Qonaqlar Bakının mədəni irsinə
xüsusi maraq göstərirlər
Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlər üçün həm paytaxtda, həm də regionlar üzrə müxtəlif turlar təklif edilir. Turistlər daha çox Bakı və Abşeron yarımadasını əhatə edən turlardan istifadə edirlər.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, qonaqlar paytaxt turu çərçivəsində Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə daha çox səfər edirlər. Bakı ətrafında isə Qobustan qoruğuna, Atəşgaha, Yanardağa maraq böyükdür. Paytaxtdakı Muzey Mərkəzində bir aya yaxındır davam edən “Şokolad muzeyi” sərgisi də qonaqların marağına səbəb olub: “Düşünürük ki, Oyunların son günlərinə yaxın turistlər ölkəmizdə daha çox qalacaqları təqdirdə digər bölgələrə də səfər edəcəklər. Ümumilikdə həm Azərbaycan Turizm Assosiasiyası, həm də turizm şirkətləri bütün xidmətləri göstərməyə hazırdır».
Şöbə müdiri əcnəbi qonaqların muzeylərlə yanaşı, teatrlara da baş çəkdiklərini bildirdi. Hazırda paytaxt teatrlarında 10-dək tamaşa ingilis dilində titrlərlə göstərilir.
Bakının mərkəzindəki
muzey və teatrların binaları
tarixi-memarlıq abidələri kimi də
qonaqların diqqətini cəlb edir:
“Ümumilikdə müşahidələr göstərir ki, turistlər ölkəmiz haqqında kifayət
qədər geniş məlumat əldə
etmək istəyirlər. Düşünürəm ki, yalnız bu idman yarışlarına deyil,
ümumiyyətlə, ölkəmizə gələn və onu tanımaq istəyən hər bir turist, əcnəbi üçün informasiya
almaq baxımından hər cür şərait yaradılıb».
Abdullayeva, Fəxriyyə
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 9.