Müsabiqə “yubilyar”ına -

 

ən yaxın istiqamət-mövzu: “Ekologiya və ətraf mühitin mühafizəsi”...

 

Bəli, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları ilə ilgili keçirdiyi bu növbəti müsabiqənin təyinat hədəfini - Novruz bayramını “yubilyarda adlandırmaq olar. Özü də cəmiyyət yubilyarlarından fərqli olaraq, ölüm-unutumdan xali, hər il yalnız doğumu qutlanan ən əzəli, həmişə müasir və əbədi təbiət yubilyarı!..

 

...Nə olsun ki, bu həyati-oyati Gözəllik bayramının naməlum təşəkkül-təsis çağlarında nə “ekologiyatermini varmış, nə “ətraf mühit” tərkibi, nə də bunların “mühafizəsi” deyimi; bəyəm, tutalım, Şeyx Nizami “Gecə-gündüz arayıb, olmadı rahət - sənsiz” deyəndə, haçansa gecə ilə gündüzün antonim adlandırılacağının fərqindəymişmi?..

Amma sözügedən müsabiqənin 15 istiqamətindən 12-cisi olan (Ekologiya və ətraf mühitin mühafizəsi) bu mövzu ilə min illərdir “üzümüzə gələn”, “ilaxır çərşənbəniz mübarək!”, “neçə-neçə belə bayramlara çıxasız”, “bu əziz günə and olsun!” və s. uğurlama-əzizləmələrlə, oda-obaları, bağ-bağatları təmizləmələrlə qarşılanan, “Tələsirik - görən yaza nə qaldı”, “Gəl-gəl, a yaz günləri, İlin əziz günləri” kimi poetik ilmələrlə öyülən bu bayram arasında estetik bir sinonimlik!..

Mövzumuzla səsləşsə də, əslində, fəsli (yəni bahar çevrəli) və lokal-regional ab-havalı bu “giriş”dən keçək bəşəri-qlobal çıxışa. Əlbəttə, -

 

Ekologiya!..

 

Yəni, bütün canlıların yaranışından bu gününə - hələlik heç kəsdən heçummadan, heç bir tərif-təltif gözləmədən - hamının qulluğunda durub, yaşam olluq-bolluğunu təmin edən bir aləm!

Deyim ki, axır günlər bu aləmlə əlaqəli ədəbiyyata göz gəzdirdikcə, bir çox maraqlı qənaətlərə gəlməklə bərabər, bu qədər qədim, bəşəri, təbii, ana “industriya”nın elmin bütün digər “bala” sahələrinə nisbətdə çox gec “logiya”laşdığına təəccüblənib-təəssüflənənləri də haqlı saydım...

Amma əslində, eramızdan 3-4 yüz il əvvəllərin Aristotel, Pliniy kimi nəhəngləri də öz dövrlərinin bu “adsız elm” sahəsinə dair “hamının evi”, “balaca bəşəriyyətin Günəş çıraqlı, Ay şamlı, toy-büsat ehtişamlı vahid odası” kimi postulatlar söyləyiblərsə, gəlib-gəlib - yalnız 1866-cı ildə alman təkamülçü-bioloqu Ernst Hekkelinekologiya” adlandıraraq ayrıca bir sahə kimi bünövrələdiyi bu elmin qədimliyindən danışmağa, bununyunan sözü olub, “eko” - ev, daxma, “logiya” - elm” olmaqlığının etimoloji-qnoseoloji köklərini araşdırmağa ehtiyac yoxdur. Və əksinə, yaxşı olardı ki, müstəqil adca gecikmiş bu sahə ilə bağlı mümkün qədər daha çox fikir və müddəalarla (təbii ki, davamında elmi-əməli fəaliyyətlərlə) tanış olaq. Məsələn, həmin o E.Hekkel deyirdi ki, uzun illərin bir çox məqamlarında biologiya təyinatlı tədqiqatlarımla bağlı ortaya çıxan bəzi dirəniş-ehtimallardan məni sonralarekologiya” adlandıracağım ən bəşəri elm sahəsi xilas etdi. Son dövrlərin ən ümumişlək-ortaq predmeti kimi yanaşılan bu sahə ilə əlaqədar çox mühüm müddəalar irəli sürmüş alim “Orqanizmlərin ümumi morfologiyası” əsərində yazır ki, ekologiya təbiətin iqtisadiyyatına aid biliklərin cəmi kimi anlaşılmalıdır. XIX əsrin ortalarında uzaq “İngiltərə ekologiyasında” yaşayıb-yaratmış Çarlz Dikkens yazırdı ki: Ev kiçik bir mədəniyyət ocağıdır”, XX yüzilliyin ortalarında Azərbaycan təbiətinin böyük oğlu və şairanə okeanoloq-alim Ağaqasım Gül isə deyirdi; çöl böyük təbiət, cəmiyyət və mədəniyyət ailəsidir. Bu deyimlərdən xəbərsiz Çarlz Darvin isə onlara qədər bu sahəni bütün canlılar nəfinə (özü də nəinki təkcə heyvanlar, hətta ilk insanlar tərəfindən belə dərk edilməyə-edilməyə) “yaşamaq uğrunda mübarizə” adlandırmışdı (məsələyə müasir aspektdən yanaşsaq, “yaşamaq” ifadəsini “yaşatmaqkimianlamaq gərək).

Müasir ekoşünasların qənaətlərincə, bugünkü elmi-populyarekologiya” məfhumu “qəti olaraq” ötən əsrin 20-ci illərindən formalaşıb-statuslaşmağa başlayıb. Elmi mənbə-məxəzlərə göz gəzdirdikcə, bunu, təbii olaraq, təsdiqləməli olursan, amma bəs -

 

Populyar mənbə-mənzərələr?..

 

Bəli, kütləvi informasiya vasitələrimizin artıq dünyaya da bəlli müasir vəziyyəti, belə demək mümkünsə, inkişafi-“biçinçi” mərhələsinin “Əkinçi” sələfi - bütün əliqələmlilərimizin imza-irfan babası Həsən bəy Zərdabi tək elə “qəzetə”çiliyimizin deyil, bu gün adına “ekologiya” deyilən düşüncə-daşıncalarımızın da bünövrəsini qoymuşdu. 1899-1903-cü illər arası yazıb başa çatdırdığı “Torpaq, su, hava” əsərində o, insanların “hər birini və hamısını” əhatə edən biosferi dilsiz loğmana bənzətmiş, qızıl qiymətli, bol nemətli Azərbaycan torpaqları, onun münbitliyinin artırılması üçün şoranlaşmaya qarşı bütün xalqın qalxınması, bol su təminatı və sair haqda sonrakı dövrlərə müdrik vəsiyyət tutumlu, elmi-metodoloji irs səviyyəli fikirlər irəli sürmüşdür.

Həmin o “sonrakı dövrlər”dən çox seçkin birisiindiki çağdır ki, bu, ümummilli lider Heydər Əliyevin 45 il əvvəl bünövrələdiyi zaman kəsiyini əhatə edir. Ulu öndərin bu sahədə gördüyü işlər ovaxtdan-buvaxta dərc olunmuş dövri mətbuatdan, haqqında yazılmış kitablardan, kino-telelentlərdən müfəssəl məlum olduğundan, Prezident İlham Əliyev dönəmindəki bu qəbilli saysız faktlardan bir neçəsinə toxunaq. Belə ki, ekoloji təhlükəsizliyin təmini, təbii resurslardan səmərəli - təbiətə ziyan vurmadan - istifadə edilməsi, dünyanın ekosistem mühafizəçiliyinə inteqrasiyas. məsələlər indi ölkə rəhbərliyinin əsas prioritetlərindəndir. Son 10 ildə ölkəmizdə ekologiya sahələri üzrə 20-dək qanun qəbul olunmuş və Azərbaycanın müxtəlif dövlət strukturları ətraf mühit, təbiətdən yararlanma və bunların mühafizəsilə bağlı bir o qədər də beynəlxalq statuslu sənədlərə qoşulmuşdur. Dünyəvi iqlim qurşaqlarının az qala hamısına, yeraltı-yerüstü sərvətlərin əksəriyyətinə malik məmləkətimizdə xüsusi dövlət diqqəti və qayğısı ilə qorunan təbii ərazilər şəbəkəsi yaradılmışdır. Statistikadan bəlli olan maraqlı faktlardan biribu ki, xüsusi qorunan həmin təbii ərazilərin sahəsi bu gün ümumölkə ərazisinin 10 faizinə bərabərdir. Bu faktları bu sayaq seçdirib-qabartmağı ona görə vacib sandım ki, nəinki oralara yaxınlar, qonaq-qaralar, əcnəbi turistlər, hətta, demoqrafik əksəriyyətimizin yığılıb-yığnaşdığı bu təngnəfəs paytaxtımızda da hər an-hər dəqiqə o “uzaq”ların bakirə ab-havasından bəhrələnirik...

Və... bu an bu sər-səfalı mövzunun davamı üçün yeni fikirlər tapmaq cəfası ilə üzləşdiyimdən -

 

Sözümə qüvvətlər

 

İngilis yazıçısı O.Haksli yazır: “Həyat, təbiət İran xalçaları kimi naxışlı və əlvandır. Sənin əsas vəzifən bu naxışların mənasını tapmaqdır”. Bu maraqlı fraza ilə ilk rastlaşımda “İran xalçaları” ifadəsinə qısqansam da (axı, onların əksəriyyətinin çeşniləri də, toxuları da bizim soydaşlarımıza məxsus!), buradakı “naxışların mənasını tapmaq” xəyallarına dalmaq çağrısından xeyli xoşlandım. Həmin mənəvi və real obyektləri (həyat və təbiəti) güzgüyə bənzədən türk şair-yazıçısı Şəhabəddinin “...sən ona gülsən, o da sənə güləcək” qənaətini isə ekologiya və ətraf mühitin mühafizəsilə bağlı müasir cəhdlərin (bəzi qlobal laqeydliklərə son verilməzsə, mücadilənin!) qalibiyyət himni kimi qəbul etdim. Bəşəriyyətin ciyərinə həyat, gözünə təkrarsız zövqlər verən “Təbiətin, ətraf mühitin insan əmrinə müntəzir olmasını istəyiriksə, onda insan da bu mühitin əmrinə müntəzir olmalıdır” demiş Con Drayden üç yüz ildən çoxdur haqlıdır və yaxşı olardı ki, indiki nəsillər hələ 1670-ci ildə onun bu qənaətə gəlməsinə səbəb olmuş sələflərinin sıralarına qoşulmaqdan çəkinsinlər.

Deyirlər, xaraktercə də çox dramatik olan U.Şekspir təbiətin yalnız lirik mənzərələrinə çıxar və hər dəfə də ətrafı tərəfindən müdrik fraza kimi dəyərləndirilən fikirlər söylərmiş. O, “Çiçəklər bal arılarından çox olduğu kimi, duyduğumuz sevinclər, gördüyümüz gözəlliklər də kədər və eybəcərliklərdən çox olmalıdır” sözlərini də o sayaq gəzinti məkanlarının birində aldığı ekohəzdən saçıb.

Barələrində düşünərkən dünyanı gözəlləşdirən tarixi şəxsiyyətlər də var, xarabalaşdırıb-eybəcərləşdirənlər də. Bu təqsimatın heç bir tərəfinə yansıtmaq fikrində olmadığım (bu, çox geniş və mübahisəli məsələdir) Əmir Teymur “əhvalatlarından” mövzumuzla bir qədər səsləşənini xatırlatmaq istərdim: o, İranı fəth etdikdən sonra Hafizi hüzuruna çağırtdırıb deyir: “Mən çox səltənətlər fəth etdim ki, Buxara ilə Səmərqəndi tikdirib gözəlləşdirim, şöhrətləndirim, sənsə əşarında bunları bir gözəlin bircə xalına bağışlayırsan?!” Sualın yükündən başını aşağı dikən şair baxışlarını çətinliklə yuxarılayıb dillənir: “Elə... belə bəxşişlərə görə bu günə qalmışam də, qibleyi-aləm!..”

Ekologiya haqda, ətraf mühitimizin mühafizəsi barədə fikirlər, maraqlı deyimlər, çoxduronlardan biribizim alimlərdən birinə məxsus. Mərhum professor Aslan Aslanov yazırdı: “Həyatda bəzi peşələr, peşə sahibləri var ki, insanlar onsuz, onlarsız da keçinə bilərlər. Lakin kim, hansı bir şüurlu kəs deyə bilər “mən təmizliyi sevmirəm”? Deməli, nə? Deməli, bəzən rişxəndlə ifadə edilən “süpürgəçi”lik - küçələri, dalanları təmizləmə peşəsi, istər-istəməz, hamıya gərəkli peşədir”.

Nəhayət, nəvələrimin həyətdə “od çərşənbəsi” münasibətilə qaladığı tonqalın tüstüsü səbəbilə qapı-pəncərəsini qapayıb anti-ekoloji mühit yaratdığım otağımdan çıxıram ki, bir-iki udum hava alıb, qayıdım bayaqdan vərə-vird etdiyim -

 

Sonluq

 

üstünə, amma sən demə, bu da hələ tonqal üstdən müstəqil atdanmağı bacarmayan Ərhun nəvəmin dilində hazırmış.

Hə, bu bapbalaca nəvə mən boyda dədəsindən də maraqlı “ekologiya” söyləyirdi:

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr,

Ceyran qaçar, cüyür mələr,

çoxdur oylağın sənin,

Aranın, yaylağın sənin...

 

Tahir Abbaslı

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 12.