Quba
Tarix-Diyarşünaslıq Muzeyi: tarixin yaddaşında və
bu gün
Mətbuatdan məlum
olduğu kimi, 2015-ci il mayın 2-də Quba
Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının
açılışı olub. Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirib ki, qədim tarixə və
geniş turizm potensialına malik Qubada tarix-diyarşünaslıq
muzeyi üçün yeni binanın inşası Prezident
İlham Əliyevin göstərişinə əsasən həyata
keçirilib. Nazir Qubada ilk tarix muzeyinin hələ 1924-cü
ildə yaradıldığını, bu işdə yerli
ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadənin
xidmətlərini xüsusi qeyd edib.
Bu məlumatla tanış olduqdan sonra respublikada fəaliyyət göstərən muzeylərə az-çox bələd olan, tarixini araşdıran bir şəxs kimi mənim də yaddaşımda bəzi məqamlar canlandı...
«Mədəniyyət»in oxucularına xatırladım ki, Azərbaycanın bir sıra şəhər və rayon mərkəzlərində ilk tarix-diyarşünaslıq muzeylərinin yaradılması 1920-ci illərə təsadüf edir. 1924-cü ildə Naxçıvan və Gəncə, daha sonra Şəki və Lənkəran şəhərlərində tarix-diyarşünaslıq muzeyləri yaradılıb. 1928-ci ildə Göygöl rayonunda tarix-diyarşünaslıq muzeyi təşkil olunub. Bu muzeylərin yaradılmasında Azərbaycan Dövlət Muzeyinin əməkdaşları ilə yanaşı, yerli həvəskarlar da fəal iştirak edirdilər. Gəncədə muzeyin təşkili Gəncə Pedaqoji Seminariyasının müəllimlərinin adı ilə bağlıdır. Seminariyanın müəllim və tələbələri muzey əşyalarının toplanmasında fəallıq göstərmişlər.
Naxçıvanda yerli ziyalı Mirbağır ağa burada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyanlardan biridir. İndi Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərən həmin muzeyin ilk direktoru da Mirbağır ağa olmuşdur.
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında dövrünün qabaqcıl maarif xadimi, yazıçı və dramaturq Rəşid bəy Əfəndiyevin müstəsna əməyi vardır. Lənkəranda muzeyin bünövrəsini yerli ziyalı Mirzə Ağaəli Əliyev qoymuş, Masallıda isə ilk muzeyin yaradıcısı orta məktəb müəllimi Rəhim Tağıyev olmuşdur. Bu gün öz yaradıcılarının xatirəsinə hörmət əlaməti olaraq Şəki muzeyi Rəşid bəy Əfəndiyevin, Lənkəran muzeyi Mirzə Ağaəli Əliyevin, Masallı muzeyi isə Rəhim Tağıyevin adını daşıyır.
Tarix-diyarşünaslıq muzeyləri Azərbaycan xalqına məxsus milli sərvətin - tariximiz və mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanılması, qorunması, öyrənilməsi və gənc nəslə ötürülməsində mühüm rol oynayır.
Bu muzeylərdə həmin bölgənin keçmişi və bu günü, xalqımızın azadlıq uğrunda mübarizələri, tanınmış şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının həyatı və fəaliyyəti konkret materiallar əsasında tamaşaçıya çatdırılır. Hər bir vətəndaşın öz diyarının, hətta doğulduğu kəndin tarixini bilməsində bu muzeylərin mühüm rolu vardır.
Şübhəsiz, tarix-diyarşünaslıq muzeyləri tamaşaçıda xalqımızın ulu keçmişinə, ayrı-ayrı şəxsiyyətlərə, ana yurdun təbiətinə, dağına, aranına, meşəsinə, bulaqlarına sevgi və qayğı, habelə bu yurdun, bu sərvətin sahibi olduğu üçün iftixar hissləri doğurur.
Quba Tarix-Diyarşünaslıq Muzeyi də respublikamızda həmin profildən olan ilk muzeylərdən biridir və uzun illərdir ki, bu yöndə iş aparır.
Qeyd etdiyimiz kimi, Qubada muzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulmuşdur. O, 1924-cü ildə dərs dediyi mədrəsədə tarix muzeyi yaratmış, burada Azərbaycan tarixinə aid materialları toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı.
Muzey ictimai əsaslarla yaradılmış və fəaliyyət göstərmişdir. Təbii ki, mövcud ekspozisiya tələb olunan səviyyədə deyildi və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Quba bölgəsinin zəngin tarixini və mədəniyyətini dolğunluğu ilə əks etdirə bilməzdi. Muzeyin əsaslı surətdə yenilənməsi və dövlət müəssisəsinə çevrilməsi günün reallığı idi.
1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında «Quba şəhərində muzeyin təşkili barədə» xüsusi məsələ müzakirə edilmişdir. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılmışdır. Hər iki sənəddə muzeyin ekspozisiyasının təşkili ilə bağlı tövsiyələr, habelə təxmini strukturu öz əksini tapmışdır.
Plan-layihədən məlum olur ki, ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasına aid müxtəlif xəritələr, quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir.
Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları da maraq doğurur və 1930-cu illərdə muzeyin yaradıcılarının uzaqgörənliyini, eyni zamanda cəsarətini alqışlayırsan. Bölmələrin adlarına nəzər yetirək: «Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri», «Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar», «Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi», «Komendantlıq dövrü» və s.
Ekspozisiyada ayrıca «Etnoqrafiya» bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Əlbəttə, ekspozisiyada 1920-1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.
Rayon İcraiyyə Komitəsinin iclasında Qubada muzey yaradılması məqsədəuyğun sayılmış və bu barədə xüsusi qərar qəbul olunmuşdur. Eyni zamanda bu işə kömək göstərilməsi Azərbaycan Dövlət Muzeyindən (indiki Milli Azərbaycan Tarixi Muzeyi) və digər muzeylərdən xahiş edilmişdir.
Muzey Əhməd Əfəndi Çələbizadənin rəhbərliyi ilə 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Maarif Komissarlığı 1935-ci ilin mayında Quba Maarif Şöbəsinə yazmışdır: "Xalq Maarif Komissarlığının Elmi-tədqiqat müəssisələri idarəsi yoldaş Əhməd Çələbizadəni Quba muzeyinin müdirliyinə təyin olunmaq üçün Sizin sərəncamınıza göndərir. Yoldaş Çələbizadə lazımi təlimatla təmin edilmiş və ona təşkil edəcəyi muzey haqqında konkret tapşırıqlar verilmişdir".
Beləliklə, Əhməd Əfəndi Çələbizadənin təşkil etdiyi muzey həmin ilin mayında dövlət müəssisəsinə çevrilir və onun yaradıcısı Xalq Komissarları Sovetinin tövsiyəsi ilə həmin muzeyin direktoru təyin edilir. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. Muzey yaradıcısının rəhbərliyi altında 1937-ci ilədək fəaliyyət göstərir, qısa müddətdə Qubanın mədəniyyət mərkəzinə çevrilir. 1937-ci ildə Əhməd Əfəndi repressiyaya məruz qalır və bununla da muzeyin fəaliyyətinə son qoyulur.
Bununla yanaşı, Böyük Vətən müharibəsi dövründə, 1943-cü ildə Qubada yenidən tarix-diyarşünaslıq muzeyinin təşkilinə başlanılmış və 1944-cü ildə muzeyin açılışı olmuşdur. Quba Tarix-Diyarşünaslıq Muzeyi həmin vaxtdan bərpa edilərək respublika Elmlər Akademiyasının baza müəssisəsi kimi yenidən fəaliyyət göstərmişdir. 1960-cı ildə isə respublika Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş, lazımi ştat vahidləri və vəsaitlə təmin olunmuşdur.
Muzey görkəmli alim, yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanovun bir vaxtlar yaşadığı mülkdə yerləşirdi. Muzey yenidən fəaliyyətə başladıqdan sonra bu müəssisəyə tanınmış yerli ziyalılardan Mürsəl Hacıyev, Aslan Quliyev, Nəzirə Əsgərova, Cəfər İbrahimov, İzzəddin Şıxverdiyev rəhbərlik etmiş, Əhməd Əfəndi Çələbizadənin başlamış olduğu xeyirxah işi davam etdirmişlər.
1997-ci ildən Quba Tarix-Diyarşünaslıq Muzeyinə Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Muzeylər Şurası (İSOM) Azərbaycan Milli Komitəsinin üzvü Məryəm Hacıyeva rəhbərlik edir.
Bəli, gözəl ziyalı, mədəni dəyərlərimizin cəfakeş toplayıcısı və qoruyucusu olmuş Əhməd Əfəndi Çələbizadənin Qubada əsasını qoyduğu muzey bu gün tariximiz və yaddaşımızla bağlı milli sərvətimizi bu məqsədlə tikilmiş yeni binada toplayır, qoruyur və təbliğ edir. Yəqin ki, Əhməd Əfəndi Çələbizadə Quba Tarix-Diyarşünaslıq Muzeyini elə bu cür görmək istəyirdi...
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 13.