Avstriya jurnalı Avropa
Oyunlarına xüsusi buraxılış
həsr edib
Avstriyanın “SportWoche” (“İdman həftəsi”) jurnalı növbəti nömrəsini “Bakı-2015” I Avropa Oyunlarına həsr edib.
Jurnalın baş redaktoru Manfred Behr giriş sözündə Bakıda keçirilən ilk Avropa Oyunlarını cazibədarlığa malik ideya adlandırıb və gələcəkdə bir sıra idman növləri üzrə Avropa çempionatlarının Avropa Oyunları çərçivəsində keçirilməsinin əhəmiyyətini qeyd edib. Onun fikrincə, ədətən medianın diqqətindən kənarda qalan bəzi idman növləri üzrə yarışlar bu cür mötəbər tədbir sayəsində yeni tamaşaçı kütləsi qazana bilər. M.Behr belə bir möhtəşəm idman tədbirinin cəmi iki il yarımlıq qısa müddət ərzində mükəmməl hazırlandığını diqqətə çatdırıb.
Jurnalda Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhəri, yarışlar üçün tikilmiş idman mərkəzləri, infrastruktur barədə söz açılır və bildirilir ki, bu arenalar Oyunlardan sonra da bir çox qitə və beynəlxalq əhəmiyyətli idman tədbirlərini qəbul edə biləcək.
İyirmi dörd səhifəlik xüsusi buraxılışda Bakı və
yarışların keçirildiyi idman mərkəzləri barədə fotolar və məlumatlar da
əksini tapıb, Avstriya
idmançılarının yarışlara hazırlıq səviyyəsinə
dair məqalələr dərc olunub.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 16.