Azərbaycan ilk dəfə beynəlxalq assosiasiya görüşləri reytinqində

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməli və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu www.iccaworld.com internet saytına istinadən xəbər verir ki, ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və görüşlər assosiasiyasının iclaslarının keçirilməsi üzrə hazırlanan reytinqdə 79-cu yeri tutub.

Keçən ilin müvafiq göstəriciləri üzrə tərtib olunan reytinqdə 100 ölkə arasında, ölkəmizin birinci dəfədən belə bir yüksək qiymət alması böyük bir uğur kimi dəyərləndirilir. Azərbaycan reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi region ölkələrini geridə qoyub. Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir. Şəhərlər üzrə reytinqdə Xəzərin incisi, ölkəmizin heyrətamiz paytaxt şəhəri olan Bakı Kann, Luzern, Verona, Tiflis, Tel-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 3.

.