Mingəçevir teatrında “İki yetimin taleyi”

 

İyunun 11-də Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşanın bayram əhval-ruhiyyəsi yaşanıb. Truppa yazıçı-dramaturq Əli Əmirlinin “İki yetimin taleyi” dramını tamaşaçılara təqdim edib. Ailə-məişət mövzusunda əsər müasir dövrün problemlərini qabartdığından tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Mingəçevir teatrı indiyədək Əli Əmirlinin bir sıra əsərlərinə səhnə həyatı verib. “İki yetimin taleyi” müəllifin bu teatrda hazırlanan 6-cı əsəridir. Tamaşaya Xalq artisti Vaqif Əsədov quruluş verib. Bu, tanınmış rejissorun Mingəçevir teatrında ikinci işidir.

Teatr kollektivinin Avropa Oyunlarının açılış təqviminə və Milli Qurtuluş Gününə ərməğan etdiyi tamaşa qısa zamanda ərsəyə gəlib. Yerli tamaşaçıların, eləcə də idman yarışları ilə əlaqədar Mingəçevirə gələn turistlərin marağı nəzərə alınaraq tamaşa 14, 15 və 16 iyun tarixlərində də nümayiş olunub.

Teatrın direktoru Səxavət Məmmədov tamaşanın maraqla qarşılandığını deyib: “Xarici qonaqlar şəhərimizlə tanış olarkən ilk gəldikləri, maraqlandıqları yerlərdən biri Mingəçevir teatrı oldu. Arzu edirik ki, ölkəmizin uğurları daha da artsın, daim şəhərlərimizdə qonaqlar olsun. Biz də öz mədəni tədbirlərimizlə tamaşaçıların xidmətində olaq”.

 

Mədəniyyət.- 2015.- 19 iyun.- S. 6.