Əlil arabası həyatın
sonu deyil
“Biz də bu ölkənin vətəndaşlarıyıq və istəyirik ki, Avropa Oyunlarına
öz töhfəmizi
verək”
Avropa Oyunlarında iştirak
edən könüllülər
arasında indi onu demək olar ki, hamı
tanıyır. Qarabağ
müharibəsi əlili,
Avropa Oyunlarını
əlil arabasında işıqlandıran yeganə
fotoqraf İlham Məhərrəmovun Prezident
İlham Əliyevlə
birgə fotosu bu idman bayramından
yaddaqalan xatirələrdən
biri olacaq. Onunla “Kristal Hall”da həmsöhbət olduq. İ.Məhərrəmov
iş başında idi.
- Artıq 21 ildir ki, əlil arabasında
gəzirəm. Jurnalistikaya həmişə
marağım olub.
Bir neçə il əvvəl
televiziyalara müraciət
edərək əlilliyi
olan bir şəxs kimi bu qəbildən insanlar haqqında silsilə verilişlər
hazırlamaq istədiyimi
bildirmişdim. Bu müraciətlərimə cavab
almadıqdan sonra belə qərara gəldim ki, indi informasiya-kommunikasiya dövrüdür, niyə
internetdə öz fəaliyyətimizi işıqlandırmayaq?
Beləcə, “Arabaçı” internet televiziyasını yaratdıq.
10 nəfər könüllü işçimiz
var. Hamısı əlildir.
Bir çox tədbirlərdə iştirak
etdikdən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyətimizi bəyəndi
və bizə dəstək göstərilməsi
ilə bağlı müvafiq tapşırıq
verdi. Ondan sonra
nazirliyin balansında olan bir çox
məkanlarda çəkiliş
aparıb verilişlər
hazırladıq. Bu bizə
stimul verdi.
Hazırda sağlamlıq imkanları
məhdud şəxslər
üçün peşə
reabilitasiya mərkəzində
müəllim işləyirəm.
Avropa Oyunlarına 20 nəfər
əlilliyi olan insanı könüllü
kimi cəlb etmişəm, özüm
də qrup rəhbəriyəm. “Kristal
Hall”da media qrupunun üzvüyəm.
- Necə oldu ki, Avropa Oyunlarında
könüllü olmaq
qərarına gəldiniz?
- Avropa Oyunlarına könüllü kimi yazılanda öz müraciətimdə dedim
ki, biz də bu ölkənin vətəndaşlarıyıq və istəyirik ki, bu böyük
tədbirə öz töhfəmizi verək. Əvvəlcə düşündülər ki, axı əlil
arabası ilə nə edə bilərik. Lakin mən onlara
bildirdim ki, əlil arabasında olan hətta maşın da sürə bilər, informasiya bölmələrində,
bilet satışı
yerlərində işləyə
də bilərik.
Burada işimiz qrafikə uyğundur, bir gün işləyirik, sonra 1 və ya 2 gün istirahət
edirik. Avropa Oyunlarından da
əvvəl bizə şərait yaratdılar.
Bir neçə obyektdə əlilliyi olan insanlar üçün veriliş hazırladıq.
Müraciət etdik ki, bütün idman zallarında əlilliyi olan insanlar üçün
də şərait var, siz də
qatıla bilərsiniz.
- Dövlət başçısı
ilə birgə fotonuz sizi cəmiyyətə,
daha geniş auditoriyaya tanıtdı...
- Həmin gün taekvondoçumuza qızıl
medal təqdim edən
Prezident məni gördü. Mən onun şəklini
çəkmək istəyirdim.
Lakin o məndən fotoaparatı alıb köməkçimə verdi və dedi ki, şəklimizi
çək. Dövlət
başçısının bu diqqəti əlilliyi olan bütün insanlara böyük stimul verdi. Vaxtilə 21 yaşımda
könüllü olaraq
Qarabağa döyüşlərə
getmişdim və onda əlimdə silah var idi.
İndi isə əlimdəki fotoaparatla millətimə xidmət edirəm. Amma məqsəd eynidir - vətənə xidmət.
İnternet səhifəmiz var,
operativ video çəkir,
dərhal montaj edir, orada yerləşdiririk.
Əlil arabasında o
qədər peşəkar
var ki, lakin
özlərinə inamları
yoxdur, hansısa səbəbdən bir az küskündürlər.
Biz bu hərəkata
20 nəfərlə başladıq.
2017-ci il İslam Oyunlarında bu hərəkatda daha çox könüllü əlil görəcəksiz. Biz öz təşəbbüsümüzlə
ruhdan düşən
əlliləri də həyata ruhlandırırıq.
Avropa Oyunlarının
açılış mərasimində
məşəlin alovlandırılmasını
I qrup Qarabağ qazisi, 2 dəfə Paralimpiya Oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu İlham Zəkiyevə etibar edilmişdi. Bu da əlillərə böyük
ruh yüksəkliyi verdi. Onlara başa
salırıq ki, əlil arabası həyatın sonu deyil.
- Yəqin “Arabaçı
TV”-ni yaratmaqda
da məqsədiniz bunu cəmiyyətə çatdırmaqdır?
- Mən görürəm ki, son vaxtlar bəzi telekanallarda əlil insanları verilişə dəvət
edəndə söhbət
qəmgin notlar üzərində qurulur. Əlilə yazıq, məzlum, kimsəsiz, köməyə
ehtiyacı olan biri kimi baxırlar.
Bu verilişlərdə hətta Paralimpiya və Avropa çempionu da iştirak edir, amma əhval yenə də pozitiv deyil, qəmgin notlara söykənir. Məsələn, bir “Cəngi” musiqisinin səsləndiyini
görmürük. Elə vaxt
olub ki, verilişə bir müğənni, bir də mən dəvət olunmuşuq, aparıcı müğənni
ilə danışıb-gülür,
mənimlə isə başqa cür rəftar edir. Deməli, ya o əlilliyin nə olduğunu dərk etmir, ya da ünsiyyət
qura bilmir. Bütün bunlardan sonra qərara aldım ki, televiziya açıb əlillərlə
bağlı verilişlər
hazırlayaq. Hazırda verilişlər
hazırlayır və
bütün kanallara müraciət edirik ki, onları alsınlar. “Arabaçı
TV”-nin internet səhifəsinin 2 mindən
çox izləyicisi
var.
Mehparə
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 7.