Yaddaşlardan
silinməyəcək möhtəşəm gecə
“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi ecazkar görüntüləri ilə tarixə yazıldı
İyunun 12-də
Azərbaycan paytaxtı tarixinin ən möhtəşəm
gününü, I Avropa Oyunlarının
açılışının həyəcan və sevincini
yaşadı. Bakıda I Avropa Oyunlarının
açılış mərasimi keçirildi. Bakı Olimpiya
Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə
də dünyada yüz milyonlarla televiziya
tamaşaçısı illərlə yaddaşlardan silinməyəcək
ecazkar bir mərasimə şahidlik etdilər.
Bakı Olimpiya Stadionunda dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou illərlə yaddaşlardan silinməyəcək. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Səhnənin quraşdırılması üç aya başa gəlmişdi. 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi şöhrət qazanan Dimitris Papaioannounun bədii rəhbər olduğu mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu.
Beləliklə, səbirsizliklə gözlənilən, həyəcan dolu an gəlib çatdı. Tamaşaçıların sürəkli alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın avazı pozdu. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 24 ilin təcəssümü idi.
Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxırdı. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.
Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı. Şeypurçular Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirdilər. Diqqət VİP-lojalara yönəldi və salamlama başladı. Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə, Rusiya, Belarus, Serbiya, Türkmənistan, Tacikistan, Monteneqro prezidentləri, Bosniya və Herseqovina, Monako, Lüksemburqun dövlət rəhbərləri, Gürcüstan, Qazaxıstan, Rumıniya, Bolqarıstan baş nazirləri, Beynəlxalq Olimpiya Komitəsinin və Milli Olimpiya Komitələri Assosiasiyasının prezidentləri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmiləri, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.
* * *
Simfonik orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirildi. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi. Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazıldı. Son məşəlçi - iki dəfə Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayırdı. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünürdü. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırırdı.
Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürdü və onun yerində çökək yarandı. İlham Zəkiyev tərəfindən ora yaxınlaşdırılan məşəl söndü, çökək doldu. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladırdı.
Stadionun ortasından qaya parçası götürüldü və birinci məşəl gələcəkdə görüləcək işlərə işıq salmaq üçün torpağa basdırıldı.
Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, ruh və ya holoqram kimi onu bürüdü, cana gətirib oyatdı. Bu, dahi Azərbaycan şairi Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına apardı. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəldi. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanırdı. Havadan asılmış iri tərəzinin gümüşü rəngli gözündə qadın (Ay), qızılı rəngli gözündə isə kişi (Günəş) rəqs edirdi. Nizaminin qəhrəmanları Leyli və Məcnunun rəmzləri olan kişi və qadın dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər.
Səhnə ətrafındakı halqada üç yüzədək ifaçı göründü. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolurdu. Halqa fırlandıqca adamlar sanki miniatür rəsmlərdə təsvir olunan obrazları canlandırırdılar. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü.
Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxdı. Nizami ağacdan bir nar dərdi. Qəfildən hər şey dondu.
Nizaminin ətrafındakı miniatürlər dünyası torpağa bataraq yoxa çıxdı, tərəzi uzaqlaşdı və ifaçılar səhnəni tərk etdilər.
Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri - qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı.
* * *
Sonra komandaların paradı başladı. Mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunurdu. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları meydana daxil oldular. Ardınca 48 ölkənin komandaları əlifba sırası ilə meydana gəldilər. İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunurdu. Üçrəngli bayrağımızı cüdo üzrə Avropa çempionu Elmar Qasımov aparırdı. İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayrağın yerləşdirildiyi platformaya aparan pillələrdə toplaşaraq tribunalarda yerlərini tutdular.
Daha sonra bayraqların rəqsi başladı. Aaron Koplendin “Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçının ifasında zərb alətlərinin sədası altında davam etdi.
Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri oldu. O, piano arxasında əyləşərək “Imagine” (“Xəyal et”) mahnısını ifa etdi. Müğənninin ifası hərarətlə qarşılandı.
Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirildi. Bayrağı meydana Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kristina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirdilər. Uilyam Uoltonun “İmperiya tacı” marşı səsləndi. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı.
* * *
Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada çalışmış alimlərin videogörüntüsü, həmçinin ixtiraları yayımlandı. Onların arasında məşhur bakılı fizik, Nobel mükafatı laureatı Lev Landau da vardı. Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdur ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidir. Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən artıq fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır. Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması böyük adron sürətləndiricisi effektini yaratdı.
Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Uçub-keçən ulduzlar Bakı səmasında parlayır. Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfə idi ki, bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilirdi.
Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi şahzadənin şərəfinə adlandırılıb və onun buğanın belindəki təsviri qitənin rəmzidir.
Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səsləndi. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə etdi.
* * *
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə gəldilər.
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək mərasim iştirakçılarını salamladı: “Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir.
Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir. Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir.
Bu il biz Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır.
İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sayəsində vaxtın məhdud olduğunu dəf edərək, bu Oyunları cəmi iki il yarım ərzində hazırladıq. Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm.
Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk iştirakçısınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək üçün bir araya gəlib. Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq. Bu axşam mən xalqımızdan, əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram. Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!”
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi: “Bu, Avropa Olimpiya Komitəsinin tarixində ən fərəhləndirici məqamdır. Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq.
Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik.
Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq”. Patrik Hikki Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan xalqına Avropa Olimpiya ailəsi adından təşəkkür etdi: “İdman müsbət dəyişikliklər üçün nadir qüvvədir. “Bakı-2015” uzun yolun ən vacib nöqtəsidir və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz”.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi. Stadionun ətrafında atəşfəşanlıq başlandı.
* * *
Sonra stadionun işıqları söndürüldü. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidildi. Bu, mərasimin əvvəlində dinlədiyimiz Xalq artisti Alim Qasımovun səsi idi. Bu dəfə o, uçan xalça üzərində oxuyurdu.
Çat-çat olmuş torpaq üzərində bir qadın dolaşırdı. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni vardı. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərirdi. Xəfif meh qadının uzun, şəffaf duvağını yellədirdi. O, səhnənin ortasına çatdıqda qabı birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoydu. Yerdən su çıxmağa başladı, qadının qarşısında nəhəng su hövzəsi - Xəzər dənizinin rəmzi canlandı. O, suda ahəstə addımladı, sonra çevrilib arxasında yaranmış mənzərəyə baxdı.
Bu vaxt yerdən üst-başı toz-torpağa, palçığa batmış 100 kişi çıxdı. Onlar 50 nağaraçının səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa etdilər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başladı. Yerdən iri qaya parçaları çıxdı və birləşərək nəhəng dağa çevrildi. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar göründü. Bunlar Qobustanın qədim qayaüstü təsvirləri idi.
Torpağın yarığından çıxan kişi dağın zirvəsində göründü. Stadiona çökmüş sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları pozdu. Kişi ayağı altında yanan daşı götürdü. Bu səhnələr Fikrət Əmirovun “Min bir gecə” baletinin uvertürası ilə müşayiət olunurdu. Kişi qarşıda - Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedirdi. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucaldı. Dağ yavaş-yavaş yerə endi və yerə batıb yoxa çıxdı. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladırdı. Kişi yolda daşı daha iki dəfə yerə qoydu. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrildi. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyirdi. Petroqlif get-gedə daha dolğun insan forması aldı.
Kişi yaratdığı alov mənzərəsinə baxdı. Qadın ona yetişmək üçün sulardan üzüb keçdi. Yanan daşı qaldırdı, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub yox oldu. Kişi və qadın yanan daşı əllərində birlikdə tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başladılar. Onlar dayaz sulara atıldılar və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tulladılar. Yanan daş lövhənin ortasına dəyib, onu parçaladı. Lövhə alışaraq alov dairəsinə çevrildi. Bu, ilk Avropa Oyunlarının məşəli idi.
Beləliklə, ən həyəcanlı an gəlib yetişdi və birinci Avropa Oyunlarının məşəli alovlandı.
Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni - tam Günəş tutulmasını xatırladırdı. Birlik və sülh rəmzi olan ilk Avropa Oyunlarının məşəli stadiondan səmaya ucaldı.
Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə apardı, qarşıda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlandı və atəşfəşanlıq başladı.
Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzədi və möhtəşəm bayram mənzərəsi yaratdı. Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.
Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzüldülər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynadılar. Nar dənəsi rəngində 20 min şar tamaşaçıların üzərinə səpələndi. Bu “nar dənələri” sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.
Birinci Avropa Oyunlarının möhtəşəm
açılış mərasimi başa çatdı. Azərbaycan
orijinallığı ilə diqqəti cəlb edən,
tamaşaçıları vəcdə gətirən bir mərasimlə
Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq
səhifəsini yazdı.
Mədəniyyət.- 2015.- 17 iyun.-
S. 8-9.