dövlət bayrağı və xəritəsi, milli simvolları - nar, səkkizguşəli ulduz, alov və Avropa Oyunlarının simvolu təsvir olunub.
Şokolad pannonun müəllifi Nikolay Popov bildirdi ki, Bakıya birinci dəfə bir ay əvvəl gəlib. Şəhər gözəlliyi, mədəniyyəti və qonaqpərvərliyi ilə onu heyran qoyub: “Mən məxsusi bir şey yaratmaq istədim. Burada insanların muzeylərə həvəslə getməsi məni yaxşı mənada təəccübləndirdi. Şadam ki, Bakıda yaratdığım əsəri sizə təqdim edirəm”.
Müəllif yaradılan şəraitə görə və sərgiyə qatılan hər kəsə təşəkkürünü bildirdi.
Lalə
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 9.