“İlahi oyun”un
Kazan zəfəri
Xəbər
verdiyimiz kimi, Akademik Milli Dram Teatrı 1-5 iyun tarixində
Tatarıstanın Kazan şəhərində
keçirilmiş XII Novruz Beynəlxalq Teatr Festivalında
iştirak edib.
Qazaxıstan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstan teatrlarının da qatıldığı festivalda kollektiv "Kitabi-Dədə Qorqud" eposunun “Disrə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış "İlahi oyun" tamaşasını nümayiş etdirib.
Rejissor Mikayıl Mikayılovun quruluş verdiyi tamaşa iyunun 4-də K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunub və böyük rəğbətlə qarşılanıb. Milli Dram Teatrının kollektivi festivalın diplomu və TÜRKSOY-un təsis etdiyi “Türk dünyasının ulu atası Qorqud” medalı ilə təltif olunub.
Teatrın direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov səfər təəssüratlarını bizimlə bölüşdü: “Bildiyiniz kimi, “İlahi oyun” tamaşası mühüm bir beynəlxalq layihənin tərkib hissəsi kimi hazırlanıb. 2011-ci ildə yaradılan Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurası qardaş xalqların teatrları arasında əlaqələrin inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirir. Bu layihələrdən biri türkdilli ölkələrin teatrlarında ümumtürk mənəvi abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının boyları əsasında tamaşaların hazırlanmasıdır. Layihə artıq üçüncü ildir ki, davam edir, maraqlı tamaşalar hazırlanıb. Ötən il Konyada keçirilən “Min nəfəs bir səs” teatr festivalında bu tamaşaların bir qismi nümayiş olundu. “İlahi oyun” da həmin festivalda uğur qazanmışdı. XII Novruz Beynəlxalq Teatr Festivalında “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanan üç səhnə əsəri - Qazaxıstan Dövlət Akademik Dram Teatrının “Qorqud sehri”, Tatar Dövlət Gənc Tamaşaçılar Teatrının “Ayraz Batır” (“Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”) və bizim teatr “İlahi oyun” tamaşaları ilə iştirak edirdi. Mütəxəssislərin yekdil rəyinə görə, bizim tamaşamız yanaşma tərzinə, mövzu aktuallığına, bədii-estetik səviyyəsinə görə daha üstün idi. Tamaşadan sonra təşkil olunan mətbuat konfransında, müzakirələrdə də bu barədə xoş sözlər eşitdik. Sevinirik ki, Azərbaycan teatrı dünya teatr məkanına qədəm qoyub və qatıldığımız müxtəlif festivallarda açıq-aşkar hiss olunur”.
Həmsöhbətim festival çərçivəsində baş tutan digər tədbirlər barədə də məlumat verdi: “Festival çərçivəsində bu il TURKSOY tərəfindən xatirə ili qeyd olunan türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş teatr əsərləri müsabiqəsi ilə bağlı görüş keçirildi. Müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsi qismində görüşdə iştirak etdim. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Dövlət Teatrları, Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un birgə təşkil etdiyi müsabiqədə bütün türkdilli xalqların dramaturqları iştirak edəcək və qalib olan əsərlər quruma üzv ölkəlilərin teatrlarında səhnələşdirilmək üçün tövsiyə olunacaq”.
Festivalın sonuncu günündə “Şərq-Qərb: teatrın inkişaf vektoru” adlı elmi-praktiki konfrans keçirilib. İ.İsrafilov tədbirdə çağdaş teatrla bağlı maraqlı məsələlərin müzakirə olunduğunu bildirdi: “Almaniya, Qazaxıstan, Türkiyə, İran, İsveç və Rusiyadan olan teatr mütəxəssislərinin dünya teatrının müasir inkişaf tendensiyalarına həsr olunmuş məruzə və çıxışları böyük maraq doğurdu, fikir mübadiləsi apardıq. Ümumiyyətlə, festivalda iştirakımız teatr sənətimizin təbliği, eləcə də yeni əlaqələrin qurulması baxımından son dərəcə səmərəli oldu. Bir neçə teatr kollektivi ilə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə olundu”.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 5.