Mədəniyyət
və turizm naziri Neftçalada mədəniyyət
ocaqlarının vəziyyəti ilə tanış olub
Rayonun mədəniyyət müəssisələrinin təmiri və yenidən qurulması ilə bağlı tədbirlər görüləcək
Əvvəlcə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə gələn nazir buradakı iş şəraiti, kitabxanaya oxucuların cəlb olunması, yeni nəşrlərlə təminat və s. məsələlərlə maraqlandı.
Sonra nazir Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi. Muzey binasının əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Nazirə məlumat verildi ki, bina yaxşı vəziyyətdə olmadığı üçün muzeyin eksponatları müvəqqəti olaraq Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında yerləşdirilib. Əbülfəs Qarayev muzey binasında təmir və yenidənqurma işlərinin aparılması üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi.
Şəhər Mədəniyyət və İncəsənət Sarayına gələn nazir buradakı vəziyyətlə maraqlanaraq müvafiq tapşırıqlarını verdi. Binada yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxış keçirildi. Qeyd olundu ki, 16 mindən çox eksponatı olan muzeyin müasir ekspozisiya zalının qurulmasına ehtiyac var. Mədəniyyət və İncəsənət Sarayında yerləşən Neftçala Dövlət Rəsm Qalereyası ilə tanış olan nazirə məlumat verildi ki, burada 100-ə yaxın əsər nümayiş etdirilir.
Əbülfəs Qarayev daha sonra Neftçala rayon Uşaq İncəsənət Məktəbinə gəldi. Məktəbin binası və tədris şəraiti ilə maraqlanan nazir bildirdi ki, yaxşı vəziyyətdə olmayan bu binada da müvafiq təmir-bərpa işləri görülməlidir.
Fariz Hüseynov.
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 5.