“Bölgələrdən
paytaxta”
Layihənin növbəti ünvanı Qəbələ rayonu idi
Qəbələ
qədim tarixi, zəngin mədəniyyət
nümunələri, əsrarəngiz təbiəti, keçmişin və müasirliyin
vəhdəti, turizmi yüksək inkişaf səviyyəsi ilə fərqlənən
bölgələrimizdəndir. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən
paytaxta” layihəsinin növbəti tədbiri
də Qəbələyə həsr olunmuşdu.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qəbələ Rayon Mədəniyyət və Turizm
Şöbəsinin birgə təşkil etdiyi
tədbir martın 2-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında gerçəkləşdi.
“Bölgələrdən paytaxta” layihəsinin məqsədi Azərbaycan regionlarının mədəni irsini, adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, el sənətkarlarının əl işlərini, bədii kollektivlərini, incəsənət ustalarını tanıtmaq, bölgənin turizm imkanlarını təbliğ etməkdir.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində Qəbələ rayonunun sosial-iqtisadi inkişafını, mədəni zənginliyini, turizm potensialını əks etdirən sərgi ilə tanış oldular. Stendlərdə Qəbələ rayonunda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, rayon haqqında kitablar, rəsm əsərləri nümayiş olunurdu. Həmçinin rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarına, bölgənin mətbəxinə, turizm imkanlarına xüsusi yer verilmişdi.
Tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, son illər ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə yeni muzeylər, kitabxana və musiqi məktəbləri, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb: “Qəbələ qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş, zəngin tarixə malik mədəniyyət, sənətkarlıq mərkəzlərimizdən biridir. Qəbələ bu gün də inkişaf edərək ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanınır. Tarixi abidələrimizin öyrənilməsində, bərpa olunmasında bu bölgə xüsusi önəm kəsb edir. Hər il Qəbələdə keçirilən silsilə mədəni tədbirlər şəhərin simasını daha da dəyişir, onu MDB məkanında, Avropada tanıdır”.
“Qəbələ Azərbaycanın turizm klasterinə çevrilib”
Nazir vurğuladı ki, son illər Azərbaycanda turizm sürətlə inkişaf edir. Bu inkişafda Qəbələnin öz payı var: “Regionlarımızda respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq səviyyəli tədbirlərin, festivalların keçirilməsi artıq ənənə halını alıb. Hər il Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə beynəlxalq musiqi festivalı keçirilir və böyük maraq doğurur. Ötən il Qəbələ Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində “Əfsanələr paytaxtı” elan olunmuşdu. Milli kulinariyanın təbliği məqsədilə Qəbələdə mürəbbə festivalı keçirilir. Bütün bu tədbirlər regiona marağın artırılması, daha çox turist cəlb olunmasına müsbət təsir göstərir. Bu gün Qəbələ rayonunda həm yay, həm də qış turizmi inkişaf edir. Rayondakı “Tufandağ” kompleksi Azərbaycanda fəaliyyət göstərən iki böyük və dünya standartlarına cavab verən qış-yay turizm komplekslərindən biridir. Qəbələ artıq Azərbaycanın turizm klasterinə çevrilib. Burada turizmin bütün növləri, həmçinin mədəni xidmətlərin səviyyəsi gündən-günə yüksəlməkdədir”.
“Bölgələrdən paytaxta” layihəsinə maraq yüksəkdir
Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanın zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə il ərzində Bakıda “Bölgələrdən paytaxta” adlı tədbirlər davam edəcək: “Əvvəlcə bu tədbirlərin ayda bir dəfə keçirilməsi planlaşdırılırdı. Amma layihəyə marağın yüksək olduğunu nəzərə alaraq düşünürük ki, bundan sonra hər ayda iki bölgənin mədəniyyət və turizmini təqdim edək”.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən, bölgənin inkişafına zəmin yaradan layihələrdən söz açdı. O, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladı.
Sonra rayonun sosial-iqtisadi inkişafı, turizm imkanları və zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olundu. Tədbir rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları ilə davam etdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 3;16.