“Şahdağ”
Turizm Mərkəzində yay
kampaniyası
Qusar rayonunda yerləşən «Şahdağ» Turizm Mərkəzi yay turizm mövsümünün gəlişi və Ramazan ayının başlanması münasibətilə turistlərə təklif edilən xidmətlərin və hotellərin qiymətində endirim edib. Mərkəzin müştərilərlə iş şöbəsinin müdiri Aygün Həsənova qəzetimizə açıqlamasında bildirdi ki, yay mövsümünə iyunun 15-dən start verilib. Mərkəzdə yay mövsümündə yalnız bir hotel - “Şahdağ Hotel SPA” fəaliyyət göstərir. Hoteldə paket qiymətləri 90 manatdan başlayır və bu, iyulun sonuna qədər davam edəcək.
Mərkəzdə turistlərin isti yay günlərində istirahəti üçün 10-dan çox növdə müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulub. Həm uşaqların, həm də böyüklərin əylənməsi üçün şərait var. Qonaqlara kanatla sürüşmə, bob kart və trotinetdə gəzinti, mobil platforma sürmək, eləcə də dağ velosiped idmanı ilə məşğul olmaq imkanları təklif edilir. Mərkəzdə ötən ildən peyntbol meydançası, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idman növləri ilə məşğul olmaq üçün imkan yaradılıb.
Həmsöhbətim yay mövsümü qiymətləri barədə də danışdı. Beləliklə, PDY bileti 7 manat, PDU bileti (6-11) yaş 4 manat, uşaq parkı - 30 dəqiqəsi 2 manat, macəra parkı - 15 dəqiqə 6 manat, at sürmək - 10 dəqiqə 7 manat, uşaqlar üçün kvadrosikl - 10 dəqiqə 9 manat, nordik gəzinti - 1 saat 10 manat, dağ velosipedi - 30 dəqiqə 11 manat, trotinet - 3 eniş 13 manat, zip-layn/kanatla sürüşmə - 2 eniş 16 manat, bobkart - 3 eniş 20 manat, peyntbol - 200 top 22 manat, peyntbol üçün əlavə 100 top 11 manat, seqvey - 15 dəqiqə 20 manat, seqvey/mobil platforma 30 dəqiqə 33 manat, yetkinlər üçün kvadrosikl (min 20 dəq.) 20 manat, velosiped turu 20 manatdır. Bundan əlavə, müxtəlif növ əyləncələr paket şəklində də təqdim edilir. Məsələn, uşaq paketi (uşaq kvadrosıkli (10 dəq.) + macəra parkı (15 dəq.) + at sürmək (10 dəq) - 15 manat, “xoşbəxt valideynlər” paketi (uşaq klubu + uşaq paketi + hava qəsri) - 22 manat, “Şahdağ paket” - 3 fəaliyyət 30 manat, 4 fəaliyyət - 40 manat (seçim: segvey, dağ velosipedi, trotinet, zip-layn, bob kart, nordik).
A.Həsənovanın sözlərinə görə, iyunun 17-də bir qrup media təmsilçisi üçün «Şahdağ» Turizm Mərkəzinə infotur təşkil edilib. İştirakçılara yay mövsümü ilə bağlı tətbiq edilən yeniliklər, xidmətlər və əyləncə proqramları barədə məlumatlar verilib. Qeyd edək ki, «Şahdağ» Turizm Mərkəzində yay mövsümünə sentyabr ayında yekun vurulması nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 9.