Vur haaa!..”

 

Bu qədim ümumtürk haykırtısını dünyaUraaa!” asimilyasiyası ilə yaşatmaqda...

 

O “vur haaa!”nın yaddaşımızda yaşamı üçün babalarımız oğullarına “Qılıncımız qımıldansa, düşmənimiz gumbuldanmaz!”, nənələrimiz nəvələrindən ən qoçağına qədim tayfalarımızdan biri adına işarətlə “qıpçağım!” - deyə öyə-öyə, aşıqlarımız yığnaqlara “Hoydu, dəlilərim, hoydu!” qoşa-qoşa el-obaları oyatılamış, günlərin bir günü də küll-xalqımız bayatılamış:

 

Mən aşıq, bürclü olar,

Qalalar bürclü olar.

Ər-ərəni çox olan

Ordular güclü olar!..

 

Dünənimizə məxsus dahilərimiz isə - o ulu babaların, ipək nənələrin, bulaq aşıqlarıntayfa”-“el”-“obaadlı pərakəndəada”ları birləşdirib yaratdıqları xalqı millətləşdirmək üçünBir kərə yüksələn bayraq bir daha enməz!”, “Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!” kimi milli-mənəvi qürur atributları yaratmış...

Beləliklə, hazırda hamımızın güvəndiyimiz, düşmənlərimizinsə çəkindiyi qüdrətli Ordumuz da yaranmış ki, bu gün onun Günüdür! Bütün digər günlərimizin müdafiəçisi olan GÜN!

Bəli, 26 iyun bütün Vətən varidatımızın - sərhədlərimiz tutumlu Milli ev-eşiyimizin, böyük əsilli mədəniyyətimizin, fiziki-mənəvi mənliyimizin keşiyini çəkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixinin bayramlanması Günüdür...

Bütün soydaşlarımızın düşüncəsində qürur, qəlbində fəxarət yaradan bu qüdrətli tarixi Gün haqda -

 

Tarixi faktlardan...

 

Azərbaycan Xalq Cümhuriyyətinin bolşevizm basqılı süqutundan sonra, təbii ki, 1918-ci il iyunun 26-da yaradılmış ilk milli-müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu da ləğv edildi. Yetmiş bir il sonra xalqın böyük mübarizə əzmi ilə bərpa edilən müstəqilliyimiz sayəsində milli ordumuz yenidən bünövrələnməyə başladı. Varisi olduğumuz ilk müstəqil Cümhuriyyətimizin atributlarına sayğı əlaməti olaraq, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Bu tarixçənin bünövrələndiyi vaxtlara nəzər yetirsək, nələr görərik...

Geostrateji mövqeyinə görə böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda müstəqil Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində daha ciddi, daha mühüm addımlar atılırdı. 1918-ci il mayın 28-də qəbul edilmişİstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün, bir an belə vaxt itirmədən nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Hökumət 25 min nəfərlik nizami ordu yaratmaq vəzifəsini irəli sürmüş, dövlət büdcəsinin 24 faizini hərbi məqsədlər üçün ayırmışdı. 1918-ci il avqustun 1-də Hərb Nazirliyi təsis olunur, milli məhəbbətin, diqqətin, var-dövlətin əsas hissəsi bu hədəfə yönəlir, general Səməd bəy Mehmandarov nazir, “rus artilleriyasının Allahıadıyla məşhurlaşmış general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilir.

1919-cu ildə Bakıda ordumuzun ilk hərbi paradı keçirilir. Tarixi məlumatların da təsdiq etdiyi kimi, həmin ilk paradı möhtəşəmliklə keçirməkdə ilk milli ordumuzun tam mənəvi-məhsuldar haqqı vardı. Belə ki, bu ordu qısa müddət ərzində Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını ətraf qəzaları erməni-bolşevik işğalından azad etmişdi. Bu ordu Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının intellekt səviyyəsi taktikaları, “düşmənindinc”inə yox, yalnıznadinc”inə qarşı!” prinsipi ilə döyüşən əsgərlərinin şücaət-cəsarətlərilə, çar Rusiyasının xalqımızın “mental bioqrafiyasıadına formalaşdırmağa çalışdığıdikiy-nekiykimi siyasi ayamaları heçə-puça çıxarırdı...

Lakin... müharibələrin əzəli-əbədi ifadələrindən olanqüvvələrin qeyri-bərabərliyi”...

Əslində, bu ifadənin özü o vaxtkı reallıqlar müqabilində bir məğlub! Nədən ki, yenicə doğulmuş bir ordu haramzada qonşumuzun qəfilcil namərdlikləri, istiqlalımızı batil, ölkəmizi işğal üçün gəlmiş tarixcə yüzillər, xislətcə quduzlar ordusu qarşısında duruş gətirə bilməzdi!

O vaxtlardan başlayıb, ötən əsrin son onilliyinədək davam edən hadisələri, mənzərələri görənlərimizin çoxusu gedib, oxuyanlarımızın azı qalıb. Bugünkü Ordumuz isə!..

 

Belə ki;

 

Bu qədim, əxlaqi-mədəni dəyərlərilə bənzərsiz ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra, ilk mərhələlərdə hərbi-müdafiə sarıdan ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilir, ordumuzun maddi-texniki təminatı problemlərlə üzləşirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində təsirli tədbirlər görüldü. Cəbhədə məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Bundan əvvəlki könüllü batalyonlardan nizami orduya doğru ciddi addımlar atıldı. Hərbi səfərbərlik, orduya çağırış işlərindəki büdrəmələr, fərarilik, qeyri-tabelilik, səngər-əngəl məsələləri yoluna qoyuldu.

1993-cü ilin sonlarından başlayaraq ordu quruculuğuna elmi-metodoloji prinsiplərlə yanaşılmağa başlandı. Silahlı qüvvələr pərakəndəlikdən xilas oldu. Ümummilli lider Heydər Əliyev öz hakimiyyəti dövründə aqil Prezident, ayıq-sayıq Ali Baş Komandan olaraq, dövlətin, hökumətin, xalqın bütün diqqətini ordumuzun daha da qüdrətli olmasına yönəltdi.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava Hava Hücumundan Müdafiə, Hərbi Dəniz Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Bu gün Azərbaycan MDB məkanında hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması kimi vacib, tarixi əhəmiyyətli bir mərhələyə nail olmuş bu ordu istənilən vaxt torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir! Bu milli-həyati missiyanın, milli yaşam kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji əhəmiyyətli sahələrdə daha dinamik inkişafa yol açması, ardıcıl sistemli islahatlar həyata keçirməsi Milli Ordumuzun müdafiə qüdrətinin, döyüş qabiliyyətinin, maddi-texniki təchizatının, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi siyasəti prioritet istiqamətlər kimi diqqəti çəkir hər bir vətəndaşın ürəyində belə bir marş sədalanır: Sabahkı Qələbəyə doğru, Azərbaycan!..

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 15.