“Kamançada insanı cəlb edən xüsusi bir qüvvə var”

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə mart ayında Bakıda keçirilən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ilin maraqlı mədəni hadisəsi kimi yaddaşlara həkk olundu.

 

Festival çərçivəsində keçirilən müsabiqədə qalib gələnlərin sırasında "Aypara" muğam qrupu da vardı. 2009-cu ildən fəaliyyət göstərən qrupun üzvlərindən gənc kamança ifaçısı Pərviz Fərhadovla həmsöhbət olub, sənət yoluna nəzər saldıq. Öyrəndik ki, muğam qrupu həm də 2011-ci ildə respublika muğam müsabiqəsinin qalibi olub.

Həmsöhbətim bildirir ki, istedad insana verilirsə, o, bunu inkişaf etdirib ardınca getməyi bacarmalıdır: “Bizim sənətdə əsas məşqdir. Məhz bu məşq və çalışmalar nəticəsində biz üçlük olaraq 2012-ci ildə UNESCO-nun dəstəyi ilə Buryatiyada (Rusiya Federasiyası) keçirilən “Avrasiya səsləri” 7-ci beynəlxalq festivalında birinci yerə layiq görüldük. 2014-cü ildə Rusiyanın Çita şəhərində keçirilən Budaşkin beynəlxalq festivalının da qalibi olduq”.

Bundan əlavə, qrupun ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Rusiyadakı konsert proqramları, başqa ölkələrdə çıxışları da alqışlarla qarşılanıb. P.Fərhadov əldə etdikləri uğurlara görə xanəndə, Xalq artisti, professor Mənsum İbrahimova, əməkdar artistlər tarzən Elçin Həşimov və kamança ustası Elnur Əhmədova öz dərin təşəkkürünü bildirdi. Gənc ifaçı hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantıdır.

- Sizdə musiqiyə maraq necə yarandı?

- Ailəmizdə atam həvəskar musiqiçi olub, qardaşım Qara Qarayev adına 8 saylı musiqi məktəbində (indiki Mərkəzi İncəsənət Məktəbi) təhsil alıb. Mən ona baxıb həvəslənirdim. Vəziyyət elə gətirdi ki, ailəmdən gizli şəkildə musiqi hazırlıqlarına getdim. Bir ay sonra ailəm xəbər tutdu ki, mən musiqi ixtisası üzrə hazırlaşıram və beləliklə, 2007-ci ildə 45 saylı orta məktəbi bitirdim. Azərbaycan Milli Konservatoriyasına daxil oldum, muğam dərslərini Əməkdar artist Elnur Əhmədovdan, not dərslərini isə Afət Kazımovadan aldım.

- Pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Şagirdlərinizdən razısınızmı?

- Çalışırıq ki, sənətimizə layiq davamçılar yetişdirək. Şagird və tələbələr sırasında istedadlı, ümidverici uşaqlar var. Bütün biliklər pillə-pillə öyrənilir. Musiqiçini digər musiqiçidən fərqləndirən onun qəlbi, duyğularıdır. Bu, instrumental ifaçılıqda da belədir, xanəndəlikdə də.

- Kamança sizin üçün nə deməkdir?

- Kamança mənim üçün hər şeydir. Mən bütün sevgimi, arzularımı kamançaya vermişəm. İnsan fikirli olanda kamançanı əlinə alır və hər şeyi unudur. Həm əhval-ruhiyyə yaxşı olur, həm də onda insanları özünə cəlb edən xüsusi bir qüvvə var.

- “Bora-bora” mahnısına çəkdirdiyiniz klip necə ərsəyə gəldi?

- 2012-ci ildə Ədalət Behbudovla birlikdə “Avrasiya səsləri” 7-ci beynəlxalq muğam festivalında qalib gəlmişdik. 3 turda iştirak etməli idik. Düşündük ki, nə etsək, daha cəlbedici olar. “Kalinka” rus xalq mahnısını “Bayatı-Şiraz” muğamı ilə sintez etdik. Eyni zamanda əslən azərbaycanlı olan İran müğənnisi Araşın “Bora-bora” mahnısına xüsusi bir rəng qatmışdıq. Biz onu da muğamla sintez etdik. Bu mahnılar hamının xoşuna gəldi. İlk gün Rusiyanın mədəniyyət naziri səhnəyə çıxaraq bizi təqdim etdi və ustad dərsləri təşkil olundu, Rusiya Mədəniyyət və İncəsənət Universitetində çıxış etdik. Xalq, ritmik mahnılarımızı instrumental şəkildə təqdim etdik. Bundan sonra İctimai Televiziya tərəfindən bu mahnıya klip çəkildi və çox gözəl qarşılandı.

- Qarşıda nə kimi planlarınız var?

- Planlarımız çoxdur. Qrupumuzla yeni musiqi albomu üzərində çalışırıq. Səfərlərimiz gözlənilir. Ədalət Behbudovla birlikdə yeni əsərlər hazırlayıb musiqisevərlərə təqdim etmək fikrindəyik.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 7.