Qədim Musiqi Alətləri Ansamblının idman bayramına töhfəsi
Ölkəmizdə keçirilən ilk Avropa Oyunları gərgin idman mübarizəsinə səhnə olmaqla yanaşı, paytaxtımızın teatr-konsert müəssisələrinin rəngarəng mədəni proqramları ilə də yaddaşlarda iz qoyur. Bu sıradan daha bir tədbir iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblı həmin gün idman bayramına töhfəsini təqdim edəcək.
Konsertə hazırlıqla əlaqədar ansambl iyunun 19-dan muzeydə açıq məşqlərə başlayıb. Məşqlərin gedişini izləmək üçün biz də muzeyə yollandıq. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yerləşdiyi Muzey Mərkəzinin binasına daxil olar-olmaz “Dəşti” təsnifinin sədalarını eşidirik. Pilləkənlərlə qalxarkən Almaniyadan olan ziyarətçinin foto çəkdiyinin şahidi oluruq. Yaxınlaşıb təəssüratlarını öyrənmək istəyirik. Bəlli olur ki, dil probleminə görə ünsiyyətimiz alınmayacaq. Ancaq qonağın Muzey Mərkəzində nümayiş olunan şokolad sərgisindən və səslənən musiqidən zövq aldığı sezilir. Müsafir muzeyin fonunda fotosunu çəkməyimizi xahiş edir...
Turistlə sağollaşıb, musiqinin səsləndiyi otağa daxil oluruq. Burada məşq edən ansamblın üzvlərini və ətrafda tam sakitliklə onları dinləyən insanları görürük. Ansamblın bədii rəhbəri, Əməkdar artist Munis Şərifov məşqi davam etdirir. Əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanov ürəyəyatan ifaları ilə ansambla ahəng qatırlar.
İmkan tapıb Munis müəllimlə söhbətə başlayırıq. Həmsöhbətim bildirir ki, konsert proqramına xalq mahnıları, qədim musiqilər və Şərq musiqi nömrələri daxil edilib: “Çünki ansamblın alətləri Şərq musiqi dünyasının müştərək alətləri sayılır. Buna görə də repertuara alətlərə uyğun olaraq Əbdülqadir Marağayi, Səfiəddin Urməvinin əsərlərini də daxil etmişik. Muğamlarımızla bərabər, Şərqin musiqi inciləri də proqramda yer alıb. İnanıram ki, konsertimizə gələn hər kəs rəngarəng seçimdən razı qalacaq. Əcnəbi qonaqlar, eyni zamanda yerli tamaşaçılar bu musiqilərdən zövq alacaqlar”.
Munis müəllim qeyd edir ki, bir neçə gündür davam edən məşqlər zamanı turistlərin mədəniyyətimizə böyük maraq göstərdiklərini müşahidə edirlər: “Ona görə də hər gün məşqlərə böyük həvəslə gəlirik. Xalqımızın etnik və tarixi məqamları turistləri özünə cəlb edir. Bütün bunlar mədəni irsin təbliğində mühüm addımdır. Turistlər musiqi alətlərimizlə maraqlanır, əllərinə alıb dilləndirirlər. Ansamblımızın yaradıcısı, mərhum Məcnun Kərimovun əməyinin nəticəsidir ki, bu gün biz bu ənənəni yaşadır, irsimizi təbliğ edirik”.
Yunanıstan, İngiltərə, Fransa və İspaniyadan olan turistlər məşqləri maraqla izləyir və öz aralarında müzakirə edirdilər. Üzlərindəki ifadədən hiss olunurdu ki, səslənən musiqilər onların xoşuna gəlib.
Beləliklə, məşqlər zamanı səslənən Azərbaycan musiqisi Muzey Mərkəzində keçirilən sərgilərə gələn hər bir kəsi ikinci mərtəbədəki otaqların birinə boylanmağa vadar edirdi. Ani olaraq ayaq saxlayanlar isə istər heç zaman görmədikləri musiqi alətlərinin, istərsə də onlardan ucalan musiqinin sehrindən ayrıla bilmirdilər...
Lalə Azəri
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 7.