Avropa Oyunları
məşəlinin paytaxt turu başa çatdı
I Avropa Oyunlarının məşəlinin iyunun 7-də başlanan Bakı turu iyunun 9-10-da paytaxtın tarixi məkanlarını, şəhərin yeni simvolları olan tikililəri, mədəniyyət ocaqlarını əhatə edib. “Alov qüllələri” kompleksinin zirvəsindən endirilən məşəl daha sonra UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə aparılıb.
Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, oradan Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirilib. Asəf Zeynallı küçəsi ilə hərəkətə davam edən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidindən, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.
Məşəlin estafeti zamanı birinci Avropa Oyunlarının rəmzləri - Ceyran və Nar tədbirə bayram əhval-ruhiyyəsi qatıblar.
İyunun 10-da səhər saatlarında məşəl Milli İncəsənət Muzeyinə aparılıb. Məşəli Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov daşıyıb.
Sonra Heydər Əliyev Mərkəzinə gətirilib. Məşəli daşıyan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov təəssüratını belə ifadə edib: “87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram”.
Gün ərzində məşəl AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına və YARAT Müasir İncəsənət Mərkəzinə aparılıb.
Aprelin 27-dən Azərbaycanın 60 rayonunu gəzib-dolaşan
məşəl son dörd gündə Bakının idman
arenalarında, tarixi və mədəniyyət obyektlərində
olub. Bu gün məşəl Milli Olimpiya Stadionuna
aparılacaq və Avropa Oyunları şöləni
başlayacaq.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 9.