Milanda Qarabağ
həqiqətləri
“Könlüm keçir Qarabağdan” adlı tədbirdə musiqi beşiyimizin zəngin sənət dünyasından söz açılıb
Muğamlarımızın
ustad ifaçısı Xan Şuşinskinin adını
daşıyan fond Azərbaycan musiqisinin təbliği istiqamətində
ölkəmizdə və xaricdə bir sıra maraqlı layihələrə
imza atıb. Mayın 23-də Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi və Xan
Şuşinski fondunun təşkilatçılığı
ilə İtaliyanın Milan şəhərində
keçirilən “Könlüm keçir Qarabağdan” adlı
tədbir də bu qəbildən idi.
Layihə mədəniyyətimizin, musiqi sənətimizin beşiyi olan Qarabağın zəngin irsinin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına daha bir töhfə oldu.
Fondun rəhbəri, sənətkarın qızı Bəyimxanım Cavanşirova-Verdiyeva tədbir barədə təəssüratlarını bizimlə bölüşdü: “Azərbaycan dövləti, ayrı-ayrı ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız vətənimizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görürlər. Təbii ki, bizim fondumuz da bu kimi tədbirlərdən kənarda qala bilməzdi. Bizə dəstək olduqlarına görə Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Sevinirəm ki, fond olaraq ideyalarımızın gerçəkləşdirilməsi üçün daim dövlətimiz, onun qurumlarının dəstəyini alırıq. Dünyanın hansı yerində, hansı auditoriyada olmamızdan asılı olmayaraq, Azərbaycanın musiqisi, milli mətbəxi, sənət nümunələri barədə həqiqətləri təbliğ etməliyik. Bu görüş də o məqsədə xidmət edən addımlarımızdan biri idi”.
Milan şəhərindəki mərasimin yüksək səviyyədə keçdiyini deyən həmsöhbətim tədbirdəki çıxışında Azərbaycan həqiqətlərini italiyalı tamaşaçıların diqqətinə çatdırmağa çalışdığını bildirdi: “Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağın qədim və zəngin tarixindən söz açdım. Bir zamanlar Azərbaycanın əsrarəngiz Şuşa şəhərinin Qafqazın konservatoriyası adlandırıldığını, bu şəhərin dünyaya dahi şəxslər bəxş etdiyini bildirdim. Torpaqlarımızın 20 faizdən çox hissəsinin ermənilər tərəfindən işğal edilməsindən, bir milyondan artıq vətəndaşımızın öz ata-baba yurdlarından köçkün düşmələrindən, tarixi abidələrimizin talan edilməsindən, hətta milli musiqimizin, musiqi alətlərimizin, rəqslərimizin, mətbəx nümunələrimizin, xalçalarımızın ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsindən söhbət açdım. Azərbaycanın dünyəvi, iqtisadi cəhətdən güclü, tolerant, demokratik, sülhsevər, qüdrətli orduya malik bir dövlət olduğunu diqqətə çatdırdım. Onu da vurğuladım ki, ermənilər tarixi torpaqlarımızı işğal edərək abidələrimizi talan etdikləri halda, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır”.
Həmsöhbətim rəhbəri olduğu fondun məqsəd və məramı haqqında da tədbir iştirakçılarına məlumat verib: “Görkəmli xanəndə Xan Şuşinski, onun sənəti, şəcərəsi barədə də məlumat verdim. Bildirdim ki, elə mən də bir vaxtlar Qarabağ xanlığının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin nümayəndəsiyəm. Atam Pənahəli xan Cavanşirin kötücəsidir. Daha sonra Azərbaycanın milli musiqi alətlərindən, muğam nümunələrindən söz açdım. Ermənilərin heç bir vəchlə onu mənimsəyə bilməyəcəklərini dedim. Fikirlərimin sonunda qeyd etdim ki, qoy ermənilər də “Qarabağ şikəstəsi” kimi tarixi uzaq keçmişə bağlı və Qarabağı özündə əks etdirən bir sənət, musiqi nümunəsi göstərsinlər”.
Tədbirin bədii hissəsində Qarabağın məşhur sənətkarları tərəfindən bəstələnmiş, artıq əsrlərdir dildən-dilə dolaşan mahnılar səsləndirilib. Müsahibim ifaları təqdim edən xanəndələr barəsində də qonaqlara geniş məlumat verdiyini bildirdi: “Onlar xanəndələrin yanğılı ifalarını heyranlıqla dinlədilər. Məhz o səslərin də Qarabağda, muğam beşiyimizdə yetişdiyini qonaqların diqqətinə çatdırdım”.
Tamaşaçılar istedadlı xanəndələr Sevinc Sarıyeva və Ehtiram Hüseynovun ifasında “Qarabağ şikəstəsi”ni, “Şuşanın dağları” kimi əsərləri, eləcə də ermənilərin mənimsəməyə çalışdıqları “Uzundərə” rəqsini alqışlarla qarşılayıblar. Müğənniləri tarda Xalq artisti Fikrət Verdiyev və kamançada Əməkdar artist Elşən Mənsurov müşayiət ediblər.
İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbəri Mais Nuriyevin quruluşunda italyan rəqqasə qızların ifasında Xocalı soyqırımını özündə əks etdirən kompozisiya Ehtiram Hüseynovun ifasında “Sarı gəlin” mahnısının sədaları altında son dərəcə təsirli alınıb. Sonda tədbirdə iştirak edən qonaqlara Qarabağla bağlı kitab və broşürlər paylanılıb.
Səfəri əlamətdar edən daha bir məqam isə musiqiçilərimizin diploma layiq görülməsi olub. Cüzeppe Verdi adına Milan Konservatoriyasında ustad dərsi verən musiqiçi və xanəndələrimiz təhsil ocağının diplomu ilə təltif olunublar.
Qarabağ həqiqətlərinin Milan təntənəsi İtaliyanın aparıcı qəzet və jurnallarında, elektron resurslarında geniş işıqlandırılıb.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 6.