“Bakıdan zəngin
təəssüratla dönəcəyik”
İlk Avropa Oyunlarını izləyən əcnəbi qonaqların paytaxtımız haqqında fikirləri
“Bakı-2015” I Avropa Oyunlarını izləmək üçün ölkəmizə çoxlu turist gəlib.
Dünyanın müxtəlif ölkələrindən
qonaqları bu günlər təkcə idman arenalarında deyil,
paytaxtımızın hər yerində görmək olar. Onlar Bakının tarixi məkanları, muzeylər, şəhərin
görməli-gəzməli yerləri ilə tanış olurlar. Onlardan bir neçəsi ilə görüşüb
ölkəmiz haqqında, ilk Avropa Oyunları barədə təəssüratlarını
öyrəndik.
Türkiyə milli komandasının rəsmilərindən olan Əli Əmrə Güray ilə Bakı Atıcılıq Mərkəzində qarşılaşdıq. Gənc yaşlarında atıcılıqla məşğul olan müsahibim Avropa Oyunlarını böyük idman bayramı adlandırdı. Qardaş ölkədə gördüyü diqqəti, qonaqpərvərliyi yüksək dəyərləndirdi: “Həqiqətən, burada özümüzü vətənimizdəki kimi hiss edirik. Başqa cür də ola bilməz. Axı Azərbaycan bizim də vətənimizdir. Burada hər kəs bizi dəstəkləyir, yaxınlaşıb kömək etməyə çalışırlar. Bu da bizə qürur hissi yaşadır”.
Həmsöhbətim I Avropa Oyunlarının açılış mərasimini həyəcanla izlədiyini və mərasimin çox möhtəşəm olduğunu deyir: “Bu mərasim qardaş ölkəmizin dünyada tanınması üçün gözəl bir şou idi. Türkiyə idmançılarının arenaya daxil olarkən azərbaycanlı qardaşlarımızın alqışları Azərbaycan və Türkiyənin bir millət olduğunu bir daha dünyaya nümayiş etdirdi”.
İrlandiyadan I Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn Patrik Peter də Oyunların açılış mərasimində göstərilən şou-proqramı maraqla izlədiyini deyir: “Açılış mərasimində təqdim edilən proqram, hər bir element məndə dərin təəssürat yaratdı. Bu, ölkənizin beynəlxalq tədbirlərin təşkili işinə, öz milli mədəniyyətinin təbliğinə nə qədər önəm verdiyini aydın şəkildə göstərdi”.
Qonaq Azərbaycanın turizm baxımından maraqlı ölkə olduğunu bildirir: “Bakıya gələn bütün xarici qonaqlar kimi mən də İçərişəhərdə oldum. Bu, tarixi bir məkandır. Ətrafda isə böyük, müasir binalar var. Belə demək olarsa, mən bundan sonra Bakını tarixin və müasirliyin qovuşduğu məkan kimi təsəvvür edəcəyəm. Başqa şəhərlərinizdə də olmaq istərdim. Bir çox restoranlarda olmuşam. Dadlı və çox kalorili yeməkləriniz var”.
Rusiyalı turist Yelena Lujkova isə paytaxtımıza ilk dəfə səfər etdiyini bildirdi: “Bakıya oğlumla gəlmişəm, birinci səfərimdir. Paytaxtınız çox təmiz və qeyri-adi bir şəhərdir. Dənizkənarı park isə öz gözəlliyi ilə insanı valeh edir. Burada gözəl istirahət edirəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Çox şadam ki, “Bakı-2015” birinci Avropa Oyunlarını canlı izləmək şansım oldu”.
Ukraynalı İosif Bloşenko da Bakıya I Avropa Oyunlarını izləməyə gəldiyini deyir: “Vaxtımın çoxunu Bakını gəzməyə sərf edirəm. Bakı maraqlı şəhərdir. Burada həm müasir tikililər, həm də tarixi yerlər var. Bakıdan zəngin təəssüratla dönəcəyəm. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Azərbaycanda təşkil olunması çox yaxşıdır. Böyük hazırlıq işləri görülüb. Bütün bunların ölkənizin imicinə, turizminə böyük təsiri ola bilər. Ona görə belə tədbirlərin əhəmiyyəti böyükdür”. Ölkəmizi bəyəndiyini, Bakının Avropa şəhərlərindən geri qalmadığını deyən ukraynalı qonaq Oyunların uğurla başa çatacağına inandığını bildirdi.
Biz də inanırıq ki, bu günlər ölkəmizə gələn turistlər Azərbaycan həqiqətləri, ölkəmizin mədəniyyəti, tarixi haqqında dolğun məlumat alacaqlar. Ən azı açılış törənində nümayiş olunan mədəniyyətimizi, milli dəyərlərimizi ifadə edən nüansları yaddaşlarına həkk edəcəklər. Nə vaxtsa o anları xatırlayanda gözlərinin qarşısında tarixlə müasirliyin vəhdətdə olduğu Bakı və onun qonaqpərvər sakinləri canlanacaq...
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 19 iyun.-
S. 7.