Xorvatiyanın turizm imkanlarına həsr olunmuş görüş keçirilib

 

İyunun 23-də Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Xorvatiyanın turizm potensialının tanıdılması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə «Welcome to Croatia» ("Xorvatiyaya xoş gəlmisiniz") layihəsi çərçivəsində bu ölkənin turizm nümayəndələri ilə görüş keçirildi. Görüşdə Xorvatiyanı Zaqreb Turizm İdarəsi təmsil edirdi.

 

Tədbirə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti Zladko Mateşa, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əməkdaşları və I Avropa Oyunlarında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn xorvatiyalı nümayəndələr qatılmışdı.

Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti Zladko Mateşa çıxış edərək I Avropa Oyunları ilə bağlı Azərbaycanda olmasından məmnunluğunu bildirdi və Oyunların çox yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkələrarası əlaqələrin genişləndirilməsində idmanın rolundan bəhs etdi. Onun sözlərinə görə, idman yarışları kimi, turizm də ölkənin tanınması baxımından olduqca önəmlidir. Bu səbəbdən də hər bir ölkə turizmin inkişafına xüsusi önəm verir.

Zaqreb Turizm İdarəsinin direktoru Luka Benka Xorvatiyanın turizm potensialından bəhs edən videoçarxı təqdim etdi. Bildirdi ki, iki ölkənin turizm şirkətlərinin əməkdaşlığı üçün əlverişli şərait mövcuddur. Xüsusilə də Zaqreb şəhərinin kurort-rekreasiyaturizm imkanlarının inkişaf dinamikası buna əsas verir.

Görüşdə Xorvatiyanın Adriatik dənizi boyu sahillərində yerləşən Dubrovnik, Zadar, Split kimi şəhərlərinin turizm imkanlarından da söz açıldı. Qeyd olundu ki, Xorvatiyanın Dolmatsiya, İstra regionları il ərzində çoxlu turist qəbul edir və yaxın gələcək üçün populyar turizm istiqamətləri kimi geniş perspektivlərə malikdir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 8.