Avropa Oyunları ölkəmizin təbliğatı üçün böyük fürsətdir

 

Media kəndindəki Mədəniyyət və Turizm Mərkəzindən zəngin təəssüratla

 

Bakıda keçirilən I Avropa Oyunlarının Media kəndində Mədəniyyət və Turizm Mərkəzi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan mərkəzin əsas işi xarici KİV nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, paytaxt Bakı ilə yanaşı, bölgələrdə inkişaf etmiş turizm infrastrukturu haqqında məlumatlar verməkdir.

 

Media ən gözəl təbliğat vasitəsidir. Ölkəmiz haqqında əcnəbi vətəndaşlarda daha dolğun təsəvvür yaratmaq üçün bundan əlverişli fürsət olmaz deyib mərkəzlə yaxından tanış olmaq üçün Media kəndinə yollandıq.

Öncə onu qeyd edək ki, Oyunların Atletlər kəndində də belə bir mərkəz yaradılıb. Hər iki mərkəzdə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri qonaqlara müxtəlif xarici dillərdə bu məkanlar haqqında zəruri məlumat verirlər.

Media kəndindəki mərkəzdə ilk baxışdan Bakının gecə görüntüsü, «Şahdağ» Turizm Mərkəzi və Alov qüllələrinin böyük şəkilləri diqqəti cəlb edir.

 

Ziyarətçilərə 18 adda buklet-broşür təqdim olunur

 

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, mayın 29-da açılan Media kəndindəki mərkəzə 20 kvadratmetrlik sahə ayrılıb. Bura səhər saat 8.00-dan 11.00-a qədər, axşam saat 18.00-dan gecə 22.00-dək qonaqlara xidmət göstərir. Mərkəzdə Azərbaycan, rus və ingilis dillərində 18 adda buklet və broşürlər sərgilənir. Bundan əlavə, Bakı şəhəri, Azərbaycanın regionları, ölkəmizdə ən çox inkişaf etmiş turizm növləri, muzeylərimiz, teatrların gündəlik repertuarı, konsert müəssisələrinin proqramları və s. haqqında məlumatlar çatdırılır.

Qonaqların daha çox əldə etmək istədiyi nəşr isə «Mədəniyyət» qəzetinin əlavəsi olan «Baku Guide» bələdçi kataloqudur. Nazirlik rəsmisi deyir ki, onlar üç dildə hazırlanan bu nəşrdən bütün zəruri məlumatları əldə edə bilirlər. Əcnəbilər həmçinin Bakının turizm xəritəsinə də böyük maraq göstərirlər. Onu da qeyd edək ki, bütün reklam-çap məhsulları pulsuz təqdim olunur. Hər gün təkcə Media kəndindəki mərkəzə 100-ə yaxın xarici turist yaxınlaşır.

Mərkəzdə turizm təbliğatının əyani şəkildə aparılması üçün promo video çarxların yayımlandığı monitorlar da quraşdırılıb. Monitorlarda Azərbaycan xalq musiqiləri, muğamlarımız gün ərzində fasiləsiz olaraq səsləndirilir. C.Qarayevin sözlərinə görə, bir çox hallarda xaricilər monitorların qarşısında dəqiqələrlə dayanıb muğama qulaq asır, sonra isə onun haqqında məlumat almaq istəyirlər.

 

Qonaqlar daha çox İçərişəhərlə maraqlanırlar

 

Hər iki mərkəzdə «City Sightseeing Baku»nun təşkilatçılığı ilə həyata keçirilən şəhər turu haqqında da məlumat verilir. Həmsöhbətim bildirdi ki, ikimərtəbəli avtobuslar vasitəsilə reallaşdırılan turun 18 dayanacağı var. Turdan istifadə etmək istəyən qonaqlar müxtəlif nəqliyyat vasitələri ilə avtobuslara çatdırılır. Biletlər 2 gün etibarlıdır. Bundan başqa, bilet alan turist 18 dayanacağın hər birində istədiyi yerdə düşüb gəzə, sonra da ya həmin dayanacaqdan, ya da digər dayanacaqlardan birindən avtobuslara minib gəzintisini davam etdirə bilər.

Mərkəzdə həmçinin xarici ziyarətçilər 6 dildə təqdim edilən Azərbaycan turizm portalını - www.azerbaijan.travel saytını touch-screen vasitəsilə həm seyr edə, həm də məlumatları istədikləri dildə eşidə bilərlər. Buradan Azərbaycanın milli mətbəxi, regionlardakı mövcud istirahət məkanları, gəzməli-görməli yerlər və s. haqqında informasiya əldə etmək mümkündür. Qonaqları daha çox maraqlandıran yerlərə gəldikdə, onlar İçərişəhər, Bakıdakı alış-veriş və əyləncə mərkəzləri, gəzməli-görməli məkanlar haqqında soruşurlar.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xarici turist qrupları üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna, digər tarixi-mədəni məkanlara turlar da təşkil edilir. Qobustana tur zamanı qonaqlar burada yaradılan muzeylə yaxından tanış olublar, qayaüstü rəsmlər, bu məkanın tarixi haqqında məlumatlar alıblar.

 

«Səlam» və yaxud azərbaycanca danışmaq istəyi...

 

Mərkəzdə olarkən ora yaxınlaşıb məlumat istəyən turistlərin bir neçəsi ilə həmsöhbət olduq. Əcnəbilərin mərkəzə yaxınlaşarkən ilk dedikləri söz «səlam» idi. Onlar bunu gülərək söyləyirdilər və çalışırdılar ki, Azərbaycan dilində hansısa bir söz işlətsinlər. Bu səbəbdən də müşahidələrimizə əsasən deyə bilərik ki, turistlərə daha çox lazım olan vəsaitlərdən biri də Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində danışıq kitablarıdır.

Polşalı jurnalist Natalya Roslik Qobustan turunda iştirak edib. Onun Mədəniyyət və Turizm Mərkəzinə yazdığı təşəkkür məktubundan: «Sizə belə bir tur təşkil etdiyinizə görə təşəkkür edirəm. Çox maraqlı bir tur idi. Bununla mən Azərbaycanın necə zəngin və qədim bir tarixə malik olduğunu öyrəndim. Etiraf edim ki, Azərbaycan haqqında ümumiyyətlə məlumatsız idim. Tur zamanı əldə etdiyim məlumatlar əsasında ölkəniz haqqında geniş təsəvvürlərim oldu. Bakıda olduğum müddətdə belə turlarda böyük məmnuniyyətlə iştirak edəcəyəm».

Dainis Caune Latviyadan gəlib. Uzun müddətdir jurnalist fəaliyyəti ilə məşğul olur. Dediyinə görə, Azərbaycana ilk dəfədir səfər edir. Bakının gözəlliklərindən ağızdolusu danışır. Ən böyük arzusu isə İçərişəhərə getməkdir. Ona görə də mərkəzdən İçərişəhər haqqında məlumat alır, ora getmək üçün marşrutlarla maraqlanır.

Diqqətimizi daha iki jurnalist cəlb edir. Bunlar norveçli Anna Nordli və finlandiyalı Marja Raisanendir. Demək olar ki, stolun üzərindəki bütün reklam-çap məhsullarından götürürlər. Çünki dediklərinə görə, burda olduqları müddətdə mümkün qədər çox gəzməyi planlaşdırıblar.

Anna Nordli: «Jurnalist olduğuma görə bir çox böyük tədbirlərdə iştirak etmək fürsətim olub. Amma etiraf edim ki, bu qədər yüksək təşkilatçılıq heç bir yerdə görməmişəm. Azərbaycan kimi belə gözəl ölkədə olmağımdan çox məmnunam. Hələ Bakını o qədər gəzmək imkanım olmayıb. Bundan heç də narahat deyiləm. Çünki önümüzdə bunun üçün uzun bir müddət var. Bir çox məkanlara getməyi nəzərdə tuturam. Xüsusilə İçərişəhərdə olmağı çox arzulayıram».

Marja Raisanen: «Azərbaycana ilk dəfədir gəlirəm. Bir neçə gündür burdayam. Bizə göstərilən qonaqpərvərlikdən çox razıyam. Təsəvvür eləməzdim ki, yer üzərində bu qədər mehriban bir xalq yaşayırmış. Bakı bir Avropa şəhəridir. Deyilənə görə, burada çox maraqlı yerlər var, amma hələ getməmişəm. Çalışıram özüm şəhəri müstəqil olaraq gəzim. Bunun üçün də bu məlumat kitablarını əldə etmək istəyirdim. Yoldaşlarım mənə burada belə bir mərkəzin olduğunu demişdilər».

 

Atletlər kəndində rəngarəng sərgilər təşkil olunur

 

Həmsöhbətim Cəfər Qarayev Atletlər kəndindəki Mədəniyyət və Turizm Mərkəzi haqqında da məlumat verir. İyunun 8-dən fəaliyyət göstərən mərkəzin ekspozisiya sahəsi bir qədər böyükdür. Mərkəzdə Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə «Azərbaycan el sənəti» adlı sərgi də təşkil olunub. Sərgidə xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada xalça toxumaq üçün hana da quraşdırılıb. Xalça ustaları xalçaların toxunmasını canlı nümayiş etdirirlər ki, bu da qonaqlarda böyük maraq yaradır. Hətta xaricilər bir çox hallarda onlarla birlikdə xalça da toxuyurlar.

Bundan başqa, sərgidə Azərbaycanın milli geyimləri nümayiş etdirilir, monitorlarda ölkəmizin tarixindən, mədəniyyətindən, milli musiqilərimizdən, mətbəxindən, turizm imkanlarından bəhs edən videoçarxlar daimi olaraq səsləndirilir.

 

Və sonda...

 

Mənə verilən vəsiqə ilə Atletlər kəndinə girişə icazə yox idi. Amma Media kəndi ilə qonşu olduğuna görə bəzi məqamları müşahidə etmək imkanım oldu. Sanki bura şəhər içində ayrıca bir şəhərdir. Bu şəhərin öz əyləncəsi, dünyanın müxtəlif ölkələrini təmsil edən sakinlərinin (idmançıların) öz işi vardı. Şəhər çox sakitdi, eyni zamanda elə bil qaynayırdı. Bir tərəfdə komandalar məşq edirdi, digər tərəfdə kimlərsə bir-biri ilə tanış olurdu. Ən maraqlısı da o idi ki, dünyanın 50 ölkəsini təmsil edən bu insanlar o qədər mehriban idilər ki, sanki illər öncədən tanışdılar.

Media kəndini tərk edib «Koroğlu» metrosuna yaxınlaşanda mənə elə gəldi ki, gözəl bir yuxudan ayıldım...

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 7.