Dünyanın
gözündəki Azərbaycan
“Biz
qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Bu bizim maraqlarımıza cavab vermir. Amma lazım gəldikdə sözümüzü
deyirik, maraqlarımızı müdafiə edirik. Üzv olduğumuz beynəlxalq təşkilatlarda
prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik”.
Azərbaycan Prezidentinin bu gün uca səslə söylədiyi
bu sözlərin, məsələn, 20 il əvvəl
səslənməsi, əlbəttə, real deyildi. Bəlkə də söz olaraq o zaman da bəyan edilə
bilərdi. Amma rezonansı, hədəfləndiyi
ünvanlara təsiri indiki kimi olmazdı.
Çünki dünyada hər bir ölkəyə maraq
və diqqət, ilk növbədə, onun güc və potensialı,
yerləşdiyi coğrafiyadakı vəziyyəti, strateji
imkanları ilə şərtlənir. Məhz bu
faktorların üstünlüyü dövlətə də,
onun əldə etdiyi nailiyyətlərə də münasibəti
təmin edir. Bu baxımdan Azərbaycanın
müstəqilliyini bərpa edəndən sonra keçdiyi yol,
çatdığı inkişaf səviyyəsi
özümüzdə qürur doğurduğu qədər,
dünyanın gözündə də diqqətəlayiqdir.
Bizim üçün ona görə
qürurvericidir ki, ölkəmiz bu nailiyyətlərə
öz imkanları hesabına, heç bir böyük dövlətin
əlaltısı, forpostu olmadan çatıb.
Dünyanın gözündə ona görə diqqət
çəkirik ki, bugünkü Azərbaycanın
imkanları, Cənubi Qafqazın iqtisadi potensialının
dörddəüçünü əlində cəmləməsi,
regional layihələrdə əsas söz sahibi olması,
Avropanın enerji təchizatında önəmli rol oynaması
gözardı ediləcək faktlar deyil.
Amma bütün bunlar asan əldə edilməyib. Müstəqilliyimizin
ilk illərində yaşadığımız
ağrı-acıları, itkiləri, o dövrdə
regiondakı və dünyadakı yerimizi yada salsaq, bunu yəqin
edə bilərik.
Bugünlərdə həmin acılı olaylardan ən
dəhşətlisinin - Xocalı soyqırımının
23-cü ildönümü tamam oldu. 23 il əvvəl
Azərbaycan yeni tarixinin çox ağır bir
dövrünü yaşayırdı. Dünya səsimizi
eşitmirdi, gerçəklərdən xəbərsiz idi.
Müxtəlif ölkələrin informasiya vasitələrinin,
Xocalı dəhşətini gözləri ilə görüb
vicdanını susdurmayan əcnəbi jurnalistlərin bu faciə
barədə yazıb-yaydıqları hər nə qədər
ictimai rezonans doğursa da, Qarabağ problemi haqqında obyektiv
beynəlxalq münasibət yaradacaq qədər təsirli
deyildi. Bütün bunlara
özümüz, dünya birliyində yerimizi tapmaqla, beynəlxalq
təşkilatlarda mövqelərimizi möhkəmləndirməklə
nail olmalı, çox yol qət etməli idik. Diplomatiya hər zaman uzun və incə bir yol olub.
Bugünlər həmin yolun da əlamətdar bir tarixinin
ildönümü idi. Martın 2-də Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatına (BMT) üzvlüyünün
23-cü ili tamam oldu. BMT
dünyanın ən böyük təşkilatıdır, bu
gün sıralarında 193 ölkəni birləşdirir.
Təbii ki, BMT-də təmsilçiliyin onun
halına təfavüt etməyən böyük dövlətlər
də var. Elə ölkələr də var ki, uzun illər bu
üzvlüyə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı ölkələrindən
İsveçrə yalnız 2002-ci ildə keçirilən
referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə
BMT sıralarına qoşulub.
Dünəndən
bu günə: tarixin həqiqət anı
Azərbaycan kimi yeni müstəqillik qazanmış
ölkələr üçün isə BMT-yə üzv
olmaq suverenliyin təsdiqi üçün müstəsna şərt
idi. Amma tarixin gərdişi elə gətirdi ki,
bayrağımız Nyu-Yorkdakı möhtəşəm bina
önündə dalğalanmağa başlayanda bu hadisəyə
sevinə bilmədik. Çünki
böyük acı içində idik.
Bayrağımız dünyanın o başında bayraqlar
arasında ucalanda burada ona qara lent bağlayıb,
aşağı endirmişdik. 1992-ci il
martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə
bağlı elan edilən üçgünlük rəsmi matəmin
sonuncu günü idi.
Bu hadisədən
iki həftə sonra BMT baş katibinin xüsusi nümayəndəsi
Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı vəziyyətlə tanış olmaq
üçün regiona gəldi, əvvəl Bakıda oldu,
sonra Yerevana, oradan Xankəndiyə getdi. O zaman teleekrandan seyr
etdiyimiz kadrlar, əslində, bizim üçün beynəlxalq
münasibətlərin anatomiyasını dərk etmək
baxımından təsirli mənzərə idi. BMT təmsilçisi Yerevandan Xankəndiyə
uçmaq üçün vertolyota minərkən erməni
heyətdən biri onun ayaqqabısının ipinin
açıldığını görür və dərhal
dizini yerə qoyaraq S.Vensin heyrətli baxışları
altında ayaqqabının ipini bağlayır. Bu bir anlamda beynəlxalq vasitəçilərin
ayağı ilə, onların seyrçi baxışları
altında Qarabağ probleminə vurulan ilk düyün idi.
Bu, eyni zamanda beynəlxalq aləmdə lobbiçiliyin nə qədər
idbar növlərinin olduğuna, belə bir fonda
Qarabağ probleminin necə dəyərləndiriləcəyinə,
qarşı tərəfin bu məsələdə nə dərəcədə
riyakar davranacağına dair siqnal idi. Bu
alçaq xislət qarşısında lobbi savaşına Azərbaycan
öz gücünü səfərbər etməklə
çıxmalı idi.
Sonrakı illərdə beynəlxalq təşkilatlardan
gələn bəyanatlar, Qarabağa dair qəbul olunan qətnamələr
işğalçını öz adı ilə
çağırmayacaq qədər zəif, işğala son
verməyəcək qədər təsirsiz idi. 1993-cü ildə
BMT Təhlükəsizlik Şurasında Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə
qəbul olundu. Onların sıra sayına
diqqət yetirək - 822, 853, 874, 884. BMT TŞ-nin hələlik axırıncı olan (26
fevral 2015-ci il tarixli) qətnaməsinin sıra sayı 2205-dir.
Deməli, bu təşkilatda Qarabağdan öncə 800-dən
çox, Qarabağdan sonra da 1400-ə yaxın qətnamə qəbul
olunub. Bəs onlardan neçəsi kağız
üzərindən icraata keçib? Təəssüf
ki, bunun statistikası yoxdur.
23 il öncə Azərbaycan üçün
BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük
dərdini dünyanın diqqətinə çatdırmaq
baxımından önəmli idi. Üstündən
bu qədər zaman ötəndən sonra biz yenə BMT-yə
və bütövlükdə beynəlxalq təsisatlara
Qarabağ pəncərəsindən baxmaqdayıq. Amma ötən illərin əlamətdar nəticəsi
də var. Biz bu illərdə dünyada haqq və ədalətə
bəslənən ümidlərin xeyli dərəcədə
illüziya olduğunu, beynəlxalq qurumlarda hər şeyin
böyük mənafelərin fonunda cərəyan etdiyini
anlamışıq. Regional və beynəlxalq
müstəvidə prosesləri, ikitərəfli və
çoxtərəfli münasibətlərin
gedişatını milli maraqlarla uzlaşdırmaq isə
ölkənin öz imkanlarından asılıdır.
İqtisadi
imkanlar diplomatiyada güc alətidir
Son illər artan iqtisadi potensialımız ölkəmizin
regional layihələrdə daha güclü rol oynamasına,
beynəlxalq təşəbbüslərə daha aktiv cəlb
olunmasına, xaricdə sərmayə qoyuluşuna zəmin
yaradır. Çünki daxildə gücü, imkanları olan
dövlət beynəlxalq miqyasda da özünü əmin və
arxayın hiss edir. Prezident İlham Əliyev bununla
bağlı demişdir: “Xarici siyasətimiz daxili siyasətimizin
davamıdır. Bu gün Azərbaycanın
xarici siyasəti prinsipiallığı ilə seçilir.
Eyni zamanda ölkəmizin uğurlu
inkişafı və iqtisadi müstəqilliyimizin tam şəkildə
təmin olunması bizə imkan verir ki, xarici arenada da öz
sözümüzü deyək, öz maraqlarımızı
müdafiə edək”.
Çağdaş dünyada iqtisadi güc həlledici
faktor, xarici siyasətdə mühüm təsir
rıçaqları deməkdir. Bir vaxtlar “Əsrin
müqaviləsi”nə və digər layihələrə
dünyanın böyük dövlətlərini, regionun
söz sahiblərini cəlb etməklə enerji
diplomatiyasında tarazlığı təmin edən Azərbaycan
indi özü xarici siyasətdə iqtisadi imkandan
yararlanır. Ölkəmiz qonşu
Gürcüstan, qardaş Türkiyə ilə yanaşı,
Avropa məkanında da investor kimi çıxış edir.
Dövlət
başçısının haqlı olaraq qeyd etdiyi kimi,
enerji diplomatiyası milli təhlükəsizliyin vacib
elementidir: “Bu gün enerji təhlükəsizliyini ölkələrin
milli təhlükəsizliyindən ayırmaq mümkün
deyildir. Son vaxtlar imzalanan sazişlər Azərbaycanı
dünya üçün, Avropa üçün daha da önəmli
ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”,
TANAP, TAP layihələri Avropanın ən böyük
infrastruktur layihələridir. Azərbaycan
bu layihələrdə liderliyi öz üzərinə
götürüb və onların icrası nəticəsində
böyük bazara çıxış əldə edəcəyik.
Ona görə bizim iqtisadi diplomatiyamız
çox fəal olmalıdır”.
İqtisadi imkanlar xarici siyasətin mühüm istiqamətlərindən
olan humanitar diplomatiyaya da yol açır. 10-15 il
öncəyədək üzləşdiyi hərbi təcavüzün
fəsadlarını aradan qaldırmaq, yüz minlərlə
qaçqın və köçkünün problemlərini həll
etmək üçün xaricdən köməyə ehtiyac
duyan Azərbaycan bu gün müxtəlif ölkələrə
humanitar yardım göstərir. Xarici
İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan
Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata
keçirdiyi humanitar proqramlar Fələstin, Anqola, Əlcəzair,
Çad, Liviya, Vyetnam, Əfqanıstan kimi onlarla ölkəni
əhatə edir. Bu fəaliyyətlər
ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirir,
tərəfdaşlarının sırasını, lobbi imkanlarını
genişləndirir.
Dost və
düşmən əhatəsində: milli maraqlardan güzəşt
olmaz
Hər bir dövlətin xarici siyasətinin effektivliyi
onun beynəlxalq müstəvidə öz maraqlarını
qoruya bilməsi ilə xarakterizə olunur. Müstəqilliyimizin
ilk illərindən dünyadakı erməni lobbisi və Ermənistana
havadar qüvvələrin səyi ilə Azərbaycana
qarşı qaralama kampaniyası aparılmaqdadır. Ölkəmizin dünyada nüfuzu artdıqca bu
qüvvələr də fəaliyyətlərini genişləndirirlər.
2014-cü ilin may-noyabrında Azərbaycanın Avropa
Şurası Nazirlər Komitəsinə sədrliyi
dövründə bu proses xüsusilə qabarıq nəzərə
çarpdı. Təbii ki, bu kampaniyalara verilən
cavab da adekvat olmalı idi.
Bu baxımdan ötən ilin iyununda ölkə
Prezidentinin AŞPA tribunasında söylədiyi nitq həm Azərbaycan
əleyhdarları ilə məntiq mübarizəsi, həm də
güclü Azərbaycanın təqdimatı idi. Prezident
İlham Əliyev daha öncə dəfələrlə
söylədiyi fikri bir daha diqqətə çatdırdı
ki, Azərbaycanın Avropa Şurasına üzv olması,
üzərinə öhdəliklər götürməsi,
müxtəlif konvensiyalara qoşulması kiməsə xoş
gəlmək üçün atılan addımlar deyil. Bu, bizim özümüzün strateji seçimimizdir
və Azərbaycanı modern, inkişaf etmiş, rifahlı
dövlətə çevirmək istəyimizdən irəli gəlir.
Bu gün Azərbaycan tolerantlığın bərqərar
olduğu bir ölkədir. Avropada, Amerikada dinlər,
sivilizasiyalar arasında toqquşmalardan söz edilərkən
Azərbaycan multikulturalizm, mədəniyyətlərarası
dialoq məkanı kimi dünyaya nümunə göstərilir.
Okeanın o tayında hələ də qara dərilərlə
ağların birgəyaşayış problemlərinin üzə
çıxdığı (Ferqyusson olayları), Avropanın
millətçi dairələrində islamofobiyanın
kultivasiya edildiyi bir vaxtda bizim ölkəmizdə fərqli
inancların təmsilçiləri dini bayramları, mərasimləri
birgə qeyd edir, müxtəlif etnik qruplar bir ailə kimi
yaşayırlar.
Ölkə rəhbərliyinin yeritdiyi ölçülü-biçili və ən əsası, səmimi xarici siyasət nəticəsində dünyada bizə etimad bəsləyən dövlətlərin sayı artır. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilərək 2012-2013-cü illərdə bu mötəbər qurumda təmsil olundu. Ölkəmiz bu il Türkiyədə keçiriləcək “Böyük 20-lik” sammitinə dəvət alıb. Beynəlxalq münasibətlərdə “soyuq müharibə” havasının əsdiyi bir vaxtda Azərbaycan ilin ən böyük idman hadisəsinə - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz hər kəsi Olimpiya ruhunda səmimiyyətə, “fair-play” prinsipinə əsaslanan siyasətə dəvət edirik. Çünki seçdiyimiz müstəqil inkişaf yoluna sadiqik, beynəlxalq təşkilatlarla, böyük-kiçik ölkələrlə münasibətlərimizi də qarşılıqlı hörmət üzərində qururuq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz heç bir ölkə və təşkilatla qarşıdurma siyasəti aparmaq istəmirik. Amma bu o demək deyil ki, milli maraqlarımızın müdafiəsindən geri duracağıq: “Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik. Ancaq milli maraqlarımızın hesabına yox, bərabərhüquqlu münasibətlərin hesabına”.
Vüqar
Əliyev
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur.
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 10.