“Avropa
Oyunları Azərbaycanda nəyi dəyişdirdi?”
Məşhur
“Əl Cəzirə” telekanalının (Qətər) türkcə
yayım qolu olan «Al Jazeera Türk”ün internet saytında
Bakıda keçirilən Avropa
Oyunları haqqında məqalə dərc edilib.
«Al Jazeera Türk”ün idman redaktoru Əhməd
Sivaslı məqalədə Oyunların təşkili, bu yarışların turizmin
inkişafında rolu barədə söz açır.
Müəllif qeyd edir ki, son illərdə idman turizmində rolu ilə diqqət çəkən azərbaycanlılar bu sahədən daha çox nəticələr əldə edəcəklərini düşünürlər. Bildirilir ki, ilk dəfə təşkil olunan Avropa Oyunları Bakıda indiyə qədər reallaşdırılan ən böyük idman yarışıdır: «Cənubi Qafqazın ən böyük ölkəsi son illərdə idmana qoyduğu investisiyalarla diqqəti cəlb edir. 2002-ci ildən indiyədək 36 beynəlxalq turnir təşkil olunub. Gələn il «Formula 1», iki il sonra 57 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə 3 qrup və dörddəbir final oyunları ilə Avropa futbol çempionatı da Bakıda gerçəkləşəcək. Bundan başqa, dünyanın ən yaxşı klublarından olan «Atletiko Madrid»in formasındakı reklamla «Azərbaycanı ziyarət edin» mesajını verən ölkənin məqsədi idmanın gücündən istifadə edərək həm turizmi inkişaf etdirmək, həm də ölkə kimi belə bir təşkilatçılığa qadir olduğunu isbatlamaqdır”.
«Avropa Oyunları Azərbaycan turizmini 6-7 il irəli aparacaq»
Müəllif yazıda «Millenium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin fikirlərinə də yer verib. R.Quliyev
ölkədə hazırda
hər zamandakından
daha çox turistin olduğunu deyir: «Avropa Oyunları Azərbaycanın
tarixinə qızıl
hərflərlə yazılacaq,
həm ölkənin təbliğinə, həm
də turizm sənayesinə böyük
təsiri olacaq. Avropa Oyunları Azərbaycan turizminin inkişafını 6-7 il irəli aparacaq. İnfrastruktur dəyişdirildi, yollar çəkildi, əyləncə mərkəzləri,
hotellər açıldı.
Gələn qonaqlara, idmançılara
Azərbaycanı tanıtmaq
bizim üçün
çox önəmlidir.
Bu, mədəniyyətimizi göstərmək üçün
çox mühümdür.
Azərbaycan yalnız Bakıdan
ibarət deyil. Digər bölgələri də çox gözəldir və bura dünyaya
açılan yeni bir turizm məkanıdır.
Mədəniyyət və Turizm
Nazirliyinin tövsiyəsi
ilə biz şəhərdən
kənara qısa turlar planlaşdırırıq.
Xidmət keyfiyyətini də
ən yüksək səviyyədə təşkil
edirik».
Qeyd olunur ki, Azərbaycanda
hotel infrastrukturunda da sürətli inkişaf
var. Beş il
öncə 200-300 hotel vardısa,
hazırda hotellərin
sayı 500-dən artıqdır.
Turizm agentliklərinin sayı artır. Turist sayı da artır və mövsümün sonuna qədər ölkəyə
3 milyon turistin gəlişi gözlənilir.
Gələcəkdəki yarışlar üçün böyük təcrübə
«Al Jazeera Türk»ün idman redaktoru «Bakı-2015» Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovdan da açıqlama alıb. Onun bildirdiyinə görə, Oyunların yayımı üçün 60 telekanalla müqavilə bağlanıb və yarışlar 100-dən artıq ölkəyə canlı yayımlanır. Azərbaycanın ən çox önəm verdiyi məqamlardan biri də bu Oyunların ölkəni yaxşı təbliğ etməsidir: «Olimpiya Stadionunun yaxınlığındakı Atletlər və Media kəndi yeni inşa edilib. Oyunlar 12 idman mərkəzində keçirilir ki, bunların 5-i yeni tikilib».
O da vurğulanır ki, Avropa Oyunlarının Azərbaycana ən böyük faydalarından biri də maariflənmə ilə bağlıdır. Oyunların təşkili prosesində minlərlə gənc bu işlərə cəlb edilib, öyrədilib. Bu isə gələcək üçün böyük təcrübədir. Vurğulanır ki, Avropa Oyunlarının Azərbaycanın turizminə artım təsiri xüsusilə 2-3 ildən sonra özünü göstərəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 9.