“Rənglərin simfoniyası”

 

Bakıda meksikalı rəssamın fərdi sərgisi

 

İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin və Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisinin açılışı oldu.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, meksikalı rəssamın əsərlərinin Azərbaycanda təqdimatı sevindirici hal olmaqla yanaşı, həm də iki ölkənin mədəni əlaqələrində əlamətdar bir hadisədir. Bu günlərdə Prezident İlham Əliyev Meksikanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etdi və bu fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edirik. Azərbaycan Latın Amerikası ölkələri ilə mədəniyyət sahəsində əməkdaşlığa mühüm önəm verir. Azərbaycan müstəqilliyini qazananda ölkəmizi tanıyan ilk dövlətlərdən biri də məhz Meksika olmuşdu. 2010-cu ildə Meksikada Azərbaycan mədəniyyəti günləri yüksək səviyyədə gerçəkləşdi.

Bundan əlavə, müxtəlif tədbirlər həyata keçirilir. Paytaxt Mexikoda Azərbaycan-Meksika dostluğu parkı yaradılıb, Xocalı abidəsi ucaldılıb.

Azərbaycan və Meksika rəssamları arasında dostluq münasibətləri ötən əsrdə başlayıb və davam etməkdədir: “Bu gün sərgisi təqdim edilən xanım Moralesə yaradıcılığında uğurlar arzulayıram və inanıram ki, onun Azərbaycanla tanışlığı yeni-yeni əsərlərin yaranmasına səbəb olacaq”.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Torez Azərbaycana səfir təyin edilməsindən sonra keçirilən ilk tədbirin mədəniyyətlə bağlı olmasından məmnunluğunu ifadə edərək Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sərgi vasitəsilə Azərbaycan vətəndaşları iki ölkənin oxşar və fərqli cəhətləri ilə tanış olacaq, Meksikanı daha yaxından tanıyacaqlar. Səfir iki ölkə arasında həm siyasi-iqtisadi, həm də mədəni əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.

Rəssam Marqarita Morales sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür etdi.

Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış oldular.

Marqarita Morales Meksikada ali təhsilini başa vurduqdan sonra Londonda nəzəriyyə sahəsi üzrə ixtisasını artırıb. Rəssamın yaradıcılığı müxtəlif yönlüdür, əsərlərində ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, həmçinin müasir incəsənətin fərqli üslublarının təsiri də duyulmaqdadır. Əl işləri əlvan rəng çalarları və heyranedici enerji ilə zəngindir. Abstrakt mövzuda ərsəyə gətirdiyi əsərlərdə rəssamın özünəməxsus dəst-xəttini müşahidə etmək olar.

Əsərləri Berlin, Madrid, Nyu-York və digər şəhərlərin muzey və qalereyalarında nümayiş olunub. Bakıdakı “Rənglərin simfoniyası” sərgisində rəssamın “Güllərin dili”, “Yay”, “Bayram”, “Güllərin istiliyinə”, “Eden dənizində qızılgüllər”, “Bəslənən arzu” və s. əsərləri nümayiş olunur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 2.