“Bakı-2015”
idman tarixində silinməz iz qoyacaq
“Azərbaycan ilk Avropa Oyunları ilə öz adını qitənin idman xəritəsinə yazacaq”
“Oyunlara ev sahibliyi edən ölkə ona öz mədəniyyətindən də çalarlar qatır. Bu da yarışları daha özünəməxsus edir”
Azərbaycanın
ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm
hadisədir. Ölkədə mövcud olan və yaradılan
idman infrastrukturu yarışların yüksək səviyyədə
keçirilməsinə imkan verir. Birinci Avropa Oyunları
özündən sonrakı oyunların keçirilməsi
üçün mühüm nümunə olacaq.
Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Patrik Hikki Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında çox qısa zaman ərzində görülən yüksək səviyyəli işləri xüsusi qiymətləndirib. Bildirib ki, Oyunların təşkilinə çoxlu sayda könüllü, habelə London Olimpiadasından peşəkar əməkdaşlar cəlb edilib və bu, Azərbaycanın irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.
Avropa Olimpiya Komitəsinin prezidenti atletlərin yüksək səviyyədə qarşılanmasına görə təşəkkürünü bildirib: “Azərbaycanda onların rahatlığı üçün kifayət qədər çalışıblar. Bu yarışlarda 150 Olimpiya mükafatçısının iştirakı Oyunların çox yüksək səviyyədə keçəcəyindən xəbər verir. Biz işə təcrübə kimi başlamışdıq. Oyunlarda 6 min atletin 20 idman növündə mübarizəyə qatılması inanılmaz göstəricidir”.
Avropanın bir çox şəhərlərinin belə yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu vurğulayan P.Hikki qeyd edib ki, hər bir şəhərin infrastrukturu fərqlidir. Oyunlara ev sahibliyi edən hər bir ölkə, əlbəttə, ona öz mədəniyyət, incəsənətindən bəzi çalarlar qatır. Bu da yarışları daha çox özünəməxsus edir.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan hökumətinə, birinci xanım Mehriban Əliyevaya təşkilatçılığa görə minnətdarlığını bildirib. O, möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktoru Saymon Kleqqin yüksək əzmlə çalışdığını qeyd edib.
Bildirib ki, atletlər onlar üçün yaradılan şəraitdən çox razıdırlar. Oyunlara hazırlaşmaq o qədər də asan deyildi. Bununla belə, bir çox yeniliklər tətbiq olunub. Proqrama karate, basketbol, boks, sambo kimi populyar idman növləri daxil edilib.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə
Komissiyasının sədri məlumat verib ki,
açılış mərasimi üçün biletlərin
hamısı satılıb. “İ-zona”larda atletlərlə
müsahibə imkanı yaradılıb.
Tamaşaçılar və idman azarkeşləri mükəmməl
arenalarda maraqlı idman yarışlarının şahidi
olacaqlar. “Azərbaycan ilk Avropa Oyunları ilə öz
adını qitənin idman xəritəsinə yazacaq. Yüksək
təşkilatçılıq bir daha göstərdi ki, Azərbaycan
bundan daha böyük yarışlara ev sahibliyi etməyə
qadirdir” - deyə S.Kapralos bildirib.
Mədəniyyət.- 2015.- 12 iyun.-
S. 2.