60 ilin “Görüş”ü
Ötən
illərin filmləri
Azərbaycan kino tarixinin böyük
hissəsini əhatə edən sovet dövründə hakim
kommunist rejimi ekran əsərlərinə mühüm təbliğat,
təşviqat vasitəsi kimi baxdığından bu sahəyə
xüsusi diqqət ayırırdı. Bununla yanaşı, lentə
alınan filmlərin bir çoxu həm ssenari və rejissor
işi, həm də aktyor oyunu baxımından dəyərli
sənət əsərləri idi. Bu sırada
1950-ci illərin kinolentlərinin xüsusi yeri var.
Daha çox melodram və musiqili komediya elementlərinə
malik “Bəxtiyar” (rejissor Lətif Səfərov, 1955),
“Görüş” (Tofiq Tağızadə, 1955), “O olmasın,
bu olsun” (Hüseyn Seyidzadə, 1956), “Qızmar günəş
altında” (Lətif Səfərov, 1957), “Ögey ana” (Həbib
İsmayılov, 1958) filmləri kino salnaməmizin parlaq səhifələrini
təşkil edir.
“Ötən illərin filmləri” silsiləsindən bu dəfə
60 yaşı tamam olan “Görüş” bədii filmi
haqqında söhbət açacağıq. 1955-ci ildə
rejissor Tofiq Tağızadənin quruluş verdiyi
“Görüş” filmi geniş tamaşaçı rəğbətini
qazanan ekran əsərlərindəndir. Filmin
mövzusu sevgi, sovet rejiminin əməyə
çağırışı və bir-biri ilə
yarışan Azərbaycan və Özbəkistan
pambıqçılarının ənənəvi
dostluğudur. Ekran əsərinin mərkəzində
iki gəncin - özbək qızı Lala (aktrisa Nelli
Ataullayeva) ilə azərbaycanlı Kamilin (aktyor Arif Mirzəquliyev)
saf məhəbbəti durur.
40 illik
yaradıcılıq yolunda ilk “Görüş”
Azərbaycan kino sənətinin inkişafında
mühüm xidmətləri olan Xalq artisti, görkəmli
rejissor Tofiq Tağızadənin (1919-1998) adı gələndə
gözlərimiz qarşısında sevə-sevə seyr
etdiyimiz filmlərdən maraqlı epizodlar canlanır. Onun 50-ci illərdə
çəkdiyi filmlər həmin dövrdə və
sonrakı mərhələlər üçün yeni
üslub idi. “Görüş” rejissorun
kinoda ilk işi olmaqla yanaşı, həm də bu yeniliyin
başlanğıcı idi.
O, şəhər
mühitində böyüdüyü üçün
uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə yazır ki, uşaqlıq illərində
tamaşa etdiyi Çarli Çaplinin filmləri Tofiq
Tağızadədə kinoya maraq oyadıb. Amma o, orta məktəbi bitirəndən sonra əvvəlcə
energetika sahəsində təhsil alıb. Paralel
olaraq musiqi məktəbində də oxuyub. Kinoya gələn yolları isə dolanbac döngələrdən
keçib. Neft və Kimya İnstitutunun
energetika fakültəsinin üçüncü kursunda
oxuyanda Böyük Vətən müharibəsi
başlayır. Cəbhəyə yollanan gənc
Tofiq ağır yaralanaraq geri qayıdır. Müharibədən sonra o, arzusunu reallaşdırır
və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsinə qəbul olunur. Burada məşhur kino xadimlərindən dərs
alır. Bir müddət Moskvada
çalışdıqdan sonra vətənə qayıdır
və ömrünün sonuna kimi “Azərbaycanfilm”
kinostudiyasında fəaliyyət göstərir.
İlk filmi “Görüş” ona böyük uğurlar gətirir. Filmdə
çalışan gənc rejissor və operatorlar Teyyub Axundov
və Cavanşir Məmmədovun da qabiliyyətləri üzə
çıxır. Bu ekran əsərindən sonra Tofiq
Tağızadədə Azərbaycan kinosu salnaməsinə
“Uzaq sahillərdə”, “Mən rəqs edəcəyəm”, “Mən
ki gözəl deyildim”, “Yeddi oğul istərəm”,
“Babamın babasının babası”, “Bağ
mövsümü” və s. filmləri bəxş edir...
“Görüş” filmində xalqın məişəti,
əxlaqi-mədəni dəyərləri rejissor tərəfindən
sənətkarlıqla əks olunub. Film zamanın problemlərini
ekrana gətirir, insanları bu problemlər ətrafında
düşünməyə sövq edir. Ekran
əsərindəki obrazlar tamaşaçı ilə
açıq mükaliməyə girir və onu
düşündürür, bir çox suallara cavab
axtarır. Görəsən, haqlı olan kimdir, sovet
mexanizmi, yoxsa əməkçi insanlar?..
Filmdə ən kiçik detallarda belə milli-mənəvi
dəyərlərimizin əks olunması sovetin sərt
ab-havasında cəsarətli addım sayıla bilər. Kolxozun, əmək
qabaqcıllarının tərənnümü, “əmək
insanı ucaldır, ona xoşbəxtlik gətirir”
çağırışı da dövrün tələbidir.
Düzdür, film haqqında yazılan rəylərdə
belə bir fikir də səslənir ki, əsər o
dövrün sovet kinokomediyası ənənələri əsasında
köhnə sxem üzrə çəkilmiş,
ayrı-ayrı səhnələr uğurlu olsa da, ümumən
götürdükdə zəif alınıb. Buna səbəb müəlliflərin ssenaridəki
süjet xəttini və obrazları
standartlaşdırmasıdır.
Rejissor isə
müsahibələrinin birində film haqqında belə deyir:
“Görüş” bədii filmi həmin dövrlə
bağlı yadımıza çox şey salır. Bu film
Moskvada ali kino institutunu bitirib Bakıya
qayıdandan sonra kinostudiyada çəkdiyim ilk film oldu. Janrına görə kinokomediya idi. Burada komik aktyorların olması vacib idi. Məncə, filmdə aktyor seçimində səhv
etməmişəm”.
Kinolentin operatoru Teyyub Axundov
yaradıcılığı dövründə 50-dən
artıq filmdə çalışıb. “Görüş”
filminin çəkilişləri zamanı o, əmək fəaliyyətinə
yenicə başlamış, ilk addımlarını
atırdı. Sonralar o, filmlə bağlı xatirələrində
yazır: “Operator kimi işlədiyim ilk bədii film rejissor
Tofiq Tağızadənin “Görüş” filmidir. Bu film kinokomediya janrındadır. Kinokomediya da operator işi baxımından
işıqlı tonda, plastik formada olmalıdır. Biz “Görüş” filmini də elə bu formada həll
etməyə çalışdıq. Kolxoz
mövzusunda olan filmin ssenarisi bir sıra kinolentlərdə
olduğu kimi, məlum sxem üzrə yazılmış, bu isə
işimizdə filmin bədii səviyyəsini xeyli
aşağı salmışdır. Bütün
bunlara baxmayaraq, uğurlu nəticə əldə
edilmişdi”.
Həqiqətən
də, filmdə gözəl aktyor ansamblı var. Arif Mirzəquliyev,
Nelli Ataullayeva, Leyla Bədirbəyli, Həsənağa Salayev,
Münəvvər Kələntərli, Əliağa Ağayev,
Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova,
Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı
və digər sənətkarlar yaddaqalan ifaları ilə
tamaşaçıların diqqətini özlərinə cəlb
edə biliblər. Qeyd etmək yerinə
düşərdi ki, film Əliağa Ağayev, Barat Şəkinskaya
və Ceyhun Mirzəyevin kinoda ilk işidir.
“Bu nə
plovdur, yağ gətir...”
60 ildir Əliağa Ağayevin (Şıxəli) bu ifadəsi
dillər əzbəridir. Aktyor sənətdə
ilk addımlardan öz yumorları ilə seçilməyə
başlayır. Bu filmdə onun dilindən
təqdim olunan bir neçə deyim dillərə
düşür, zərb-məsələ çevrilir.
Tofiq
Tağızadə xatirələrinin birində deyir:
“Əliağa kinoda ilk dəfə oynamasına baxmayaraq, elə
bil çəkiliş meydançasına dəfələrlə
çıxmışdı, özünü elə sərbəst
aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa
düzəliş verməyə ehtiyac qalmırdı.
İşə çox ciddi yanaşır, rola elə girirdi
ki, həyatda da özünü Şıxəli kimi hiss
edirdi...”
Kinoşünas
Aydın Kazımzadənin “Görüş” filmi ilə
bağlı Əliağa Ağayevin oğlu Vaqifdən
aldığı müsahibədən bir parça: “Bir
gün axşam atam evə elə vəziyyətdə gəldi
ki, onu tanımadıq. Anam bərk qorxdu.
Atam dedi ki, çaya düşmüşəm, soyuq məni
götürüb. Əvvəlcə biz heç
nə başa düşmədik. Sonra bizə
başa saldı ki, filmdə Şıxəli çaya
düşməli idi. Həmin axşam səhərə
kimi atam qızdırmadan yandı. Axır
ki, dava-dərmanla səhərə yaxın özünə gəldi.
Anama da ilk sözü bu oldu ki, incəsənət
qurban tələb edir. Mən dura-dura mənim yerimə
başqası suya düşməyəcəkdi ki...”
Filmin
özbək qəhrəmanı
Ekran əsərində özbək qızı Lala
İsmayılovanı oynayan Nelli Ataullayevadır. Filmdə onun
obrazını unudulmaz aktrisamız Sofiya Bəsirzadə səsləndirib.
Özbəkistanın Əməkdar artisti, sənədli
filmlər rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə
doğulub. 1953-cü ildə Daşkənd
Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir sıra filmlərə çəkilib. “Özbəkfilm”də “Əmirliyin devrilməsi”,
“Sevgililər”, “Təzə mənzilə köç” filmlərində
yaddaqalan rollar ifa edib. Rejissor kimi 20-dən
çox sənədli filmə imza atıb. 1974-cü ilin mayında Nelli növbəti sənədli
filmin çəkilişləri üçün Buxaraya
yollanır. Gərgin və yorucu çəkilişlərdən
sonra bərk xəstələnir, yüksək hərarət və
öskürəkdən qurtula bilmir. Bacısı
Rənanın təkidi ilə həkimə gedən gənc
Nellidə ağciyər xərçəngi aşkarlanır.
Özünü hər zaman gənc hesab edən
aktrisa 43 yaşında bu dünyadan köçür.
Bir
cümlənin dəyişdiyi tale
Arif Mirzəquliyev “Görüş”ün əsas
obrazlarından olan Kamili canlandırır. O, həmçinin “O
olmasın, bu olsun”da Sərvər rolunda da
çıxış edərək böyük şöhrət
qazanmışdı. Moskvada Ümumittifaq
Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar
aktyor kimi vətənə qayıtmağa hazırlaşarkən
bir cümlə ilə istəyindən əl çəkir.
Günlərin birində o, Bakıdan teleqram
alır. Teleqramda yazılmışdı
ki, atan ağır vəziyyətdədir. Səni
görmək istəyir. Tələbə-aktyor
təcili Bakıya gəlir, atası son nəfəsdə ona
deyir ki, mən səni aktyor deyil, həkim görmək istərdim.
Bu söz kifayət edir ki, Arif bir daha həmin
instituta qayıtmasın. Bakıda
imtahanlarını verib Azərbaycan Dövlət Tibb İnstitutuna
daxil olur. Nevropatoloq ixtisasına yiyələnir
və ömrünün sonuna kimi həkim işləyir.
Filmdə eyni zamanda bir-birindən maraqlı rəqs səhnələri
də var ki, burada rəqqas Əlibaba Abdullayevin zəhməti
danılmazdır. Quruluş verilən rəqslər göz
oxşayır, insana zövq verir. Xüsusilə
Xalq artisti Leyla Bədirbəylinin yüksək sənətkarlıqla
ifa etdiyi rəqs tamaşaçıların estetik
zövqünü zənginləşdirir.
Azərbaycan
kinosu inciləri sırasına daxil olan “Görüş” filmi
bundan sonra da hələ uzun illər ötən əsrin
ortalarından soraq verərək nəsilləri bir-biri ilə
görüşdürəcək, kino tariximizin görkəmli
simalarını unudulmağa qoymayacaq...
Lalə Azəri
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 10.