Şeirlər ilə
“müsahibə”...
Nədən ki, şairin özü ilə görüşüb-söhbətləşməyimiz baş tutmadı
Ömrünün baharından bəri incə
könülləri yaz kimi
yazıb, yay-payıztək
qızmandırıb-barlandırıb, hərdən də qara qəlbləri qıştəhəri dondurmaqda olan, amma... doğal şairlik əyarını dövrün
“mod”al populyarlıq
meyarı ilə hələ də proporsional
qafiyələndirə
“bilməyən” Vaqif Bəhmənli...
Onun 60 yaşına
altmış-yetmiş cümlə özümdən, bir o qədər misra da özündən...
...Bu dadlı istedadlı şair həm də çox şirin, həssas, diqqətcil, sayğı-qayğıkeş bir bəndə. Onun bu keyfiyyətlərini oxucuların da “ratifikasiya” etməsi üçün, saysız poetik və praktik nümunələrindən ikicəsini ayağa çəkmək istərdim. Əvvəlcə bir bədiisi; “Adamın kimi var - adamdan ayrı” - deyə, bütün ulularına, olularına, hətta Allaha belə “söndürmə əl telefonunu” xitabı. Və bir həyatisi; “Mədəniyyət” qəzeti redaksiyası Dövlət Film Fonduna (mənim evimə yaxın) köçərkən keçirdiyi hiss: “Qardaş, əla! Əlavə vaxt itkisi, nəqliyyat xərci özünə qaldı!..”
Görəsən, oxunduqca hiss olunacaqmı ki, mən (bayaqdan müsbətlədiyim yubilyarın yeganə “mənfi”liyi ucbatından), bu yazıya üçüncü dəfədir əl gəzdirməli oluram; onun ad günü ərəfəsində, doğum günü (23 may) və indi - düz bir ay sonra. Bunun sezilməyəcəyi ehtimalına rəğmən, həmin “keşməkeş”lərdən -
“Seşmə”lər...
Bəli, işdən-gücdən başını (şeirlərinin birindəki “...dibdən kəsiləsi keçəl”ini) qaşımağa tapmadığı vaxt-macalından ayırıb dost-tanışın da işinə yarayan, həmsöhbətləri obrazlı bir gül vuranda çiçəyi üç çırtlayan, yadlara belə bir yamanlıq üz verəndə gözləri dolan Vaqif Bəhmənli ilə görüşmək imkanımız olmadı. Mən də özlüyümdə “elə bəlkə belə yaxşıdır...” - deyə düşün-daşınnanıb, qarşımdakı irili-xırdalı gözəl nəşrlər içərisindən ən sonuncusunu - “Belə yaxşıdı” kitabını əlimə alıb, kəmali-ədəblə yenidən mütaliə etdim və dedim; -
Hə!..
Di bəri gəlin görək, a misralar! Süsən-sünbül rədiflər,
şəkər-qənd bəndlər!
Xalq əsilli, dədə-baba dilli, əksəriyyəti Turan areallı, bir qırnığı da cılxa qarabağlı şeirlər! Neçə
gündür acbeyinə
oxuya-oxuya və çoxunuza “inteqrasiya” ola-ola, birəz də siz dil-üslublu
olduğum şeirlər...
Ay “yoxdan var olan”lardan
ibarətlər, ey “bəndü-bənd”lər, mənim
belə bir qənaət qərqində
olduğumun da fərqindəsizmi ki, sizin hamınız çox mənalı, məzmunlu, məhsuldarsınız!
Elə fərmuda, elə faraşsınız
ki, sizdən nəinki sadə oxucu-dirrikçilər, heç
professional redaktor-tənqidçilər də bircə varaq “alaq” eləyə
bilməz...
Vaqif müəllim,
ağlınıza gələrdimi,
qafiyənizə girərdimi
ki, indiyənəcən
sizlər mənə
- bir oxucu olaraq qədərsiz zövqi-şövq bəxş
etməkdən əlavə,
bir gün belə bir “intervü” də verməli olacaqmışsız? Deməzsizmi,
bu dəm könlüm, sizlər içrə hər mənada böyükləri,
yaşlıları “günüləyə-günüləyə”,
“Nəvə günü”
adlı bapbalancanız
üstə köklənib...
Sual:
- Hə, noğul bala, ondan ikicə
bənd nağıllarsanmı?..
Cavab:
- Hər bazar nəvələr səpilir
bağa;
Sanki uşaq deyil,
dəndi, düyüdü.
Bərəkət qəlbimi döndərir
dağa -
Hər bazar babanın nəvə günüdü.
Ciyərim genələr göy
üzü kimi,
Nəfəsim açılar - hava günüdü.
Zülməti sanaram gündüzüm
kimi -
Hər bazar babanın nəvə günüdü...
Sual:
- Yəqin, yazı baban bundan da
baxəbərdi ki, bu gözəl hiss-həzzlər daim bütün dədələrin,
babaların, nənələrin
dillərinin ucunda, qəlblərinin qucundadır,
- sadəcə, deyib-düşürə
bilmirlər. Amma bəs o “Nəvə
günü”ndəki fərəhlər
nə, səndəki
“kədər”lər nəmənə,
ay “Özümüz olanda”
şeiri?! Bəlkə
sən də bir-iki bənd...
Cavab:
- Sayı min-min, qatı çin-çin
Arzumuz olanda yaxşıydı.
Çəpər dibində, çiçəyim,
İzimiz
olanda yaxşıydı...
Qəm piltəli iki çıraq...
Alışmağa yoxdu maraq!
Basdı
bizi oğul-uşaq -
Özümüz olanda yaxşıydı,
İkimiz
olanda yaxşıydı...
Sual:
- “İkimiz olanda yaxşıydı”?.. Çox gözəl, vəfalı bir monoqamlıq nümunəsi!
Amma... bəs onda “Qoşma” adlı birinizdəki “o məsələ”?
Məncə, orada müəllifinizin “qlobal” bir alt qat “gizlinc”i
də var. Bəs sizcə?..
Cavab:
- Sancıban güldürər
gülü arılar,
Daş-daş qəşş eləyib
oynar barılar,
Şeytanın gülməkdən zəhri
yarılar -
Eşitsə hesabdan sildiklərimi...
Vaqif son
nəfəsə zarafat
saxlar,
Gülsəm, gülüşümü amanat saxla,
Ay Allah,
min illər salamat saxla
Dərdindən anbaan öldüklərimi!..
Sual:
- Həə... Birinciniz dədə-babayi bir alqışa layiq, ikinciniz kişmişi bir gülüşə...
Elə bu heynidə aranızdakı sevgi bənövşələrindən daha hansınız bəndə düşə?...
Cavab:
- Söz dinirdi dərində
Sevənə döz deyirdi,
Xatirə
dəftərində
Qızılgül bəzəyirdi -
Sevgi şeirlərimi...
Bəyənir Kərəm lələ,
Məcnun da qollayırdı.
Oğlan
xətt sala-sala
Yarına
yollayırdı -
Sevgi şeirlərimi...
Sual:
- Bəlkə, altmışını
keçmiş qoşucunuzun
öz halalına dair Aşiqliyindən daha bir-iki bənd?..
Cavab:
- Demə arvad canavar,
Kişi quzudu, qağa.
Kişini
kişi edən -
Kişi
qızıdı, qağa!
Onsuz ömür - kömürdü,
Çürük xəzəldi, qağa.
Sərvət dəmir-dümürdü,
Arvad - qızıldı, qağa!
Ondan qopur hər balan,
Çiçək balan, nər balan,
Arvad razı olandan -
Allah razıdı, qağa...
Sual:
- Ağlım “maraqlı müsahibəyə görə
sağ olun” qəlibində ikən, beqəfil qəlbim suallandı: “Bəlkə sizin də sualınız
var”?..
Cavab:
- Xıxmış dəvələrin
hansı səhrada,
Karvan yollarını tikan, ot basıb...
Üzəngin yellənir...
qalxmırsan ata -
Nədən ürəyini qaramat
basıb,
Niyə
göz yaşını
silmirsən, Vətən,
Niyə
öz qədrini bilmirsən, Vətən?..
...Belə, ay sayca yüzcələr, vəzn-həzincə
incədən-incələr! Sizdən elənçi bir poetik-patriotik sual, bəndənizdən belənçi bir ritorik-publisistik məlal; -
Təəssüf...
Belə ki, bar-bəhərli istedad budaqlarından qopduğunuz bu bağın bağbanıyla
söhbət calağımız
tutmadı. Bir geniş həmdəm olub, sorğu-sual aləminin “qəm oduna tutuşsaydıq”, özünə də bir çox suallar verər, üzünə “bəzi” xitablar edər, lap axırda da soruşardım ki, ay Vaqif müəllim hey, 50,
54, 55 yaşlarında yazdığın
bu bəndlər, xəlvəti-xəfi qafiyələr,
“çağa” çağlar
atmacalarımızdan olmasın,
“o söz”- “bez”lər
nəymiş elə? Məsələn, necə
yəni; -
Allah, sən bilirsən nələrə dözdüm
Bu sevda yolunu tutana
kimi!
Dəli
dalğalara baş vurum, üzdür -
Eşqin dəryasında batana kimi...“?!”
Qadam, sən canın, görüşüb-eliyəndə bunu da incə-mincələrsən
görüm, 2003-də ələmləndiyin
“Qoca sevgi”də: “Canım, mən ki qara baxta
qapıyam” deyib, özünü “çoxdan
mismarlanmış taxta
qapıya” bənzətmək,
“Bir qoca at kimi qat qabağına,
Apar bir dərədə güllələ
məni” söyləyib,
“qara üzlə” qarşındakı qarşısında
“dayanıb-dura bilməmək”,
hətta “ölüb yerə girmək” hara, 2014-də nəşələndiyin
“Xanımlar”da: -
Vaqiflər də səhv eləyər -
suçum varsa, əfv eləyin!
Ölsəm, məni dəfn
eləyin
xanımlarda, balam, xanımlarda -
demək hara“?!.”
Hələ bu “Aramızda” şeirindəki o “sirr”, ey altmışi-pir! O ki yavaş-yavaş “Yavaş ol, əzilər yaz aramızda”, “Sabahdan hərlənir naz aramızda”, “Axı nə baş verib, qız, aramızda?” deyə-deyə
gəlib, lap axırda
da - ulduz görməyincə ölməyən
dili çıxarıb,
xəlvət-xəfifcə söyləyirsən e; -
Lütf
elə, bu sirri kimsə bilməsin,
Kəsik
baş gəzdirən
kisə bilməsin,
Məscid
eşitməsin, kilsə
bilməsin -
Qalsın
Allah ilə öz aramızda... “!”
Təkrari-təkriri bir təəssüf də ki, müəllifin özü ilə görüşüb-söhbətləşə
bilmədim və düzü, bu an - yazımın “tapşırma”sına az qalmış - ürəyimdə
dedim “bəlkə dördüncü dəfə
zəng edib bunu da soruşum”?
Amma əlbəəlcə,
xeyli vaxtdı xəyalımda bir az da həlim-ifal
cizgilərlə portretləşdirdiyim
şairin gülümsündüyünü
“gördüm” və hələ “inşallah, bu barədə 70 illiyimdə danışarıq”
replikasını da “eşitdim”. Mənim xəyalım isə, eləməyəsən tənbəllik,
qayıdasan ki, belə “söhbət”i bəlkə də 60-a keçmək olar, bəs, eyib olmasın, 70-də “ayıb”
çıxmazmı, şair?!.
...Ay mübtədasəda şeirlər,
xəbərsizmi, mən
bu yazıya başlayandan sonluğu da düşünüb-daşınmadayam
və -
Özü də;
özciyəzimin kifayət
qədər “priyom” formatım ola-ola, bunu da sizin
hesabınıza (və
ayağınıza) yazıram.
“Vaqif Bəhmənliyə”
adlı dərin bir ayrıcanızın - müəllif “avtoportret”inin
əsas-əksər cizgilərini
ustalıq-ustadlıqla çizmiş
birinizin sayəsinə
qələmə alıram.
O ki, deyirsən e: -
Doğulmuşdun bələyə - ümidi
tək ellərin,
İndiki bu halına ellər məəttəl
olmuş.
Koppuş
əllərin vardı,
vardı qara tellərin,
Əllərin quru budaq, tellərin xəzəl olmuş;
Qocalırsan deyəsən,
Vaqif Bəhmənlı?
Qocal!
Min yerdə məhlə tutub, yüz yerdə ev
tikdirən
bilmir sonu çaladı, hamar düzənlik deyil.
Dərisini dəyişib, sifətini
çəkdirən,
başına tük əkdirən bu dünya sənlik deyil -
qocal Vaqif Bəhmənli,
Bəhmənli Vaqif,
qocal!..
Yaxın
keçmişimizin “dərələrdən
sel kimi, təpələrdən yel
kimi” trafaretlərindən
iraq, səndəki
bu “qocal” ifadəsini “bərədə”
tutmamaq insafsızlıq
olardı və beləliklə, -
Sən:
“Qocal, Vaqif Bəhmənli, qocal!”
Mən:
Ucal, Bəhmənli Vaqif, qocalıqda da ucal!..
Və nəhayət, sağ ol, salamat qal...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 11.