Hardasan, ey
günah?
Və ya bütün günahkarlar cəhənnəmə gedirsə...
“...Elə ona görə də Allah məndən üz döndərib. Günaha görə cəzanı yalnız Allah verə bilər. Mənsə özümü ondan üstün tutmuşam. Ona görə də səssizcə onun verəcəyi qərarları gözləyirəm. Sənsə qal, hələ günahlarını yuya bilərsən...”
Əvvəldən sonadək oyun içində oyun olan “Xortdanın cəhənnəm məktubları”nın günahsız, həm də günahkar Dərvişi deyirdi bu sözləri. Bilmirəm, dediyinə inandığı kimi inandıra bildi, ya yox, amma tamaşa alındı. Bunu klassik yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"nın yeni səhnə həyatı da saymaq olar, ona Gənc Tamaşaçılar Teatrında quruluş verən Kalmıkiya Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Fəxri mədəniyyət işçisi Boris Manciyevin rejissor istedadının bəhrəsi də. Quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayeva olan bu tamaşada hər şey yerində idi.
“Ağıl öyrətmək”dən uzaq
Bir saat yarımlıq tamaşa nə deyirdi və nəyə nail oldu - bu suallara cavab axtarsaq, tam məsuliyyətlə demək olar ki, adamı səhnədən perikdirən “ağılöyrətmə”dən uzaq idi bu oyun. Yəni sən nəsən, özün bilərsən, amma biz bunu demək istəyirik. İndi bax da, yol-izini özün seç. Təbii ki, bu, kalmık rejissorun uğurudur. Aktyorları plastilin kimi haldan-hala salıb, səhnədə baş verənlərlə qafalar arasında olan uzun məsafəni qısa edən əsl rejissor işi. O, nə tamaşaçının fikrini dəxilsiz elementlərə dağıdıb əsas məsələdən uzaqlaşdırdı, nə də səhnə arxasındakı qarqaşa ilə önə atılan aktyorun əl-ayağına dolaşan artıq “yük” yaratdı. Sadəcə doğru quruluşla, dramaturji materialdan tam istifadə etməklə Haqverdiyevin demək istədiklərini müasir tamaşaçının anlamaq istədiyi dildə çatdırdı.
Tamaşa sadə, bir az da ənənəvi mövzunu əhatə edirdi: dünyada hamı ədalət axtarır, tapacağına inanır və bu yolda da ölür. Özünü bir az dərinə salan tamaşaçı üçün hər iki dünya kiçikdir, daha doğrusu, sən yaşamaq istədikdən sonra nə dünyaların, nə onların həsrət-vüsallarının, nə də cənnət-cəhənnəmlərinin fərqi var.
Bu cəhənnəmin sakinləri
Dostuna verdiyi sözü tutmayan, varlı adamlarla qohum olmaq üçün hər şeyi, hətta doğma qızını belə qurban verməyə hazır olan tacir Hacı Kamyab (Əməkdar artist Şövqü Hüseynov). O, müharibədən axsaq ayağı ilə yanaşı, kirli ruhu ilə qurtulandan cəhənnəmə düşən anınadək sadəcə axmaq arzularının - var-dövlət hərisliyinin, batindəki qorxaqlığının, hər zaman yaxşı görünmək və hər kəsdən üstün olmaq kimi eybəcər xislətinin qurbanıdır. Nə qədər mənfi xüsusiyyətləri olsa da, tək fikri yığdığı pulları və olmayan ad-sanıdır. Bəzən o qədər bəsit və gülünc olur ki, tamaşaçı ona gülə də bilir, acıya da. Hər halda, nifrət sonda gəlir.
Tacirin acgöz, var-dövləti, şöhrəti övladından üstün tutan arvadı (Zemfira Əbdülsəmədova) da günahsız günahkarlardandır. Tək arzusu qızını varlı birinə ərə verib kürəkəninin adı ilə öyünməsi, qadın hamamında barmaqla göstərilməsi, küçə-bazarda həsəd aparılmasıdır. Aktrisa rejissorun istəyini duyduğundan tacir arvadının obrazını ustalıqla yarada bilmişdi. Rəqsləri, cingiltili danışığı və yırğalanan əndamı ilə obrazın dolğunluğuna nail olmuşdu.
Guya bir günahsız qarışqanın da ölümünə razı olmayan, özünü pak bir din xadimi kimi göstərən, əslində isə əlindən hər cür vicdansızlıq gələn, ona sığınan sevgililəri qorumaq əvəzinə gənc qıza göz dikib, onunla nikaha girib zorla sahiblənmək istəyən və beləcə onu ölümə məhkum edən Hacı Mirzə Əhməd ağa (Elşən Çarhanlı) da var. Uşaqlara bilik verməyə borclu olduğu halda yalnız öz yemək-içməyindən danışan, öz xəstə təfəkkürü sayəsində cəhənnəmə vasil olan Mirzə Mehdi (Rəşad Səfərov), axmaq şöhrətindən və var-dövlətindən məmnun Xudayar xan da (Ədalət Əbdülsəməd) bura təsadüfən düşmədiklərini sübut edirlər.
Möhtəşəm üçlük
Keçək cəhənnəmlik səhnənin baş qəhrəmanlarına: Xortdan, Dərviş və İblisə.
İblis qiyafəsini dəyişsə də, ruhunu dəyişmədiyindən olduğu hər yerdə şəri hakim edənədək çalışır. İnsanların məkri sayəsində buna asanlıqla nail olduqda da qürurlanır. Vüsal Mehrəliyevin İblisi insanların şəri sayəsində bəzən daha təhlükəsiz görünür. Aktyorun ifasında obraz bütün çalarları ilə özünü ifadə edə bilirdi. Səhnə potensialı və diksiyası, sözlərlə hərəkətlərindəki rabitəni daim qoruya bilən aktyor bu obrazının də haqqını verə bilmişdi.
Biçarə eşqinin dərvişi olan Əməkdar artist Qurban İsmayılov xarakterini bu obraza da oturda bildi. Bilmirəm, rejissor ondan məhz elə bunu istəmişdi, yoxsa aktyor dərvişliyi bu mərhələdə görmüşdü. Ola bilər, gənc aşiq-dərviş Fərmanı (Bəhram Həsənov) daha çox qabartmaq istəyi yatırdı bu oyunun altında. Amma, buna rəğmən, o oyunda adət etdiyimiz Q.İsmayılov manevrləri yox idi.
Tamaşanın Xortdanı, finalın çağırışçısı Manaf Dadaşov da pis təsir bağışlamırdı. Daim təhkimçi Xortdan sadəcə finalda öz çaşqınlığını izah etdi. Oyunun ssenarist-rejissoru kimi finalı yaxşı vurğuladı: əlindəki kağız parçalarını göyə sovuraraq gərdişin belə getməyəcəyini dedi. Bununla da əslində bir tamaşa boyu nəyə tələsdiyini ifadə edib azad oldu.
Eşqin divanələri
Gələk tamaşanın qəhrəmanlarına. Daha doğrusu, cəhənnəmliklərin səbəbkarı olan iki hürr və gözəl aşiq-məşuq Fərmanla Gövhərtaca. Onların eşqi yasaq olmasa da, mümkünsüzdür. Çünki Fərman kasıb və yetim aşiq, Gövhərtac isə eşqə biganə olmayan varlı qızı. Gözəl qızı əldə etmək istəyən də çox, onun ruhunu satmağa hazır olan da. Ata-anası, kimə gedir getsin, təki varlı-hallı olsun desə də, qız Fərmanın eşqi ilə yanır. Hətta Fərmandan daha çox. Onlar eşq sınaqlarından keçsələr də, sonda məğlub olurlar. Fərman dərviş olub Allahsız mollaya, sevgilisini əlindən alan Hacı Mirzə Əhməd ağaya üsyan edib diyar-diyar düşür, Gövhərtac isə eşqindən sonda ölür.
Tamaşanın ürəyi də məhz buradadır. İlahi, insan bir eşqi ifadə etmək üçün beləmi dəli ola bilər? Və ya bir divanənin təsvirində bu qədər sadə və azad olmaq mümkündürmü? Gənc olmalarına rəğmən Fərman (Bəhram Həsənov) və Gövhərtac (Səbinə Məmmədova) bunu elə gözəl və təbii ifa etdilər ki, insan sadəcə o eşqə aşiq olub susdu. Xüsusən Fərmanın dərvişlik məqamındakı monoloqu - “Hanı sənin Allahın?” hayqırtısı və bu fondakı divanəliyi izaholunmaz idi.
Bu yerdə Gövhərtacın aşiqinə çırpınışları, eşqinə sadiqliyi, yeri-göyü inlədən nalələri bərələn gözlərinin, titrəyən bədəninin, ilğımlı səsinin ahəngində tamaşaçını özünə məhkum edə bildi.
Təsirli səhnələrdən biri də Gövhərtacın ölüm anı idi. O, İblis və köməkçilərinin gətirdiyi ölümü asanlıqla - ruhunu şərə təslim etmədən, azad eşqində çırpınaraq qəbul etdi və valideynlərinin əllərindən (rejissor sadəcə ağ parça ilə ölümü və eşqin cənnətini təsvir etmişdi) əbədiyyətə yola salındı.
Beləcə, bir eşqə tab gətirməyən dünyanın cəhənnəmdən fərqsizliyi beyinlərdə haçalandı...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.-19 iyun.-
S. 6.