TÜRKSOY türk dünyası media
mənsublarını bir araya
gətirdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
TÜRKSOY 1994-cü ildən başlayaraq
zəngin ümumtürk mədəniyyətinin
təbliği və dünyaya
tanıdılması istiqamətində mühüm
layihələrə imza atmaqdadır. Qurumun ənənəvi layihələrindən
biri də türk
dünyasının görkəmli mədəniyyət, ədəbiyyat,
incəsənət xadimlərinin şərəfinə xatirə
ilinin keçirilməsidir.
Xəbər verdiyimiz kimi, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2015-ci il ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi və xakas xalq dastançısı Semyon Kadışevin 130 illiyi münasibətilə bu şəxsiyyətlərin xatirə ili elan olunub. Artıq altıncı ildir ki, TÜRKSOY xatirə ilinin açılış tədbiri çərçivəsində türk mədəniyyət və sənətinin yaşadılmasına töhfə verən media nümayəndələrinə qurumun mükafatları təqdim edilir. Builki “Haldun Taner ili”nin açılış tədbirinə Azərbaycan da daxil olmaqla 10 respublikadan media nümayəndələri dəvət olunmuşdu. Ölkəmizi səfərdə bu sətirlərin müəllifi də daxil olmaqla üç nəfər təmsil edirdi. Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğu və TÜRKSOY-un təşkilatçılığı ilə media mənsubları üçün birhəftəlik xüsusi proqram tərtib edilmişdi.
Fevralın 22-dən 28-nə qədər Ankara, Kapadokya və İstanbulda səfərdə olan heyətlə Türkiyənin bir sıra dövlət qurumlarında görüşlər keçirildi. Səfər Ankaradakı görüşlərlə başladı.
“Bizə və gələcək nəsillərə qalan mədəniyyətdir”
Fevralın 23-də əvvəlcə TÜRKSOY baş katibinin müavini Fırat Purtaşın iştirakı ilə media nümayəndələri Baş Nazirliyin İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğunda oldular. Baş direktor Cemalettin Haşimi qurumun tarixi, fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, informasiya qurumu olaraq öz işlərini dünyada baş verən proseslərə uyğun formada qururlar. Dünyada ilk mətbuat qurumlarından biri olan Türkiyə Mətbuat-Yayım və İnformasiya Baş Direktorluğu 1862-ci ildə qurulub və 2010-cu ildən bəri xüsusi departament kimi fəaliyyət göstərir. TÜRKSOY-un fəaliyyətinə də toxunan C.Haşimi qeyd etdi ki, çağdaş dünyada mədəniyyət böyük əhəmiyyət kəsb edir: “Siyasət, digər işlər keçicidir. Amma bizə və gələcək nəsillərə qalan mədəniyyətdir”.
Həmin gün türk dünyası mətbuat nümayəndələri “Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar” qurumunda da oldular. Qurumun rəhbəri Qüdrət Bülbül əsas fəaliyyət prioritetlərini açıqlamaqla yanaşı, son illər reallaşdırdıqları yeni layihələrdən söz açdı, türkdilli ölkələrdə həyata keçirdikləri təhsil təqaüdləri proqramı haqqında danışdı. Əsasən təhsili prioritet seçən qurum 1992-ci ildən bu günə qədər Azərbaycan da daxil olmaqla türk ölkələri və diyarlarından 13 min tələbəyə təhsil təqaüdü verib: “Bununla da biz türk dünyasında təhsilin inkişafına və yayılmasına dəstək veririk. Bundan başqa, biz türkdilli ölkələrin elmi-araşdırma institutları ilə də əməkdaşlıq edirik”.
Görüşlər, tanışlıqlar...
Növbəti görüş TÜRKSOY-un mənzil-qərargahında oldu. Media mənsublarını təşkilatın baş katibi Düsen Kaseinov qəbul etdi. İştirakçıların hər biri təmsil etdiyi KİV haqqında məlumat verdi, fikirlərini bildirdi, təkliflər irəli sürüldü.
Sonra TÜRKSOY haqqında
film nümayiş olundu. Baş katib
Düsen Kaseinov qurumun həyata keçirdiyi yeni layihələrdən söz
açdı, media ilə
daimi əməkdaşlığın
əhəmiyyətini xüsusilə
vurğuladı. Bildirdi ki,
türk dünyası
mədəniyyətinin təbliği
və tanıdılmasında
media nümayəndələri mühüm rol oynayır.
Fevralın 24-də media mənsubları ilə Türk İşbirliyi və Koordinasiya Agentliyində (TİKA) görüş
keçirildi. Qurumun mədəniyyət sahəsində fəaliyyətindən
söz açıldı.
Bildirildi
ki, qədim türklərin yaşadıqları
bölgələrdə TİKA-nın həyata keçirdiyi layihələr,
arxeoloji qazıntılar
türk dünyasının
tanıdılmasına xidmət
edir və bu gələcəkdə də davam edəcək.
Türkiyə Radio və Televiziyasını
(TRT) da ziyarət edən media mənsublarına
ortaq türk mədəniyyətini tanıdan
televiziya layihələri,
studiyalar, müasir avadanlıqlar haqqında məlumat verildi.
Xarici İşlər
Nazirliyində keçirilən
görüşdə media nümayəndələri
Türkiyənin bölgədə
apardığı siyasət
və reallaşdırdığı
layihələr haqqında
məlumat əldə
etdilər. Görüşdə həmçinin Türkiyənin
ortaq türk mədəniyyətinin, tarixinin
daha dolğun və obyektiv formada təbliği məqsədilə reallaşdırdığı
fəaliyyətlərdən bəhs edildi. Qazaxıstanın paytaxtı Astanada
qurulan Türk Akademiyasında ortaq türk tarixi kitabının hazırlanması
haqqında məlumat verildi.
Baş Nazirliyin Təbii Fəlakət və Təcili Vəziyyət Yönətimi Başkanlığında
görüş zamanı
media nümayəndələrinə Türkiyənin “açıq
qapı” siyasəti haqqında məlumat verildi, ölkəyə gələn İraq və Suriya qaçqınlarına göstərilən
diqqət və qayğı ilə bağlı görülən
işlərdən bəhs
edildi.
“Haldun Taner ili”nin açılışı
Fevralın 24-də axşam Ankara Opera Teatrında
böyük qələbəlik
yaşanırdı. TÜRKSOY-un “Haldun Taner ili”nin açılışına
həsr olunmuş təntənəli mərasimə
qurumun baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və
turizm naziri Ömər Çelik, türk respublikalarının
nümayəndələri qatılmışdı.
Əvvəlcə bu il
100 illiyi qeyd edilən Haldun Tanerin həyat və yaradıcılığı
haqqında məlumat verildi. Bildirildi ki, H.Taner Türkiyənin tanınmış
yazıçı-dramaturqu və jurnalisti olub. Yazıçılıqla yanaşı, İstanbul
və Ankara universitetlərində
dərs deyib, “Milliyet” qəzetində redaktor işləyib,
1986-cı ildə İstanbulda
vəfat edib.
Tədbirin bədii hissəsində
Ankara Dövlət Teatrı
və Samsun Dövlət
Opera və Balet Teatrının təqdimatında
Haldun Tanerin əsərlərindən parçalar
nümayiş etdirildi. Həmçinin sənətçinin əsərlərindən
ibarət sərgi təşkil olunmuşdu.
Mərasimdə çıxış edən
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov bildirdi ki, qurum
yarandığı gündən
türk dünyasının
sənət, ədəbiyyat
və mədəniyyət
sahəsində nüfuz
qazanan şəxsiyyətlərinə
hər zaman böyük önəm verib. Haldun Taner də onların sırasındadır: “Bu axşam
bizləri bir araya gətirən bu isim öz
yaradıcılıq nümunələri
ilə türk dünyasına, ədəbiyyata
və tarixə ölməz əsərlər
bəxş edib”.
Baş katib “Haldun Taner
ili” ilə bağlı TÜRKSOY-a üzv
ölkələrdə keçiriləcək
tədbirlər haqqında
da məlumat verdi və
bildirdi ki, bu tədbirlər sayəsində H.Taner türk dünyasına daha yaxından tanıdılacaq.
Sonra TÜRKSOY-un artıq
ənənə halını
almış media mükafatlarının
təqdimatından söz
açan baş katib qeyd etdi
ki bu, ümümtürk
mədəniyyətinin tanıdılmasına
xidmət edən önəmli faktorlardan biridir. Bildirdi ki,
TÜRKSOY-un media mükafatında təsvir olunan əllər ümumtürk
birliyini simvolizə edir: “İnanıram ki, sizin də
iştirakınızla hər
zaman türk xalqlarının birliyi qorunacaq”.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik isə çıxışında TÜRKSOY-u “Türk dünyasının UNESCO-su” adlandıraraq dedi: “Türk dövlətlərinin sayı dəyişə bilər, adları da dəyişə bilər, amma bizi bir-birimizə bağlayan ortaq mədəniyyət birdir". Nazir təşkilatın türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirəsinin yaşadılması ilə bağlı layihəsini xüsusi qeyd etdi: “Bu il ilk dəfə olaraq Türkiyədən, Anadolu torpaqlarından bir mədəniyyət-sənət xadiminin xatirəsinə həsr olunub”.
Media mükafatlarının təqdimatı
Sonra ümumtürk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə verdikləri töhfələrə görə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Xakasiya və Tatarıstandan 18 media mənsubuna mükafatlar təqdim edildi. Ölkəmizdən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Zərnişan Turan, “Mədəniyyət” qəzetinin yazarı Mehparə Sultanova və “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov təltif olundular. Qeyd edək ki, “Mədəniyyət” qəzeti ilk dəfə 2011-ci ildə bu mükafata layiq görülüb.
Bununla media nümayəndələrinin Ankara proqramı başa çatdı və heyət fevralın 25-də səhər Kapadokyaya yola düşdü...
(Ardı var)
Mehparə Sultanova
Bakı-Ankara-Bakı
Mədəniyyət.- 2015.- 4 mart.-
S.11.