Turistlər arxeoloji qazıntılarda iştirak edəcəklər

 

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi Azərbaycanda arxeoloji turizmin inkişafına təkan verəcək

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin «Ümumi mədəni irs şəhərlərinin təbliği» layihəsi İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) qrant müsabiqəsində qalib gəlib. Layihə 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik şəhərləri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun təbliğinə yönəlib. Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin COMCEC-in qrantını qazanan ikinci layihəsidir.

 

Layihənin əlaqələndiricisi, nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Məleykə Hüseynova qəzetimizə açıqlamasında bildirdi ki, ötən il nazirlik tərəfindən təqdim olunan «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji turizm layihəsi COMCEC-in maliyyə dəstəyi ilə uğurla reallaşdırılıb: “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edən layihə çərçivəsində ümumilikdə 20-yə yaxın şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin İslam mədəniyyəti və tarixi irsi, turizm potensialı üzrə təhlillər aparıldı. Bu məqsədlə ekspertlər pilot şəhərlər olaraq seçilmiş bölgələrə səfər etdilər, 3 ay ərzində toplanmış materiallar əsasında bölgələrin mədəni irsiarxeoloji turizm potensialı barədə hesabat hazırlandı. 16-18 sentyabr tarixində Bakıda iştirakçı ölkə ekspertlərinin, turizm təmsilçilərinin iştirakı ilə keçirilən seminarda dörd ölkəni birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun yaradılması müzakirə olundu, marşruta salınacaq bölgələr müəyyən edildi. Nəticə olaraq üç turproqram təklif olundu. Onlardan ikisi şəhərlərin mədəni irsi, aparılan arxeoloji qazıntılarla tanışlığı nəzərdə tutur, biri isə sırf turistlərin arxeoloji qazıntılarda iştirakını nəzərdə tutur. Arxeoloji turizmin əsas xarakteriondan ibarətdir ki, turistlər yalnız ölkənin mədəni irsi ilə tanış olmur, həmçinin arxeoloji qazıntılarda iştirak edirlər».

 

Yeni layihə üç mərhələdə reallaşdırılacaq

 

Nazirlik 2014-cü ilin sentyabrında elan olunmuş 2-ci layihə çağırışına əsasən «Ümumi mədəni irs şəhərlərinin təbliği» layihəsini COMCEC-ə təqdim edib: «Bu, birinci layihənin nəticələrinə uyğun olaraq yaradılmış beynəlxalq marşrutun təbliğini nəzərdə tutur. Layihə çərçivəsində üç əsas tədbir həyata keçiriləcək. Birincisi, ingilis, rus və Azərbaycan dillərində veb-səhifə yaradılacaq. Saytda marşruta daxil edilmiş hər ölkədən 4-5 şəhərin tarixi-mədəni irsi, turizm potensialı, arxeoloji qazıntı sahələri, abidələri, bu bölgələrin arxeoloji turizm imkanları təbliğ olunacaq.

İkinci mərhələdə may ayında 4 ölkənin müvafiq sahə üzrə ekspertlərinin, turizm sənayesi və media nümayəndələrinin iştirakı ilə marşrut boyu infoturun keçirilməsi nəzərdə tutulur. Bu, uzunmuddətli infotur olacaq, təxminən 20 günü əhatə edəcək. Burada əsas məqsəd bu bölgələrdə beynəlxalq marşruta salınmış abidələrlə, ümumilikdə 4 ölkənin mədəni-tarixi irsi ilə iştirakçıları tanış etməkdir. İnfotur çərçivəsində hər ölkədə seminar təşkil ediləcək. Bu da həmin ölkələrdə layihə barədə ictimaiyyətə məlumat çatdırmaq məqsədi daşıyır. Nəhayət, sonuncu mərhələdə beynəlxalq marşrutu və müəyyən olunmuş turproqramlardan birini təbliğ etmək məqsədilə broşürun hazırlanması nəzərdə tutulur».

Layihənin ölkəmizdə turizmin inkişafına müsbət təsirlərindən danışan nazirlik nümayəndəsi bildirdi ki, arxeoloji turizm mədəni turizmin istiqamətlərindən biridir. Layihənin əsas məqsədi də bu turizm növünün təbliğ olunmasıdır: «Çünki arxeoloji turizm son dövrlər insanlar arasında daha çox maraq kəsb edir. Ənənəvi turizm növlərindən yorulmuş turistlər üçün bu yeni bir seçim imkanıdır ki, getdikcə çox insanın marağını cəlb edəcək».

Həmsöhbətimiz qeyd etdi ki, layihə çərçivəsində Gəncə, Şəmkir, Qəbələ, Şamaxı və Ağsu şəhərləri arxeoloji turizm şəhərləri seçilib. Bu bölgələrdə arxeoloji qazıntılar bəzilərində il boyu, bəzilərində isə mövsümi olaraq davam edir. Qədim Ağsu şəhər yerində arxeoloji turizm kompleksi yaradılıb. Kompleksdə turistlərin qala bilməsi üçün çadırlar da qurulur. Qədim Qəbələ şəhər yerində də bu yöndə işlər aparılır.

 

Ağsu rayonuna arxeoloji tur təşkil olunacaq

 

Məleykə Hüseynova onu da bildirdi ki, nazirlik tərəfindən Ağsu Arxeoloji Turizm Kompleksi və «Miras» Mədəni İrsin Qorunması İctimai Birliyi ilə birlikdə arxeoloji turizmin daha geniş auditoriyada təbliğ olunması məqsədilə martın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində seminar təşkil edilib: «Biz ilk olaraq gənclərdən başlamaq istəyirik. Çünki onlar daha çevik və həvəslidir. Layihənin inkişafına dəstək verilməsi və arxeoloji turizmin hərəkətə gətirilməsi məqsədilə mart tətili zamanı tələbələr üçün Ağsu rayonuna üçgünlük arxeoloji tur da planlaşdırılır. Tur zamanı tələbələr arxeoloji abidələrlə tanış olacaqrayon ərazisində davam edən arxeoloji qazıntılarda yaxından iştirak edəcəklər. Bu cür təşviqat xarakterli tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur».

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 9.