Vaqif Mustafayev Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib

 

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. Sənətkar iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə, mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə təltif olunub.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Günü münasibətilə keçirilən tədbirdə “Dostluq” ordenini Vaqif Mustafayevə təqdim edib. Səfir Vaqif Mustafayevin xalqlar arasında sülhün, dostluğun və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində xüsusi xidmətlərini, müxtəlif xalqların mədəniyyətlərini zənginləşdirməsi istiqamətində səmərəli fəaliyyətini qeyd edib.

Xatırladaq ki, Vaqif Mustafayev kino sənətində nailiyyətlərinə görə bir sıra ölkələrin təltiflərinə - Gürcüstanın “Şərəf” ordeninə, Rusiya Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının “Qızıl medal”ına, Avropa Televiziya və Radio Akademiyasının “Beynəlxalq Olimp”, Serbiyanın “Dünya kino sənətinə töhfəsinə görə” mükafatlarına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 4.