“Rəsm əsəri
ancaq çərçivəyə aiddir”
“Sənət bütün insanlar üçün
anlaşılan ola bilməz. Kim anlamırsa,
o, sənətin suçu
deyil”
Eldar Qurban Azərbaycanın çağdaş
avanqard rəssamlığının
tanınmış nümayəndələrindən
biridir. 1948-ci
ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət
Rəssamlıq Məktəbini
və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. 1973-cü ildən
sərgilərdə iştirak
edir. Əsərləri şəxsi kolleksiyalarda
saxlanılır. Ölkəmizdə və xaricdə sərgiləri keçirilib.
Həmsöhbətimdən əvvəlcə təsviri
sənətdəki üslubu
barədə məlumat
verməsini xahiş etdim.
- Mən avanqard üslubda işləyirəm.
Predmetləri elə çəkirəm
ki, sanki deformasiya olunub, gerçəklikdə olduğu
kimi deyil. Gənc çağlarımda abstraksiyaya
meyl edirdim. İndi mənim öz yolum var. İşlərim
haqqında deyirlər
ki, mən hadisələri mifləşdirirəm.
- Nədən əsərlərinizdə
gerçəklik təhrif
edilmiş biçimdədir?
- Akademik realizmin öz qanunları var. Hər bir rəssam
ilk olaraq bunu öyrənir. Avanqard rəssamlar həmişə
akademik çərçivədən
qırağa çıxırlar.
Bizdə avanqardizmin çox tanınmış
nümayəndələri olub:
Cavad Mircavadov, Rasim Babayev, Tofiq Cavadov, Əşrəf Muradov. Rəssamlıq əslində öz
dünyanı yaratmaqdır.
Yaradıcı insanlar olmasa,
həyat inkişaf etməz.
Rəssamlıq ekspressionizmdən başlayıb. Akademizm çox
sonralar inkişaf nəticəsində yaranıb.
Sənət müxtəlifliyi sevir. Hamı eyni janrda, üslubda yarada bilməz. Bir vaxtlar Rembrandt, Repin,
Surikov avanqardçı
sayılıblar. Yəni realizmin
avanqard sayılan mərhələsi də olub. Üslub müxtəlifliyi bütünlüklə rəssamdan
asılı deyil.
Sənətkarın harada doğulması,
yaşaması yaradıcılığa
böyük təsir edir. Sənət zamanın məhsuludur,
həm də zamandan yüksəkdə dayanır.
- Sizin yaradıcılıq fəlsəfəniz nədən
ibarətdir?
- Hər əsərə bir elmi iş
kimi baxıram. Təsviri sənət elmdir. Mənim üçün bu, belədir. Burada rəssamdan özünəməxsusluq
tələb olunur.
Mən başqalarına oxşamaq
istəmirəm. Hamı eyni
şeyi çəkə
bilməz. Fərdilik hökmən
qorunmalıdır. Elə rəssam
var ki, onun
yaradıcılığında sanki mərhələ yoxdur - gəncliyində necə çəkirdisə,
indi də elə çəkir.
Bu tamaşaçını
yorur, sənətdə
inkişaf mərhələləri
gərəkdir. Rəssam həm
sifarişçidir, həm
də icraçı.
Ona görə rəngkarlıq
əsərləri çox
bahalı olur.
- Rəssamlıqda “başqa
cür görmək” fikrinə münasibətiniz?
- Rəssam əslində hamı kimi görür. Burada “başqalıq” düşüncədədir.
Gördüyünü yenidən özünəməxsus
şəkildə yaradır.
Rəsm çəkmək bacarığı
ağıl, düşüncə,
hissiyyatla birləşməsə,
əsər yaranmaz.
- Ənənəvi üslubda
çəkmirsiniz, sizdə
tamaşaçı tərəfindən
başa düşülməmək
qorxusu varmı?
- Yox. Kimsə başa düşürsə,
bu, onun uğurudur. Ola bilməz
ki, rəssamı heç kim
başa düşməsin.
Van Qoq sağlığında
vur-tut bir əsər satmışdı.
Onda başa düşmürdülər,
indi onun əsərlərini anlayırlar.
Dərd eləmirəm ki, kimsə məni anlayacaq, ya yox.
Ruhum belə istəyib, belə çəkmişəm.
Yaradıcı nə yaratdığını
anlamalıdır. Sənət bütün insanlar üçün anlaşılan
ola bilməz.
Kim anlamırsa, o, sənətin suçu deyil. Sənət insanların gerçək
səviyyəsini nəzərə
alsa, inkişaf etməz. Bu gün baleti, simfonik musiqini az
adam başa düşür. Bu, sənətin yox, insanların çatışmazlığıdır.
Tamaşaçı sənətdəki
daha yüksək səviyyələri dərk
etməyə can atmalıdır.
- Bildiyimə görə, Repin adına
Sankt-Peterburq Rəssamlıq
Akademiyasından sizi sovet ənənəsindən
qırağa çıxdığınız
üçün çıxarıblar.
- Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirib
göndərişlə Sankt-Peterburqa getdim, imtahandan kəsildim. İkinci il
ora daxil oldum, amma bir
il oxudum. İkinci kursdan çıxardılar.
Bu hadisə 1973-cü ildə baş verib. Akademik qaydadan çıxdığıma,
avanqard üslubda işlədiyimə görə
məni institutdan xaric etdilər. Bakıya qayıdıb o vaxtdan müstəqil yaradıcılıqla
məşğul olmağa
başladım.
- Sizin obrazlara həyatda rast gəlmək çətindir.
Obrazlarınız gerçəkdə
gördüyümüz insanlardan
fərqlidir...
- Həmin obrazlar həyatda gördüklərim
deyil, düşünüb
yaratdıqlarımdır. Düzdür, həyatda elə insanlar yoxdur. Rəssam təbiətə baxıb
yaratmır, rəssamlığa,
sənətə baxıb
yaradır. Gerçəklik mənim üçün natura deyil, obyektdir.
Bəstəkar da səsləri
yığaraq əsər
yaradır. Hazır musiqi,
rəsm heç yerdə yoxdur. Rəssamlıq obyektlərin, hadisələrin
yaradıcı şəkildə
bir yerə toplanmasıdır. Ayrı-ayrı obyektlər yaradıcılıq
vasitəsilə sənət
əsərinə çevrilir.
Rəsm əsəri ancaq çərçivəyə aiddir. O, həyatda
var, ya yoxdur,
bu, əsas deyil. Başlıcası odur ki, artıq o, kətanda var, sənət üçün mövcuddur.
Ola bilsin, onun
gerçəkliyə, həyata
dəxli yoxdur, onun özü bir həyatdır.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 15.