Milli adət-ənənələrimizdə
əxlaqi dəyərlər və varislik
Milli adət-ənənələrimiz
tarixən xalqın ruhunu, estetik
duyumunu və sənətkarlıq məharətini
özündə yaşadıb. Milli mədəniyyətin
çoxfunksiyalı formasını yaratmaqla
ictimai məna kəsb edib.
Cəmiyyətdə milli adət və ənənələrin öyrənilməsi və varisliyi həmişə aktual olub. Çünki adət və ənənələr ictimai-mədəni tərəqqinin əsas göstəricisi rolunu oynayır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşir və millətin, xalqın yaradıcılıq nümunələrini yaşadır. Mənəvi dəyərlər dövrün, şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Mənəvi dəyərlərin bu xarakterik cəhətlərinə görə əski sovetlərin tərbiyə sistemində onlardan bir vasitə kimi geniş istifadə edilib.
Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərinin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çeşidli folklor nümunələrimiz məhz adət və ənənələrimiz işığında intişar tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Mədəni-kütləvi tədbirlərdə bir ifadə vasitəsi kimi milli xüsusiyyətlərimizin qoruyucusu olublar.
Bu gün milli adət və ənənələrimiz musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarına əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcısıdır. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur.
Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən bəhrələnib. Lakin varislik qaydaları insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmayıb. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranıb. Aparılan araşdırmalarda mədəniyyət və incəsənətin irsi xarakter daşıdığı da məlum olur. Məsələn, Azərbaycan sənətkarlarının yaşayıb-yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq, ruhən bir-birinə oxşarlıqları aşkar edilir. Əcəmi Naxçıvaninin memarlıq sənətində, Sultan Məhəmmədin miniatür əsərlərində bu diqqət çəkir. Onların yaratdıqları mənəvi irs müasir sənətkarların əsərlərində bu və ya digər formalarda özünü büruzə verir.
Qeyd edək ki, müstəmləkə həyatı yaşamış hər bir xalqın mədəniyyətində, xüsusi ilə milli dəyərlər sistemini özündə yaşadan adət və ənənələrdə deformasiya halları olub. Xalqımızın iki yüz ilə yaxın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olması bir çox milli və dini adət və ənənələrimizin ciddi və mənəvi təzyiqlər altında qalmasına səbəb olub. Xüsusilə dini bayramlarımızın qeyd edilməsinə qadağalar qoyulub. Əvəzində sosialist həyat tərzini təbliğ edən, mahiyyət etibarilə siyasi, ideoloji xüsusiyyətə malik olan adət və ənənələr təbliğ edilib. Bunun da nəticəsində sovet dövründə bütün mədəniyyət müəssisələri dini adət və ənənələrə qarşı mübarizə mərkəzlərinə çevrilir. Amma dini bayramların bədii-emosional ifadə vasitələri xalqımızın yaddaşında yaşayıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban, Ramazan, Novruz kimi dini və milli bayramlarımızın keçirilməsi öz həllini tapır. Dini və milli adət və ənənələrin icra edilməsi yolunda siyasi və ideoloji amillər artıq aradan qaldırılıb. Həmçinin bədii estetik dəyərə malik incəsənət nümunələrini araşdırmaqla milli mentalitetimizin reallıqlarını geniş miqyasda nümayiş etdirmək imkanları genişlənib.
Məlumdur ki, tətbiqi incəsənətin yanaşma və dəyişmə metodlarından biri ictimai fikri bədii hadisəyə çevirməkdir. Bunun üçün dramaturgiya janrından yaradıcı şəkildə istifadə edilir. Nəticədə ünsiyyətin bədii kütləvi forması meydana çıxır, unudulub yaddaşdan silinmiş milli adət və ənənələrimiz həmin bədii kütləvi tədbirlərin ifadə vasitələrinə çevrilir. El şənliklərində həmişə nümayiş və teatrlaşdırma metodlarına geniş yer verilib. Bu şənliklərdə həm də ənənəvi olaraq miflərdən, rəqslərdən və xor mahnılarından yaradıcılıqla istifadə olunub. Xalq tərəfindən yaradılan hər bir adət və ənənə uzunömürlü olub. Bununla da mədəniyyətdə varislik prinsipinin real mənzərəsi yaradılır. Adət və ənənələrin tarixi təcrübəsinin nəsildən-nəslə keçməsi müasir mədəniyyət və incəsənəti daha da zənginləşdirir.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 15.