Teatrlardakı
yeniliklər qonaqların ürəyincədir
“Əslində biz yarışlara gəlmişdik, lakin mədəni proqramlar da hədsiz marağımıza səbəb oldu”
Ölkəmizin
ev sahibliyi etdiyi ilk Avropa
Oyunları zəngin mədəniyyətimizi, incəsənətimizi
nümayiş etdirmək üçün
gözəl fürsətdir. Çünki
idman bayramına gələn əcnəbi
qonaqlar yarışları izləməklə
yanaşı, Azərbaycanı da “kəşf”
edirlər. Mədəniyyətimizin
nümunəvi təqdimatı məqsədilə
“Bakı-2015” I Avropa Oyunları Təşkilat
Komitəsi və Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı,
teatr-konsert müəssisələrinin
iştirakı ilə zəngin mədəni proqram
hazırlanıb. Mədəni proqram
çərçivəsində paytaxtın aparıcı
teatrları da repertuar
seçiminə xüsusi diqqət
ayırıblar. İyunun 12-dən etibarən
teatrlarda tamaşaların sinxron
və titrlərlə tərcümədə nümayişi
həyata keçirilir.
İlk Avropa Oyunları ilə bağlı bu yenilikləri izləmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Dövlət Musiqili teatrlarında olduq.
Subtitrli nümayişlər Avropa Oyunlarından sonra da davam edəcək
Gənc Tamaşaçılar Teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası təqdim olunurdu. Yerli izləyicilərlə yanaşı, əcnəbi qonaqların da zalda olması diqqətimizdən yayınmadı. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirdi ki, teatrda artıq 7-ci tamaşa sinxron və titrlərlə nümayiş olunur: “Bir neçə gün öncə təqdim edilən “Romeo və Cülyetta” tamaşasında da xeyli sayda əcnəbi qonaq iştirak edirdi. “III Riçard” tamaşasına da xarici vətəndaşlar gəlmişdi. Avropa Oyunları çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini repertuarımıza daxil etmişik. İnanıram ki, şəhərimizin qonaqları teatrlarımızla tanış olmağa zaman tapacaqlar. Onu da qeyd edim ki, ötən illərlə müqayisədə bu mövsüm yerli tamaşaçıların teatra marağı daha böyükdür. Tamaşalar zamanı ingilis dilində subtitrlərin tətbiqi Oyunlar bitdikdən sonra da davam etdiriləcək. Tərcümə etdiyimiz tamaşalar repertuar müddətində daim işlək olacaq. Digər bir hal isə ondan ibarətdir ki, hazırda tərcümə edilmiş tamaşalardan hər hansı biri digər xarici ölkələrdə festivala dəvət alarsa, biz həmin tamaşanı orada təqdim edə bilərik. I Avropa Oyunları çərçivəsində tətbiq edilən yeniliyin müsbət tərəflərindən bəhrələnmək və bunu gələcəkdə də istifadə etmək imkanımız yarandı”.
M.Həmidov qeyd etdi ki, Gənc Tamaşaçılar Teatrı təmir ediləndə hərəkətedici qurğularla təchiz edilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə digər teatrlara da bu qurğular gətirilib. Teatrlarımız tətbiq edilən bu yeniliklə tamaşaçı auditoriyasını daha da genişləndirmiş olurlar.
Tamaşanı izləyənlər arasında İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş turistlər var idi. Bir gün əvvəl “III Riçard” tamaşasına isə Belarus və Rusiyadan izləyicilər gəlmişdi. Belaruslu qonaq bir neçə dəfə Bakıda olduğunu, amma ilk dəfə Azərbaycan aktyorlarının çıxışını izlədiyini qeyd etdi. Avropa Oyunları və şəhərimiz haqqında təəssüratlarını bölüşən əcnəbi qonaqlar razılıqlarını ifadə etdilər. Tamaşa zamanı tərcüməni dəyərli hadisə kimi qiymətləndirərək, məmnun qaldıqlarını bildirdilər.
İyunun 20-də nümayiş olunan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası zamanı zaldakı qonaqlar əsl Şərq koloriti ilə tanış oldular. Musiqi nömrələri, milli geyimlər xüsusilə diqqət çəkirdi. Eyni zamanda əsərin məzmununu düzgün qavramaları onlarda təəssürat yarada bilirdi. Tamaşadan sonra teatrın direktoru qonaqlarla görüşərək tamaşa ilə bağlı təəssüratlarını öyrəndi. Amerika Birləşmiş Ştatlarından, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı fikirlərini bölüşdülər.
Tamaşaların əksəriyyətini xarici qonaqlar da izləyirlər
Bu ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulub. Səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxil edilib. Teatrın rəhbərliyi bildirir ki, ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsi ilə əlaqədar repertuarda olan bir sıra əsərlərin ingilis dilinə tərcüməsi reallaşdırılıb. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, O. Kazimi və R.Heydərin “Qızıl toy”, J.B.Molyerin “Skapenin kələkləri”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə qaçan titrlər vasitəsilə əcnəbi qonaqlar üçün nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu imkanlar gözləniləndən də yüksək effekt verib.
Teatrda bir sıra tamaşalar eyni zamanda rus
dilində də nümayiş olunur. İyunun 18-də J.B.Molyerin “Skapenin kələkləri” tamaşası
nümayiş etdirildi.
Tamaşadan əvvəl teatrın
mətbuat xidmətinin
rəhbəri Samir Sədaqətoğlu bildirdi
ki, bu günlər
teatrda nümayiş olunan tamaşaların əksəriyyətini xarici
vətəndaşlar da
izləyiblər. Bu da turistlərin Azərbaycan incəsənətinə
marağının nümunəsidir.
Tamaşalara Almaniyadan,
Rusiyadan və Ukraynadan qonaqlar gəliblər. Rus dilində oynanılan
səhnə əsərləri
isə xarici qonaqlara eyni zamanda ingilis dilində də subtitrlər vasitəsilə
təqdim olunur.
Teatr qonaqların
yaradıcı heyətlə
tanışlığı üçün də şərait yaradır. “Skapenin
kələkləri” tamaşasında
rolları Əməkdar
artist Boris Qrafkin, aktyorlar
Emil Heydərov, Marina Litvinenko,
Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov, Əliməmməd Novruzov,
Rauf Babayev, Yuliya Heydərova ifa edirdilər.
Tamaşadan sonra qonaqlar əsərin quruluşçu
rejissoru, Əməkdar
incəsənət xadimi
Əsgər Əsgərov
və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşdülər. Səmimi şəraitdə
keçən söhbət
zamanı qonaqlar tamaşadan razı qaldıqlarını, təqribən
iki saat ərzində çox böyük mənəvi zövq aldıqlarını
bildirdilər. “Teatrınızın çox
unikal və möhtəşəm binası
var. Tamaşa da yüksək səviyyədə
hazırlanıb. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın
ən inkişaf etmiş ölkələrindən
birinin teatr salonundayıq. Azərbaycan son illərdə Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir.
Elə təkcə I Avropa Oyunlarının açılış
mərasimi bunun əyani sübutudur”, - deyə qonaqlar fikirlərini bölüşüblər.
Fasilə zamanı biz də xarici turistlərdən bir neçəsinin təəssüratlarını öyrənməyə çalışdıq. Əvvəlcə qeyd edim ki,
əllərində Bakının
xəritəsi olan qonaqlar teatrdan sonra hansı əyləncə məkanına
gedəcəklərini müzakirə
edirdilər. Tamaşa və
Bakı haqqında təəssüratları isə
çox yüksək
idi. Şəhərin müasirliyi və
qədimliyi, eyni zamanda teatrların mərkəzdə yerləşməsi
onların daha çox xoşuna gəlmişdi. Bildirirlər ki, burada hər
kəs onları mehribanlıqla qarşılayır,
lazım olan köməyi əsirgəmirlər.
Sloveniyalı Leo Osred ilk dəfə
Bakıya gəlib və gözəl təəssüratları var:
“Bakıya gələndə
bu cür ab-hava ilə qarşılaşacağımız ağlımıza belə
gəlməzdi. Həm mədəniyyəti
həm də nəhəng idman sarayları olan bir ölkənin şahidi olduq. Əslində biz yarışlara gəlmişdik, lakin mədəni proqramlar da hədsiz marağımıza səbəb
oldu. Gün ərzində yaradılan
bayram əhvalı bizi sevindirir”.
Yerli tamaşaçılar
da bu yeniliyə
biganə deyillər. İstər Gənc
Tamaşaçılar Teatrı,
istərsə də Musiqili Teatrda olduğumuz zaman sənətsevərlərimizin tətbiq
olunan yeniliklərə
münasibətinin müsbət
olduğunu müşahidə
etdik.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 5.