Həmkarlar ittifaqlarının xətti ilə “Şahdağda dincəlin

 

Turizm mərkəzi Respublika Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq edəcək

 

«Şahdağ» Turizm Mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqlar aparır. Bu yay mövsümündən etibarən konfederasiyanın xətti ilə mərkəzdə turistlərin qəbuluna başlanması nəzərdə tutulur.

 

Bu barədə məlumat verən «Şahdağ» Turizm Mərkəzinin satış və marketinq direktoru Elnarə Fərzəli bildirib ki, Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq qiymətlərə də təsir göstərəcək. Onun sözlərinə görə, qurum vasitəsilə istirahət edən insanlara 50 faiz endirim ola bilər: «Hazırda bizdə 1 nəfərin istirahəti (səhər yeməyi, 2 saylı kanat yolu və 1 əyləncə daxil olmaqla) 60-65 manatdır. Nəzərdə tutduğumuz həmin 50 faizə qədər güzəştli qiymətə əyləncə, məşhur Ləzə kəndinə gəzinti də daxil olacaq. Onu da deyim ki, bizim böyük tədbirlər, mərasimlər üçün açıq və qapalı məkanlarımız var ki, burda da güzəştli qiymətlər tətbiq etmişik. Orta hesabla 30-50 manatlıq menyular təqdim edə bilərik. Eyni zamanda yeni evlənənlər, qrup şəklində dincələnlər üçün xüsusi paketlər və proqramlar hazırlanır».

«Şahdağ» Turizm Mərkəzinin yaxın gələcək planları sırasında ərazidə süni gölün yaradılması da var. Burada turistlər həm katamaran sürəcək, həm də çimib dağların əhatəsində günəş vannası qəbul edə biləcəklər.

Qış turizminin maraqlı proqramlarla təşkil edən mərkəzin əsas hədəfi yay turizminieyni səviyyəyə çatdırmaqdır. Bu məqsədlə ərazidə fəaliyyət göstərən 11 kanat yoluna 2351 metrlik yeni kanat yolu da əlavə olunacaq ki, bu da dağların mənzərəsinin füsunkar şəkildə təqdim edə biləcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 9.