Bitib-tükənməyən
təəssüratlar
“Amerikaya qayıtdıqdan sonra Bakının fotosessiyasını nəşr edəcəyəm”
“Bakı-2015” I Avropa Oyunlarının yüksək səviyyədə
təşkili, paytaxtımızın bu böyük idman tədbirinə
hazırlığı qonaqlarda zəngin
təəssürat doğurub. Budəfəki
həmsöhbətlərimiz arasında həm media
nümayəndələri, həm də idmançılar var.
Monteneqrodan gəlmiş idman jurnalistləri ilə “Bakı Kristal Hall”ın həyətində qarşılaşdıq. Onlarla söhbət əsnasında bəlli olur ki, Avropa Oyunlarını işıqlandırmaq üçün bu ölkəndən 8 jurnalist Bakıya ezam olunub. “PİNK-M” televiziyasının idman redaktoru İqor Çulatiç Avropa Oyunlarından məmnun olduğunu dilə gətirir: “Nəqliyyat, Media kəndi, arena, idman məkanları daxil olmaqla, təşkilatçılıq çox yüksək səviyyədə qurulub. Könüllülər bizimlə olduqca gözəl davranırlar. Bu mənim Bakıya ikinci səfərimdir. Birinci dəfə buraya ötən il idman jurnalistlərinin konqresinə gəlmişdim. Şəhər çox gözəldir. Nadir memarlıq üslubunda tikilmiş binalar diqqəti cəlb edir. İndi dayandığımız bu məkan o qədər əsrarəngizdir ki. Qarşıda görünən Bayraq Meydanı Kompleksi, onun üzərində yellənən Azərbaycan bayrağı, ətrafımızdakı Xəzər dənizi, “Kristal Hall” - bütün bunlar çox möhtəşəmdir və maraqlı harmoniya təşkil edir”.
Monteneqronun “Dant” gündəlik qəzetinin əməkdaşı Todor Brakoviç Azərbaycan haqqında əvvəlcədən məlumatlı olduqlarını deyir: “Axı biz digər bir sıra Balkan ölkələri ilə birlikdə keçmiş sosialist dövlətinin - Yuqoslaviyanın tərkibinə daxil olmuşuq. Bu baxımdan insanlarımız Azərbaycan haqqında məlumatlıdır, ölkənizin tarixi, üzləşdiyi Qarabağ münaqişəsi haqqında da bilirlər. Avropa Oyunlarında 25 atletimiz iştirak edir. Müntəzəm şəkildə ölkəmizə xəbərlər, reportajlar hazırlayıb göndəririk. Əminəm ki, bizim reportajlarımızdan sonra Monteneqroda Azərbaycanı xüsusilə gənc nəsil daha çox tanıyacaq”.
Rusiya Boks Federasiyasının saytında jurnalist kimi çalışan Boris Valiyev Avropa Oyunlarının ilk dəfə Bakıda təşkilinin əhəmiyyətini vurğulayır: “Bu günə qədər 9 dəfə Olimpiya Oyunlarında olmuşam. Təşkilatçılıqda heç bir fərq görmürəm. Bilirsiniz, bu oyunlar ərəfəsində, elə indi də, tez-tez belə bir sual verilir - Avropa Oyunlarının keçirilməsi vacib idimi? Buna hər kəsin özünəməxsus cavabı var. Məsələn, mən belə deyirəm: Dünya idman aləmində Asiya Oyunları, Amerika Oyunları varsa, bu niyə olmasın. Avropa Oyunları çoxdan olmalı idi və biz buna bir qədər gecikmişik. Həm də bu, siyasi konfliktlərdən daha yaxşıdır. Qonaqpərvər Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə ölkələr, insanlar arasında da daha gözəl münasibətlər quruldu. Axı idman həm də sülh deməkdir”.
Həmsöhbətim Bakıda aldığı dərin təəssüratlarla bağlı məqalə də yazmağı planlaşdırır: “Hər gün yarışlar haqqında saytımıza məlumat göndərirəm. Oyunlar bitdikdən sonra öz təəssüratlarımla bağlı məqalə yazacağam. Özünüz də görürsünüz ki, burada jurnalistlərə işləmək üçün bütün lazımi şərait yaradılıb. Təcrübəli idman jurnalisti kimi deyərdim ki, Bakı bu böyük idman tədbirinin öhdəsindən layiqincə gəlir”.
Suya sinxron tullanma üzrə qızıl medal qazanan almaniyalı idmançı Luiza Stavçinski də Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunlarının yüksək səviyyədə olduğunu bildirdi: “Deyərdim ki, bu, indiyədək iştirak etdiyim beynəlxalq yarışların ən mötəbəridir. Təşkilatçılıq xüsusilə yüksək standartlara uyğun qurulub. İdmançılara gözəl şərait yaradılıb. İnanırıq ki, “Bakı-2015” Avropa Oyunları idmançıların həyatlarında ən yaddaqalan hadisə olacaq”.
Növbəti həmsöhbətim türkiyəli boksçu Torah Pehlivandır: “Mən doğma torpağım Azərbaycandayam. Hər iki tərəfin idmançıları qalibiyyəti iki ölkənin bayraqları ilə qeyd edirlər. Deməli, biz doğrudan da, bir millət iki dövlətik. “Bakı-2015” çoxlu sayda idmançını bir araya gətirməklə Olimpiya Oyunları səviyyəsində yarışları xatırladır. Bu günə qədər Azərbaycana 6-7 dəfə gəlmişəm. Hər gəldiyimdə yeni tikililər gördüm. Bakı günü-gündən böyüyür və müasirləşir”.
Fransalı boksçu Omiha Sofiano da təəssüratlarını bizimlə bölüşür: “Bu yarışlar bir çox idmançılara gələcək karyeralarında daha böyük uğurlar əldə etmək üçün bir tramplin rolunu oynayır. Atletlər bu yarışlar vasitəsilə Olimpiya təcrübəsi qazanırlar. Bu baxımdan düşünürəm ki, Avropa Oyunlarının böyük gələcəyi var. Avropa idman tarixinin bu cür yarışlara ehtiyacı var idi”.
İdmançı söhbət əsnasında Azərbaycan milli mətbəxindən də danışır və yeməklərimizi çox bəyəndiyini deyir: “Azərbaycan mətbəxinə laqeyd qalmaq mümkün deyil, çox gözəl yeməkləriniz var. Bundan başqa, hər an kömək göstərməyə hazır olan könüllülərin işi xoşuma gəldi. Ölkəniz haqqında məndə çox gözəl təəssüratlar yarandı”.
İrlandiyanın basketbol üzrə jurnalisti Ros Odonoque isə Azərbaycana ilk dəfə gəldiyini söyləyir: “Bu oyunlar müasir idman mediası üçün vacibdir. Yarışlar başlayandan bəri həm İrlandiya televiziyasında, həm qəzetlərində, həm də elektron mediada xəbər və reportajlar verilir. Bakıda olmaq çox gözəldir. Könüllülərin yardımı ilə şəhərdə bir neçə yerdə oldum və çox xoşuma gəldi. Yarışların keçirildiyi məkanlar, orada qurulan infrastruktur müasir standartlar səviyyəsindədir”.
ABŞ-ın “Getti İmages” kompaniyasının fotojurnalisti Tom Peniqton da idman məkanlarının yüksək səviyyədə olduğunu dilə gətirir: “Məsələn, üzgüçülük hovuzu çox xoşuma gəldi. Biz burada böyük heyətlə təmsil olunuruq. Jurnalist kimi də işləmək asandır, çünki bütün lazımi şərait yaradılıb. Bu günə qədər dünyanın çox ölkəsində olmuşam. Düşünürdüm ki, Bakı Şərq şəhəridir. Maraqlıdır ki, biz onun kosmopolit olduğunu gördük. Ölkənizə ilk dəfədir ki, gəlirəm. Həmkarlarımla qərara aldıq ki, Bakı səyahət etmək üçün maraqlı şəhərdir. Amerikaya qayıtdıqdan sonra Bakının fotosessiyasını nəşr edəcəyəm”.
Mehparə
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 7.