Yunus Əmrə eşqi
- ürfan işığı
Bəşər
övladının beşikdən məzara qədər gedəcəyi
məsafəni, başına gələcək hadisələri,
yaşantıları Tanrı əvvəlcədən bəlirləyir,
onun xəritəsini cızır və
bunları qüdrətdən sehrlənmiş qələmiylə
insanın alnına həkk
edir. Tanrı insana yaşamaq üçün
vacib olan hər şey, ən əsası, ağıl verib. Bunların müqabilində O, yalnız
özünə sayğı istəyir. Dua
etmək, şükür etmək və s. kimi çox
sadə insani keyfiyyətlərlə Ona sayğını göstərə bilərsən.
Mövlanənin dili ilə desək:
“Qüdrət nemətinə şükür
etmək sənin qüdrətini artırar”.
Hər bir insanın daxilində Tanrıdan bir zərrə mövcuddur. Ustad Nəsiminin əsrlər boyu mübahisələrə səbəb olan “ənəlhəq” kəlməsi əslində çox anlaşılandır: “Həqq məndədir!”
Zaman-zaman bir
çox yaradıcı insanlar
qeyd olunan mətləbi
bu və ya digər
şəkildə insanlara diktə etməyə
çalışmışlar. “Sənsən mənim
canım canı”, - deyən, vəhdəti-vücud fəlsəfəsini
bədii dillə təzahür etdirərək Tanrıya üz tutan dərvişlər
dərvişi Yunus Əmrə bütün yaradıcılığı boyu bu yoldan,
bu inancdan
sapmamış, Tanrını mədh etməkdən usanmamışdır.
Əksinə, Allaha olan
sevgisini böyük
zövqlə qələmə alaraq
insanları ürfana səsləmişdir.
Yunus Dədənin əsərləri Allah adıyla başlayıb, Allah
adıyla da bitir. Şeirlərinin, demək
olar, hamısında Haqq yolundan, can borcundan söhbət açılır. Yeri gəlmişkən,
qeyd edək ki, Yunus Əmrənin
“Güldəstə” adlı
kitabı türkcədən
dilimizə uyğunlaşdırılaraq
1992-ci ildə Bakıda
“Yazıçı” nəşriyyatında
çapdan çıxıb.
Kitabda yer alan
bədii nümunələrin
dilimizə uyğunlaşdırılması
bəzi uğursuzluqla
müşahidə olunur
və yaxşı ki, bu bir
o qədər də çox deyil. Məsələn, ulu ozanın
Sənsin
bənüm canum canı,
sənsüz qərarum
yoqdurur,
Uçmaqda sən olmaz isən,
vallah, nəzərüm
yoqdurur.
misraları Azərbaycan
dilinə belə çevrilib:
And olsun cana,
ey canım,
sənsiz qərarım
yoxdu, yox,
Eşq ilə ərşə uçmasaq,
uçmaq nəzərim
yoxdu, yox.
Bu çevirmədə bir neçə nüansa diqqət yetirək. Beytin əvvəli “sənsən
mənim canım canı” kimi verilə bilərdi. Çünki orta çağ
Azərbaycan şeirində
bu sayaq ifadələrə (“canım
canı”, (türkcə
canımın içi)
tez-tez rast gəlirik. Bu, Azərbaycan oxucusu üçün tam anlaşılan
bir ifadədir. Şeirin rədifinin “yoqdurur” deyil, “yoxdu, yox” kimi verilməsi
təbiidir. “Yoxdur” (türkcə yoktur) sözünün “yoqdurur” kimi deyilişi, o cümlədən
bu tərz söz və ifadələr müasir türk dili üçün də artıq arxaikləşmişdir.
Bu sayaq ifadə tərzi, ola
bilsin, Türkiyənin
bəzi əyalətlərində
şivə kimi yaşamaqdadır, amma dil normasına zidd olması şübhəsizdir. Beytdəki “uçmaq”
sözü Azərbaycan
və ya türk dilində işlədilən və qanad açmaq, pərvazlanmaq mənasını
verən “uçmaq” feili ilə sadəcə omonimdir.
Məna baxımından isə heç bir uyğunluqları yoxdur.
Buradakı “uçmaq” sözü
cənnət mənasında
işlədilib. Yuxarıda da
qeyd olunduğu kimi, sətrin mənası odur ki, şair özünü
Tanrısız cənnətdə
belə təsəvvür
etmir.
Yunus Əmrənin
şeirləri əsasən
heca vəznindədir. Əruz
vəznində yazdığı
şeirlərdə belə
sanki aşıq şeiri, xüsusən də gəraylı intonasiyası var. Şairin
üslub baxımından
Füzulinin “Məni candan usandırdı” adlı məşhur qəzəli ilə səsləşən qəzəlləri
bunu deməyə əsas verir:
Uyqudan gözüm oyandı,
oyandı - qana boyandı,
Yandı
şol yürəgim,
yandı,
neçin ağlarsın,
bülbül, hey?
Füzuli:
Qamu bimarinə canan,
dəvayi-dərd edər
ehsan,
Neçin qılmaz mənə
dərman,
məni bimar sanmazmı?
Bu misraları hər
birində səkkiz heca olmaqla alt-alta yazsaq, ənənəvi
gəraylı formasında
olduğunu görə
bilərik. Sadəcə fərq ondan
ibarətdir ki, Füzulinin şeirində
uzun səslənən
saitli sözlər (bimar, canan, dəvayi-dərd
və s.) işlədilib
ki, bu da
bilavasitə əruz vəzninə xas olan bir qaydadır.
Y.Əmrə isə, əksinə,
bu qaydanı pozaraq əruz şeirinə aşıq şeirinin havasını gətirmişdir.
Yunus Əmrə
kandan gəlib məkana üz tutan bir dərvişdir. Dərvişlik məqamına çatmaq hər qulun işi deyil. Bunun üçün bir çox müsbət keyfiyyətə və ilahi sevgiyə malik olmaq lazımdır.
Özünün dediyi
kimi:
Dərvişlik dedikləri bir əcaib duraqdur,
Dərviş olan kişiyə əvvəl dirlik gərəkdür.
Tələb olunan müsbət keyfiyyətlər və ilahi sevgi ustadın
dirlik adlandırdığı
həyatın içindədir. O həyat
ki, dünya adlanan fani nəsnənin
ayrılmaz tərkibidir.
Bu dünyanın bütün yolları axirətə aparır.
Kimi bu uzun və
keşməkeşli yollarda
çirkaba bulaşır,
kimi də ruhunu və ürəyini pak saxlayaraq Tanrının hüzuruna alnıaçıq,
üzüağ çıxır.
Mənzili iraq bu yolun, bu
yola kim varası?
Müşkülü çoq bu yolun, bunu
kim başarası?
Sonuncu beytdə
ustad Haqqa çağırış vaxtının
yetişdiyini qeyd edərək öz timsalında bəşər
övladını dünya
malından uzaq durmağa, daha geniş mənada, varlıqdan ayrılıb yoxluğa doğru getməyə çağırır. Və insanla şərt kəsir: əgər gözlərin dostun, yəni haqqın camalına baxmağa layiqdirsə, yəni ömrünü haram işlərə gözünün
ucu ilə də baxmadan keçirmisənsə, Onunla
görüşə hazır
ol:
Yunus, imdi səladur, gəl gedəlüm yoqluğa,
Gözlərün layiq isə dost
didarın görəsi.
Yunus Əmrə
sufidir, dinin, haqq kitabının, haqq buyruğunun carçısıdır.
Tanla turub başun qaldur, əllərini suya daldur,
Tamudan azadlu oldur, qullar azad
olsa gərək.
O, bir mistikdir, təsəvvüf elminin daşıyıcısıdır. Tanrının dünyanı
yaratmasından, dağların,
daşların, suyun, asimanın və s. yerbəyer edilməsindən
bəhs edən ozan qeybət, qəzəb, səbir, səxavət, mala qənaət
və s. barədə
insanlara bir çox nəsihətlər
verir.
Yunus Əmrəni Yaxın Şərq və Azərbaycan şairlərinə,
xüsusən də Füzuliyə və Nəsimiyə yaxınlaşdıran
cəhət onların
ortaq yaradıcılıq
üslubu, oxşar poetik tərzi və ən əsası Allaha, peyğəmbərlərə, müqəddəs
kitablara olan yüksək münasibət,
sonsuz sayğı və ehtiramıdır.
Nəsimi
yazır:
Gördügüm ol, bildigim ol, istəgim həm oldurur,
Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.
Y.Əmrə:
Sənsin
bu gözümdə görən,
sənsin dilimdə
söyləyən,
Sənsin
bəni var eyləyən,
sənsin həmin
öndən sona.
Bu örnəklərdə Tanrının gözlə
görünən hər
yerdə olduğundan,
dünyanın və insanın yaradılışından
lakonik və səlis şəkildə
bəhs olunmuşdur.
Yunus Əmrə
XIII əsr türk şeirinin ən möhtəşəm nümunələrini
yaratmış qüdrətli
sənətkardır. Şeirlərində özünü Dərviş
Yunus, Qoca Yunus, Qul Yunus
və s. adlarla təqdim edən şairin təxminən
1240-cı ildə Türkiyədə
Sivrihisar yaxınlığındakı
Sarıköydə doğulduğu,
1320-ci ildə vəfat
etdiyi ehtimal edilir. Gerçək olan isə budur ki, onun
şeirləri yaradıcılıq
məcmusu olaraq eşqlə dolu, yüksək bədii-estetik
gücə malik ədəbi xəzinədir.
Əsrlər ötəcək, dünya fani olduğunu hər dövrdə göstərəcək,
amma Yunus Əmrə və onun timsalında böyük yaradıcılıq
irsi qoyub getmiş dühalar heç vaxt tarixin yaddaşından silinməyəcək.
Pərviz Axund
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 13.