“Cənnətdi
çəməni, çölü
Göyçənin...”
Azərbaycan
ozan-aşıq sənətinin inkişafında və zənginləşməsində
Göyçə aşıq məktəbinin özünəməxsus
yeri var. Bu qədim Azərbaycan elində doğulub boya-başa çatan, şöhrəti ölkəmizdən
uzaqlara yayılan azman
sənətkarlar yetişib.
Yaradıcılığı ilə diqqəti cəlb edən
belə sənətkarlardan biri də Dədə
Ələsgərin müasiri olmuş aşıq Musadır.
Musa Səfər oğlu təxminən 1830-cu ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Erkən çağlardan saza-sözə könül verib, el şənliklərinə maraq göstərib. Mənbələrdə aşıq Musa haqqında məlumat azdır. Hətta onun ustadının kimliyi də bəlli deyil. Bununla belə el sənətkarının bir neçə şəyird yetişdirdiyi məlumdur ki, onlardan biri də göyçəli aşıq Mehralı olub.
Araşdırmalardan məlum olur ki, aşıq Musa həm də təsərrüfata, bağçılığa böyük maraq göstərib, şəxsi dəyirmanı olub. Aşığın məzar daşının arxa üzünə cüt (xış) şəkli həkk edilib. Bu da onun bacarıqlı əkinçi olmasına işarədir. O, yaz-yay aylarında əkinçiliklə məşğul olub, payız-qış fəsillərində isə sazını bağrına basıb elin toy şənliklərini yola verib.
Göyçənin tanınmış el sənətkarlarından aşıq Talıb, aşıq Ağayarın (aşıq Ələsgərin şəyirdi) bildirdiklərinə görə, aşıq Musa alçaqboylu, dolubədənli, enlikürək, “polad kimi sağlam” bir gənc olub. Başqa aşıqlardan fərqli olaraq, o, məclis apararkən belinə qılınc bağlayar, Koroğlu havalarını fərqli bir tərzdə ifa edərmiş. Qeyd edilir ki, aşıq Musa Dədə Ələsgərlə yaxın dost imiş. Aşıq Ələsgərə həmişə hörmət və ehtiramla yanaşıb, əsərlərinə nəzirələr yazıb. Görkəmli el sənətkarının “Ay üzə-üzə”, “Yüküm”, “Mərd” və başqa rədifli şeirləri bu qəbildəndir. Bədahətən qoşmalar, gəraylılar və s. qoşan aşıq Musanın əsərləri vaxtında qələmə alınmadığından əksəriyyəti günümüzə gəlib çatmayıb.
Filologiya üzrə fəlsəfə doktoru İslam Ələsgərov araşdırmasında yazır ki, 1960-cı ildə aşığın nəvəsi Musa Süleymanovdan vərəqlərinin müəyyən hissəsi cırılmış bir dəftər əldə edib. Dəftərdəki şeirlərin hamısı aşıq Musaya aid olsa da, onların kim tərəfindən qələmə alındığı bəlli deyil. Latın qrafikası ilə yazıldığından belə qənaətə gəlinib ki, şeirlər 1939-cu ildən əvvəl dəftərə köçürülüb. Hazırda aşığın əldə 50-dən artıq şeiri var. Əksəriyyəti qoşma, qalanları gəraylı, divani, təcnis və müxəmməsdir.
İncə zövq və şirin avaza sahib olan aşıq Musanın yaradıcılığı çoxşaxəlidir. O, aşıq şeirinin bir çox janrlarına müraciət edib. Bir-birindən gözəl bədii sənət inciləri yaradıb. Müəllifin “Nə günahı telli sazın” rədifli gəraylısı isə saz-söz pərəstişkarlarının dilinin əzbəri olub
Yek şəcər, yek dəmir,
Ara vurmur, yalan demir.
Qazı
kimi rüşvət yemir,
Nə günahı
telli sazın?
Aşıq Musanın yaradıcılığında
dövrünün ictimai
haqsızlıqlarına qarşı
bir etiraz da səslənir. Kənd
camaatının çətin
güzaranı, yerli ağaların, bəylərin
özbaşınalığı və çar çinovniklərinin haqsızlığı
el sənətkarını daim narahat edib:
Bilin, bu yerlərdə ədalət yoxdu,
Heç bilmirəm, kimə gedim dada mən?!
Sənətkarın yaradıcılığında yurd, el sevgisi çox qabarıq verilir. Göyçə ellərinin səfalı
yaylaqlarını, buz
kimi sərin bulaqlarını, ağır
ellərini vəsf edən aşıq, qürbət ellərə
yönü düşəndə
kədərlənir, yurd
həsrəti çəkir.
Bu cəhətdən onun “Balabançı”, “Dağlar”, “Görüşməyə”,
“Göndərrəm” rədifli
qoşmaları daha səciyyəvidir. O, yaşıl
yamaclarında boy atdığı,
havası ilə nəfəs aldığı
Göyçə elinə
həsr etdiyi şeirdə ana yurdunun təbii gözəlliklərini sadalamaqla
yanaşı, zəhmətkeş
insanlarının qonaqsevərliyi
ilə iftixar hissi keçirir:
Siz eşidin vəsfi-halın
söyləyim,
Yaxşı camaatdı eli Göyçənin.
Adamları saf məhəbbət
əhlidi,
Cənnətdi çəməni, çölü
Göyçənin.
Aşığın yaradıcılığında gözəllərin də
tərənnümü xüsusi
yer tutur. Onun öz elinin gözəllərinə həsr
etdiyi “İndi”, “Dilbər”, “Güllər”,
“Sənsən”, “Gülə-gülə”,
“Gözlər”, “Maral”,
“Gilas” və s. rədifli
şeirləri poetik çalarları ilə maraq doğurur. Ümumiyyətlə,
sənətkarın şeirlərində
aşıq ədəbiyyatında
tez-tez rast gəldiyimiz “mah camal”, “dəli könül”, “tuti dil”, “qaymaq dodaq”,
“ay qabaq” kimi ifadələrə tez-tez rast gəlinir. Amma aşıq bunlardan yerli-yerində, çox ustalıqla istifadə edir, yeni fikir
və məzmun yaradır.
Aşıq Musanın yaradıcılığında əxlaqi-didaktik məzmunda şeirlər də mühüm yer tutur. O, insanları mərdliyə, ədəb-ərkanlı olmağa səsləyir. Dədə Ələsgər kimi həmkarlarına el məclislərində özlərini yaxşı aparmağı, az danışıb, çox dinləməyi tövsiyə edir. Namərdlərlə yoldaşlıq etməməyə, sirr saxlamağa və digər gözəl insani keyfiyyətlərə sahib olmağa çağırır. Onun sazının, sözünün sorağı təkcə el-obamızın məclislərindən deyil, eyni zamanda Göyçənin hüdudlarından kənardan da gəlib. Belə ki, onun Dağıstan, Gürcüstan, Orta Asiya və Türkiyədə də sazlı-sözlü məclislər yola verdiyi bəllidir.
Sovet dövründə axtarışlar nəticəsində Ağkilsə kəndinin cənubi-şərqindəki qədim qəbiristanlıqda aşığın məzarı tapılır. Başdaşında aşıq Musanın vəfat tarixi hicri təqvimi ilə 1331-ci il göstərildiyi məlum olur. Bundan da belə bir nəticəyə gəlinir ki, o, 1912-ci ildə dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 12.