Muzeydə idman
oyunlarımızın tarixi nümayiş olunur
Avropa Oyunları ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin idman oyunlarının tarixi ilə bağlı ekspozisiya bölməsi təkmilləşdirilib. Muzeydən bildiriblər ki, Azərbaycanda idmanı əks etdirən eksponatlar muzeyi ziyarət edən əcnəbi qonaqların böyük marağına səbəb olur. Burada XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çövkən oyunu miniatürü, pəhləvan şalvarı və zorxana idman alətləri nümayiş olunur.
Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərindəki rəsm bu oyunun hələ IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.
Arxeoloji qazıntılar zamanı
tapılmış maddi mədəniyyət və qədim
yazılı abidələrə, təsviri sənət əsərlərinə,
ədəbi-tarixi mənbələrə, folklor, eləcə
də orta əsr bədii yaradıcılıq nümunələrinə
istinadla demək olar ki, qədim Azərbaycanda güləş,
oxatma, qılıncoynatma, nizəatma, atçapma,
çövkən, sürpapaq, baharbənd, daşqaldırma,
miloynatma, şahmat və s. idman oyunları geniş
yayılıb.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 8.