Qanla yazılan tariximiz
Bölgələrdə
Xocalı soyqırımının ildönümü ilə
bağlı tədbirlər keçirilib
Şamaxı rayon Mərkəzi kitabxanasının və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi” mövzusunda anım mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları mövzu ilə bağlı foto və kitab sərgisinə də baxıblar. Xocalıya həsr olunmuş sənədli film nümayiş etdirilib.
* * *
Abşeron rayon Mədəniyyət mərkəzində məktəblilərin faciə ilə bağlı rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Soyqırımına həsr olunmuş “Laylay, Xocalım, laylay” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
* * *
Salyan rayon Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə çıxış edənlər Xocalı faciəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. 2 saylı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
* * *
Ağsu rayon Mərkəzi kitabxanasında “Xocalı-şəhid şəhər” adlı şeir müsabiqəsi, 1 saylı Bico, 23 saylı Yenilik, 33 saylı Çaparlı kənd kitabxana filiallarında anım mərasimləri təşkil edilib. Faciənin ağır nəticələri haqqında məlumat verilib.
* * *
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Azərbaycan Gözdən Əlillər Cəmiyyəti şəhər filialı, Mədəniyyət evi və 5 saylı orta məktəbin təşkilatçılığı ilə “XX əsrin ən dəhşətli faciəsi” adlı anım tədbiri keçirilib. Mərkəzi uşaq kitabxanasında və onun filiallarında, 4 saylı gənclər kitabxanasında da sərgilər təşkil olunub, qiraət müsabiqəsi keçirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
* * *
Qazax Dövlət Rəsm Qalereyasında “Xocalıya ədalət!” adlı sərgi keçirilib. Sərgidə qalereyanın rəsm dərnəyinin üzvləri və həvəskar rəssamların əl işləri nümayiş etdirilib.
* * *
Gəncə şəhər Mərkəzi kitabxanasının oxu zalında “Xocalıya ədalət, Qarabağa azadlıq” mövzusunda anım mərasimi təşkil olunub. Çıxış edənlər Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş ən qəddar və amansız terror hadisələrindən biri olduğunu qeyd ediblər.
* * *
Qəbələ MKS-nin Mərkəzi kitabxanasında keçirilən mərasimdə Xocalı soyqırımının insanlıq əleyhinə ən dəhşətli cinayət olduğu vurğulanıb. P.Osmanov adına şəhər 2 saylı orta məktəbin şagirdləri faciə haqqında şeirlər söyləyib, kompozisiya təqdim ediblər.
* * *
Şabran rayon MKS-nin 1 saylı şəhər kitabxanasında faciənin ildönümü ilə əlaqədar “Qisas qiyamətə qalmaz” adlı dəyirmi masa keçirilib. Tədbirdə Xocalı qətliamına həsr olunan şeirlər, bayatılar səsləndirilib.
* * *
Füzuli rayonu Horadiz şəhəri F.Mehdiyev adına 2 nömrəli orta məktəbdə “Xocalını unutmayaq” adlı tədbir keçirilib. Mərasimdə “Xocalı dəhşətləri uşaqların gözü ilə” rəsm sərgisi nümayiş olunub, “Xocalı harayı” mövzusunda inşa müsabiqəsi keçirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.
* * *
Oğuzlular da
qanlı faciənin 23-cü ildönümünü
böyük təəssüf hissi və ürək yanğısı ilə
qeyd ediblər. Rayon Mədəniyyət
mərkəzində keçirilən mərasimdə
soyqırımının tarixindən söz
açılıb. Şagirdlərin ifasında səhnəcik
göstərilib, faciə haqqında videoçarx
nümayiş olunub.
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 13.