“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü görüb

 

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan “Mədəniyyət.AZ” jurnalının 4-cü sayı çapdan çıxıb. Nəşrdə aprel ayının mötəbər mədəniyyət layihələrindən olan Qara Qarayev adına VI Müasir Musiqi Festivalı, “Bakı prosesi“ və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq təşkilatlarda təqdimatları, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı məqalələr yer alıb. Milli gülüşümüzün tacı Nəsibə Zeynalova, kino və televiziyada gördüyü işləri bir insan ömrünə sığmayan rejissor Tofiq İsmayılov, kinorejissor, aktyor, pedaqoq Rza Təhmasib, kinomuzun mogikanı Muxtar Maniyev, yüksək memarlıq üslubu ilə insanları valeh edən Mikayıl Hüseynov, “Fəryad” filmində yaratdığı obrazın möhürünü vuran Ceyhun Mirzəyev kimi sənətkarlarımızın həyat və yaradıcılığı ilə bağlı yazılarda Azərbaycan kino və teatr sənətinin korifeyləri xatırlanır.

Oxucular həmçinin maraqlı müsahibələr, məqalələr vasitəsilə təqvimdə yer tutan mühüm beynəlxalq və mədəni hadisələrlə tanış olacaqlar. “Dünya kitab və müəllif hüquqları günü”, “Beynəlxalq rəqs günü”, “Çanaqala-100: türkçülüyün zəfəri”, “Braziliyada Azərbaycan mədəniyyəti həftəsi”, “Maya Plisetskayadan bir dənədir” məqalələri də bu silsilədəndir.

Jurnalda Mədəniyyət və Turizm Nazirliyinin ay ərzində həyata keçirdiyi biri-birindən maraqlı, zəngin layihələr, görüşlər də təqdim edilib. Həmişə olduğu kimi, bu dəfə də elm adamları unudulmayıb. Bu rubrikaya görkəmli oftalmoloq Zərifə xanım Əliyeva ilə başlanıb. Onun milləti üçün gördüyü xeyirxah əməllərdən söz açılıb.

Yaşı sakinləri kimi kiçik olan, amma tez bir zamanda, saatbasaat böyüyən “Kukla” art-qalereyasının yaradıcısı Lalə Kazımova və qalereyanın qonağı, ABŞ-da yaşayan tanınmış gürcü heykəltəraşı və rəssamı Tamara Kvesitadze ilə müsahibələrlə də tanış ola bilərsiniz.

Əziz oxucularımız, aprel ayının 104 səhifəlik buraxılışı obyektiv səbəblər üzündən görüşünüzə geciksə də, bəyənəcəyinizə ümid edirik. Yeni təklif və layihələrinizi gözləyirik!

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 11.