Avropa Oyunları
paytaxtının foto təqdimatı
İyunun 5-də
“Four Seasons” hotelində Xarici İşlər, Mədəniyyət
və Turizm nazirlikləri, “Paşa Həyat Sığorta”
Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Silk Way
Travel” şirkətinin dəstəyi ilə “İRS Publishing
House” tərəfindən hazırlanmış “Bakı
simfoniyası” kitab-albomunun təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “İrs” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlı nəşr haqqında məlumat verdi. Bildirdi ki, paytaxtımızın mədəni irsinə həsr olunmuş “Bakı simfoniyası” kitabı “İrs” seriyasından altıncı nəşrdir. İki il öncə başlanan layihə çərçivəsində İçərişəhərdən bəhs edən “Qədim qalanın yuxuları”, qayaüstü incəsənət nümunələrimizdən söz açan “Qobustan - minilliklər kitabı”, orta əsrlər miniatür sənətimiz haqqında “Təbrizin sehrli nağılları” nəşrləri, eləcə də Naxçıvan və Şəkidən bəhs edən kitablar işıq üzü görüb.
Layihə rəhbərinin sözlərinə görə, növbəti kitabın ərsəyə gəlməsində Azərbaycan fotojurnalistlərinin böyük əməyi olub. Bununla bağlı keçirilmiş müsabiqədə 120-dək fotoqraf iştirak edib: “Bu kitabın başlıca məziyyəti fərqli rakurslardan çəkilən fotolardır. Nəşrdə Bakının tarixi, müasir dövrü, nailiyyətləri haqqında yığcam informasiya verilir, şəhərin görməli məkanları barədə məlumatlar yer alır. Kitabın bir hissəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunub. Nəşrin məqsədi də Azərbaycanı xarici auditoriyaya daha yaxından tanıtmaqdır”.
Nəşrin məsləhətçisi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Avropa Oyunları öncəsi təqdim olunan kitabın əhəmiyyətini yüksək qiymətləndirdi: “Bir neçə gündən sonra ölkəmiz möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək. Bu tədbiri həyəcanla gözləyən hər kəs eyni zamanda şəhərin gündən-günə dəyişdiyinin və gözəlləşdiyinin şahidi olur. Şübhəsiz ki, Bakıya gələn qonaqlardan kimsə şəhərin bu və ya digər guşəsini görəcək, kiminsə yolu həmin yerdən düşməyəcək. Bu baxımdan paytaxtımızın hərtərəfli təqdim edilməsində “Bakı simfoniyası” kitabının böyük əhəmiyyəti var. O, Bakıya yeni nəzər nöqtəsindən baxmağa imkan verir. Simfoniya musiqi əsəridir. Azərbaycan memarlığı da bir simfoniyaya, bir musiqiyə bənzəyir. Bu kitab şəhərimizin qonaqlarına Bakı memarlığının ilk baxışdan bəlkə də o qədər nəzərə çarpmayan notlarını, akkordlarını diqqətə çatdıracaq”.
Nazir vurğuladı ki, “İrs” seriyasından olan kitabların Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində öz yeri var. Bu qəbildən kitabların gələcəkdə də nəşr olunması vacibdir.
Mərasimdə nəşrin Rusiyadan olan şef-redaktoru Andrey Vasilyevə, baş rəssamı Sergey Dyakova, baş fotoqraf Sergey Kivrinə mükafatlar təqdim edildi.
Rusiyalı qonaqlar, habelə “Silk Way Travel” şirkətinin direktoru Şirzad Əfəndiyev, Azərbaycan Xarici İşlər Nazirliyinin İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov, “PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Mürsəl Rüstəmov layihənin əhəmiyyətindən geniş danışdılar.
Qeyd edək ki, “Bakı simfoniyası” kitabının bölmələri də musiqi terminləri ilə adlandırılıb: “Uvertüra”, “Alleqro”, “Adajio”, “Koda”. Birinci Avropa Oyunları nəşrin “Adajio” hissəsində yer alıb. Burada həmçinin Azərbaycanda idmanın inkişafı, bu sahədə qazanılan uğurlar da əksini tapıb.
Nəşr son illər Azərbaycan paytaxtının beynəlxalq festival, forum, simpoziumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilməsi barədə əyani təsəvvür yaradır. Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində nəşr edilən “Bakı simfoniyası” şəhərimizin qonaqları üçün bələdçi rolunu oynayacaq.
Qeyd edək ki, nəşrdə “Mədəniyyət” qəzetinin əməkdaşı Ceyhun Vəliyevin çəkdiyi fotolar da yer alıb.
Təqdimat mərasimi musiqi proqramı ilə başa çatdı.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 3.