Malayziya Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə görüş

 

Ölkəmizdə Malayziyanın mədəniyyət festivalı, Malayziyada isə Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcək

 

İyunun 25-də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Malayziya Mədəniyyət və Turizm Nazirliyi baş katibinin müavini Datuk Ghaffar Bin A.Tambinin rəhbərliyi ilə heyət, bu ölkənin Azərbaycandakı səfiri Roslan Abdul Rahman iştirak edib. Nazirlik tərəfindən görüşdə Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib.

Söhbət zamanı iki ölkənin turizm potensialı haqqında məlumat verilib və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Böyük turizm potensialına malik olan Azərbaycan və Malayziyanın bu sahədə əməkdaşlığının genişləndirilməsi üçün imkanların olduğu vurğulanıb.

Bildirilib ki, bu ilin sentyabr ayında ölkəmizdə Malayziyanın mədəniyyət festivalı keçiriləcək. Görüşdə Azərbaycanın turizm potensialının Malayziyada təqdimatının keçirilməsi də müzakirə olunub və qarşı tərəf bu təklifi məmnuniyyətlə qarşılayıb.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 4.