«City Sightseeing Baku» avtobusu
ilə şəhər
gəzintisi
Tur iştirakçıları təəssüratlarını
qəzetimizlə bölüşdülər
Avropa Oyunları ilə
bağlı ölkəmizə
gələn turistlər
idman yarışlarını
izləməklə yanaşı,
paytaxt Bakını və yaxın ərazilərdə yerləşən
turistik məkanları
gəzmək fürsətindən
də yararlanırlar.
Qonaqlarımızın Bakıda daha çox hansı məkanlara üz tutduğunu və təəssüratlarını öyrənmək üçün
istirahət günü
biz də şəhər
gəzintisinə çıxdıq. Gəzintimizi şəhər turları
«City Sightseeing Baku»nun avtobuslarından
birində reallaşdırdıq.
Qeyd edək
ki, «City Sightseeing Baku» dünyanın
bir çox şəhərlərində fəaliyyət
göstərən «City Sightseeing Worldwide» şirkətinin Azərbaycandakı
nümayəndəliyidir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ilin aprelindən fəaliyyətə
başlayan şirkətin
məqsədi Bakı
şəhərinin mədəni
irsinin və turizm imkanlarının təbliğidir. Şəhər turları gündə bir neçə dəfə 45 dəqiqə
intervalla təşkil
edilir. MAN markalı
avtobuslar ekskursiya məlumatlarının 8 dildə
(Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və
yapon) səsləndirilməsi
üçün xüsusi
avadanlıqla təchiz
olunub. «City Sightseeing Baku» avtobuslarının marşrutu
Azadlıq meydanından
başlayan 16-cı dayanacaqdan
keçir. Yay mövsümündə
avtobuslar səhər saat 11.00-dan axşam saat 22.00-dək hərəkət
edir və hər dayanacaqda 2-3 dəqiqə dayanır.
Turlar 3 avtobus
vasitəsilə həyata
keçirilir. Əcnəbilər Bakı şəhərini
bu komfortlu avtobuslarda gəzmək üçün 20 manat ödəməlidir. Yeli
vətəndaşlar üçün
biletlər 10 manat, 16 yaşına qədər uşaqlar, təqaüdçülər,
tələbələr üçün
5 manat, 6 yaşa qədər uşaqlar, əlil insanlar, mətbuat işçiləri,
hotel əməkdaşları və turizm şirkətlərinin nümayəndələri
üçün pulsuzdur.
Azərbaycanın cəlbedici xüsusiyyətləri
var
Jurnalist vəsiqəsi və Avropa Oyunlarına akkreditasiya kartı ilə avtobusa biletsiz daxil olub əyləşirəm. Diqqətimi bir-biri
ilə söhbət edən turist cəlb edir. Yaxınlaşıb jurnalist olduğumu
bildirir və Azərbaycanla bağlı
təəssüratlarını bölüşmələrini xahiş
edirəm. Müsahiblərim özlərini təqdim edirlər. Laurent Bony və Antonio Alves Rosa Böyük Britaniyadan gəliblər. Bu ölkənin Avropa Oyunlarında iştirak edən heyətinin üzvləridir. Dediklərinə görə, yarışların
qrafiki sıx olduğu üçün
hələ Bakını
tam gəzmək fürsətləri
olmayıb. Elə
bu avtobus turunda iştirak etməkdə əsas məqsədləri də
Azərbaycan paytaxtı
ilə tanış
olmaqdır.
Təəssüratlara gəldikdə, dostlar öz aralarında danışıb Antonio Alves
Rosanın fikir bildirməsini uyğun hesab edirlər. Dünyanın
bir çox ölkələrində, o cümlədən
Fransa, Portuqaliya, Avstriya, ABŞ, Yaponiyada olan həmsöhbətimiz
deyir ki, Azərbaycanın da xarici turistləri cəlb edən xüsusiyyətləri var:
«Əvvəla, deyim ki, bura gələnə
qədər belə yüksək şəraitlə
qarşılaşacağımı düşünmürdüm. Çünki ölkəniz haqqında elə də geniş təsəvvürüm
yox idi. Qaldığımız Atletlər kəndində
hər şey normaldır. Şəhərdə bir neçə yerdə nahar etmişik. Milli mətbəxiniz, xüsusilə də dolma (təsvirindən badımcan, bibər, pomidor dolmasını dediyini anlayıram), bir də qutab
çox xoşuma gəldi. Hələ ki burdayıq,
güman edirəm daha çox yerlərə getmək imkanımız olacaq».
Britaniyalı qonaqlar İçərişəhərdə
düşəcəklərini deyirlər. Onlar bu qədim məkan haqqında çox eşitdiklərini,
indi də onu gözləri ilə görmək istədiklərini bildirirlər.
“İçərişəhəri və bulvarı daha çox sevdik”
«City Sightseeing Baku» avtobusunda yol yoldaşı olduğumuz digər qonaqlar Slovakiyadan gəlmiş Mişal Gogola, Lucicı Vuzan-Valoçka və Miroslav Gogoladır. Ölkələrinin su polosu üzrə
komandasının üzvləridirlər.
Həmin gün oyunları olmadığına
görə Bakı ilə tanış
olmaq fürsəti əldə etmişdilər.
Avtobusa «Azneft» meydanından mindiklərini deyən qonaqlar paytaxtımızın
onlarda bir Avropa şəhəri təsəvvürü formalaşdırdığını
söylədilər.
Miroslav Gogola: «Dünən İçərişəhərə getmişdik. Məncə, bu yer ölkənizin nə qədər qədim tarixə malik olduğunun ən böyük sübutudur.
Burada hər binanın, tikilinin tarixi haqqında məlumat öyrənmək istəyirdik.
Çünki şəhər bizdə
gözəl təəssürat
yaratmışdı. İçərişəhərdə bir restoranda
nahar etdik. Çox ləzzətli yeməklər
təqdim edirdilər».
Lucicı
Vuzan-Valoçka: «Mənim
dənizkənarı bulvar
daha çox xoşuma gəldi. Bulvar həm böyükdür,
həm də təmizdir. «Park Bulvar» alış-veriş
mərkəzində də
olmuşuq. Düzünü desəm, Slovakiya ilə müqayisədə
sizdə geyim bahadır. Amma ümumilikdə götürdükdə
Bakıda darıxmaq mümkün deyil, çünki əyləncə
məkanları və
gəzməli yerlər
çoxdur. Oyunlardan və
məşqlərdən imkan
olduqca şəhərinizlə
tanış olmağa
çalışırıq».
“İnsan vətəni haqqında belə xoş sözlər eşidəndə çox
qürurlanır”
Gözümüz bir tərəfdə sakitcə oturub bizi maraqla izləyən
soydaşımıza sataşır. Yaxınlaşıb onunla da həmsöhbət
oluruq. Səlim Məhərrəmov həkim
olduğunu, Şirvandan
boks yarışlarını
izləmək üçün
gəldiyini deyir: «Bakıda tələbəlik
illərində yaşamışam.
Bu şəhərin hər qarışı mənim üçün əziz bir xatirədir.
İşimlə əlaqədar Bakıya
tez-tez gəlirəm və hər gəlişimdə də bir yenilik görürəm.
Yarışlar axşam 8-də «Kristall Hall»da başlayacaq. Ona görə
vaxtımı keçirmək
üçün bu avtobusla şəhəri gəzmək qərarına
gəldim. Bayaqdan xaricilərin
sizinlə söhbətinə
qulaq asıram. İnsan vətəni haqqında belə xoş sözlər eşidəndə
çox qürurlanır».
Avtobus Muzey Mərkəzinə yaxınlaşdıqda
biz də düşməyə
hazırlaşırıq. Artıq avtobusda
tək-tük sərnişin
qalmışdı. Dayanacaqda isə
bir neçə xarici turist və
Avropa Oyunları könüllüləri avtobusu
gözləyirdi.
* * *
Müşahidələrimizə əsasən deyə bilərik ki, «City Sightseeing Baku» avtobuslarına
Qız qalası, «İçərişəhər» metro stansiyası və Kukla Teatrı yaxınlığındakı dayanacaqlardan
daha çox sərnişin minirdi, elə bu məkanlarda
düşənlər də
çox olurdu.
Şirkətin baş direktoru Əfsun Əhmədovun sözlərinə görə,
avtobuslar gün ərzində 100-dən artıq
insana xidmət göstərir ki, onların da əksəriyyəti xarici
turistlər olur. Şirkət
rəhbəri Bakıdakı
hotellərlə yaxından
əməkdaşlıq etdiklərini,
şəhər turlarına
bilet satışının
mehmanxanalarda da reallaşdırıldığını dedi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 9.