Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş elmi konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi” mövzusunda elmi konfrans keçirilib.

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söz açıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin görkəmli şairin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamı B.Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsidir. Vurğulanıb ki, Azərbaycanda milli mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan Xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub.

Sonra alimlərin “Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi”, “İstiqlal şairi Bəxtiyar Vahabzadə”, “Bəxtiyar Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi”, “Bəxtiyar Vahabzadə pyeslərinin səhnə təcəssümü” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2015.- 17 iyun.- S. 2.