Lətifələrdən
səhnəyə - “Nəsrəddin evlənir?..”
Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının “Nəsrəddin evlənir?..” adlı yeni
tamaşasının premyerası olub. İyunun 6-da Rəşid
Behbudov adına Mahnı Teatrının səhnəsində təqdim
olunan tamaşa Molla Nəsrəddin lətifələrinin
motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır. Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərində Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Ceyhun Əliyev, Rövşən Cəfərov, Şəbnəm Cəbrayılova və başqaları rol alıblar. Sevdiyi qızı yuxusunda görən Nəsrəddini Əzrail oyadıb özü ilə o biri dünyaya aparmaq istəyir. Çox cavan olduğunu, hələ evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrail, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini lotulara danışıb onlardan kömək istəyən Nəsrəddin toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Premyeradan sonra jurnalistlərə açıqlama verən səhnə əsrinin rejissoru Xaqani Əliyev bildirib ki, bu mövzuya Azərbaycanda Molla Nəsrəddin irsini, dəyərləri ilə birlikdə qoruyub yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün müraciət edilib.
O deyib: “Molla Nəsrəddin bütün lətifələrində
ahıllıq dövrünü yaşayan nurani qoca kimi təsvir
edilib. Biz bu qənaətə gəldik ki, bu stereotipi qıraq.
Təqdim etdiyimiz Molla Nəsrəddin təsəvvürlərdə
yaradılmış Molla Nəsrəddindən
cavanlığı ilə fərqlənir. Doğrudan da,
tamaşada təsvir olunan hadisələr ahıl adamın
başına gələ bilməz. Məhz buna görə də
biz, Azərbaycan səhnəsində ilk dəfə olaraq Molla
Nəsrəddini qaynayıb-daşan, hələ tam
müdriklik yaşına çatmamış, bəzən
emosiyalarına hakim kəsilə bilməyən bir cavan kimi təqdim
etdik. Böyük inamla deyə bilərik ki, güldürərək
düşündürən Molla Nəsrəddin müasir teatr
yozumunda səhnəmizə qayıtdı!”
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 7.