Bu da sözün haqqı, Orxan
Paşa!
Məhərrəm Qasımlının “Yağmur qoxusu” şeir kitabının üzərində düşüncələr
Alim kimi tanıdığım Məhərrəm Qasımlıyla şair kimi qarşılaşdığım an bir həsrət qoxusu duydum nəfəsindən:
Yerində saymaqmış, ay ömrüm, günüm,
Nə ki yol gəlmişik indiyə qədər.
Orxan Paşa adı ilə şair olaraq qarşıma çıxan illərlə tanıdığım Məhərrəm müəllim bir eşq mütəfəkkirinə çevrildi nəzərimdə. Mən də bu eşq dastanını oxuyan oxucu...
“İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə gedir. Bu anlamda hər kəsin sevgisinin üç mərhələsindən keçməsi şərtdir”, - deyir Məhərrəm müəllim.
“Birinci mərhələ
ana-bala sevgisidir”. Orxan Paşanın
bu ilkin məhəbbətinin ən
tutarlı ifadəsini
“Azərbaycan”, “Tovuz” şeirlərində tapırıq.
Ananın dərdinə
yanan övlad kimi qovurulur Orxan Paşanın ürəyi Azərbaycanın
dar günündə:
Sənin bu halına ürəkmi dözər?!
Gözlərim qaralır, Azərbaycanım!
Hər günün qəm yükü, hər günün kədər,
Bənizin saralır, Azərbaycanım!
Orxan Paşanın
ana-bala məhəbbəti
qoynundan çıxıb
həyata atıldığı
yurduna sevgi timsalında da öz ifadəsini tapır. “Hər yerin adamı o yerin daşına, torpağına,
ağacına, suyuna oxşayır” deyə düşünən Məhərrəm
Qasımlının yaratdığı
öz prototipi Orxan Paşa da Tovuz simasındadır:
Mən sənin havanam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm,
Ayrı
oxşarın yox, özün kimiyəm,
Gərək bu gerçəyi düz deyim, Tovuz.
Adına yaraşan söz deyim, Tovuz.
Şair sevgini bilirsə, həsrəti də bilir. Qovuşmağa can atırsa,
ayrılığı da
dadır. Qürbət
acısını çəkməsə
də, alim Məhərrəm Qasımlı
öz prototipinə qəribliyi də yaşadır:
Bir udum bürkü gəlsə
Vətəndən -
Burda dönüb
külək olar, vallah.
Bir qamış kolu gələ
Vətəndən,
halımı görüb
tütək olar, vallah.
Əl boyda bir çay
daşı gələ
Vətəndən,
Götürüb sinəmə qoyam
-
döyünüb
ürək olar, vallah...
Ayrılıq, həsrət “Gülbahar qarı”, “Uzun Sayalı” kimi ana məhəbbətinin tərənnümü olan
söz abidələri
ucaldır Orxan Paşanın ürəyində.
Ana-bala məhəbbəti
böyüyüb yaşa
dolur bütün acıları, kədərləri,
sevincləri ilə bərabər Məhərrəm
Qasımlının qələmində. Özünü tanıtdırır bu sevgi ona. Özünü tanıyan bütün
yaradılışı tanıyar.
Yaradılışı tanıyan insanları
tanıyır. Özündə onları, onlarda özünü görür
Orxan Paşa. “Sənin gözlərindən
mənə taleyim baxır”, - deyən şair bir ömür
boyu o baxışlarda
özünü arayıb
gəlir. Bu, məhəbbətin
ikinci mərhələsidir
Məhərrəm Qasımlı
üçün: “İkinci
mərhələ yeniyetməlik
və gənclik illərini çevrələyir.
Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirli və
bilinməyən tərəfləri
çoxdur”.
Gəncliyinin xatirəsi “nəğmə
qoşduğu”, “könül
xoşluğu” olan, “kimi, nəyi olduğunu” özünün
də bilmədiyi o “Gözəl qız” hansı obrazlarda gəlir xəyalına, bunu yalnız özü bilmir Orxan Paşa. “On beş yaşlı
kənd uşağının
saflığı və
duruluğu ilə” görüşümüzə gələn şair bizimlə də bölüşür ən
məhrəm hislərini.
“Yasəmən ətri”, “O qızın adı nəydi?” şeirləri çıxır
şeir olmaqdan. Dil açıb şairin ilk məhəbbətini
hekayə edir bizə:
... On beşə yetməyə vardı bir azca,
Ömür yaz üzünə sabahlamışdı.
Özümdən böyüyü sevirdim,
ancaq
Ürəyim yaşımı qabaqlamışdı.
Bu nisgil, bəlkə
də, bir ömür boyu izləyib onu. İzləməsəydi, indi yaşının bu çağında içindəki o uşağı
duya bilməzdi. Bu nisgil insanın
ömür boyuna çəkilmiş tale yazısıdır.
Olmasaydı, bitərdi məhəbbət
ikinci mərhələdə.
Keçməzdi üçüncüyə,
necə ki Məhərrəm Qasımlı
yazır:
“Bu, ilahi mərtəbədir,
uca Tanrıya - Yaradana olan sevgidir. İnsan oğlu
birinci və ikinci sevgidən qazandığı ülvi
duyğularını məhz
uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır.
Mən indi üçüncü
sevginin sehri və cazibəsi içindəyəm”. Bu mərhələdə
əbədiyyətin qoxusunu
alır Orxan Paşa eşqin nəfəsindən:
Düşünürəm
bəlkə yenidən
qurulmaqdı
dünyanın qəsdi
-
bəlkə bu bahar leysanı
bizim bilmədiyimiz
bir ismarışdı,
bir səsdi...
Hər nədirsə,
söykəndiyim qurumuş
ağacın da
canına oyanıb
təzədən yaşamaq
duyğusu gəlir.
Yoxsa, bu nə arınmaq,
nə durulmaqdı?!
Ruhum titrəyiş içində,
Havadan Tanrı qoxusu gəlir...
Ruhumuza
“Yağmur qoxusu” çiləyən Məhərrəm
Qasımlı sevgi dolu ürəyində bizə də öz yerimizi göstərir: “2009-cu ildə
ağır ürək
əməliyyatı, 2014-cü ildə isə beyin-qan dövranının
kəskin pozulması kimi çətin tale imtahanları ilə üzbəüz qaldım,
sağalmağım aylar
çəkdi. Həkimlərin, ailə üzvlərimin diqqət və qayğısı, eləcə
də, dava-dərmanla
yanaşı, isti duyğular, mehr-məhəbbət
dolu sözlər canıma təpər verib yenidən yoluma davam etmək
üçün qolumdan
tutdu. Sənin sevgin də...”
Bu sətirlər içindən
mən də öz payımı götürdüm oxucu kimi. Oxucu kimi mənə üz tutub söylədiyi sözləri sevə-sevə,
dolu-dolu oxudum: “Yolumu gözlədiyini bilirəm. O səbəbdən
bu dəfə “Yağmur qoxusu” ilə qarşına çıxıram. Kitabı
oxuyub qurtarandan sonra çəkinə-çəkinə
bircə söz soruşacağam: “Yağmur
qoxusu” ürəyincə
oldumu?” Üz-üzə söhbət edirmişik
kimi, aldığım
bu suala cavab vermək boynumun haqqı oldu. Bu da sözün haqqı, Orxan Paşa:
Söz verdik, and içmədik,
Söz elə anddır, Orxan Paşa.
Sözün haqqını vermək
Məndə inaddır, Orxan Paşa.
Könlün Allah deyə-deyə,
Sığmayırsan yerə-göyə,
Qaf dağını keçməyə
Söz qanaddır,
Orxan Paşa.
"Kun"
ilə gəldi əmələ,
Genişlənib gedir hələ.
Bütün bu varlığı
elə
Söz yaratdı,
Orxan Paşa.
Könül Aydın Nəhmət,
filologiya üzrə
fəlsəfə doktoru,
AMEA Əlyazmalar İnstitutunun
böyük elmi işçisi
* * *
Şuşanın “Xarı bülbül”ü
Ay ürəyim, gözüm
gülü,
Nədən oldun hüzün gülü?
Bizə
doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür? -
Şuşanın “Xarı bülbül”ü.
Sən
- dərdi duman ağladan,
Hönkürdüb kaman ağladan.
Bayatıya ah çəkdirən,
Şikəstəyə qan ağladan -
Könlümüzün həsrət gülü,
Şuşanın “Xarı bülbül”ü.
Dövran
bizə qara gəlib,
Xar yeriyib hara gəlib?!
Köhnə dərdin bəs
deyilmiş,
Yaran üstə yara gəlib;
Vətənin qan olan könlü -
Şuşanın “Xarı bülbül”ü.
Bəy yurdu gədəlik deyil,
Ər işi vədəlik deyil.
Dünya
ki belə fırlanır,
Deyəsən bəndəlik deyil
-
Tanrı
açsın bu müşkülü,
Şuşanın “Xarı bülbül”ü.
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 11.