YARAT-dan unikal imkan: qeyri-adi “Muzey gecəsi”

 

İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzinin Dövlət Bayraq Meydanı yaxınlığındakı yeni məkanında “Muzey gecəsi” adlı tədbir keçirildi. YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir.

 

Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Bura sərgilər və nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır.

Tədbirə təşrif gətirən və əksəriyyəti gənclərdən ibarət olan şəhər sakinləri və qonaqlar muzeylər üçün ənənəvi xarakter daşıyan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, həm də müasir muzeyin aktiv təhsil və istirahət üçün hüdudsuz imkanlarından yararlana bildilər. Mərkəzə gələn hər ziyarətçi proqram üzrə öz marağına uyğun məşğuliyyət tapdı.

Səhər saatlarında açıq səma altında təcrübəli təlimatçı Həmid Elsevər Həmidzadə və İrina Berezinanın rəhbərliyi ilə yoqa dərsləri keçirildi. Ardınca “Harmony” rəqs studiyasının təsisçisi və Latın Amerika rəqsləri üzrə ikiqat Azərbaycan çempionu Fərid Mehdiyev tərəfindən Zumba rəqs dərsi gerçəkləşdi.

Tədbir proqramında kulinariya da unudulmamışdı. Tanınmış aşpaz və “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylinin ustad dərslərinin iştirakçıları maraqlı salat növləri hazırlamağı öyrəndilər. Bakının tarixini sevənlər üçün isə tanınmış tədqiqatçı, şəhər sirlərinin ən maraqlı nəqledicisi Fuad Axundov ilə görüş keçirildi.

Müasir incəsənəə dair ekspert məsləhətləri ilə bağlı tədbirdə isə sənətşünaslıq üzrə elmlər namizədi, YARAT Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, rəssam Çingiz Babayev və sənətşünas Cahangir Səlimxanovun maraqlı mühazirələri dinlənildi. Hələ Orta əsrlərdə Şərqdə yayılmış art-terapiya seansı da maraqlı idi. Seans beynəlxalq təcrübəyə malik olan psixoloq Elizabet Brandolini tərəfindən aparıldı. O, iştirakçılara sənət vasitəsilə stressdən azad olmağı, sakitləşməyi praktik şəkildə izah etdi. Bunun ardınca “BakuVelo” həvəskar velosipedçilər klubu və “Shark Head” klubu tərəfindən veloyürüş təşkil olundu.

Sonra iştirakçılara “Hədiyyə mağazasından çıxış” filmini seyr etmək imkanı yaradıldı. Tədbir "ABanndonAir" gənc rok qrupunun performansı, DJ Panço və kokteyl gecəsi ilə başa çatdı.

Qeyd edək ki, tədbirə və bütün təlimlərə giriş sərbəst idi. “Muzey gecəsi” qeyri-adi aksiya kimi iştirakçılarda zəngin təəssürat yaratdı.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 8.