“İncəsənət
və zərgərlik”
Martın 2-də
Heydər Əliyev Mərkəzində “İncəsənət
və zərgərlik” (Art and
Jewellery) sərgisinin
açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə məşhur “Stephen
Webster” brendi tərəfindən
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyevanın rəsmlərinin
motivləri əsasında yaradılmış əsərlər
nümayiş olunur.
Kolleksiyanı təqdim edən “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster nümayiş olunan əsərlərin tarixçəsindən söz açıb: “Bu layihənin əsası dörd il bundan əvvəl Leyla xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında nə düşündüyümü soruşmuşdu. Sonradan isə məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət əşyalarını yaratmaq barədə nə fikirləşdiyimi xəbər almışdı. Bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin və söhbətlərin təcəssümüdür. Mən böyük məmnuniyyətlə Leyla xanımın rəsmləri ilə tanış oldum, onun düşüncə tərzini öyrənməyə çalışdım. Beləliklə, onun əsərlərində əks olunan çalarları öz dizaynım və 40 illik təcrübəmlə birləşdirib zinət əşyaları yaratmağa başladım. Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi. Ümidvaram ki, yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. “İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.
“Stephen Webster”
məhsulları zərgərlik aləmində həmişə
cəsarətli, innovativ dizaynı ilə seçilir. Stiven Vebster Böyük Britaniya zərgərlik sənayesinə xidmətlərinə
görə Britaniya İmperiyasının
ordeni ilə təltif olunub.
Onun kolleksiyalarının ideyası adətən
ədəbiyyatdan, film və ya musiqidən qaynaqlanır. Dizayner
ingilis şairi və
rəssamı Vilyam Bleyk,
fransız yazıçısı Jül Vern, ingilis
yazıçısı Aqata Kristi kimi məşhurların
əsərlərindən ilham alaraq zinət əşyaları
hazırlayıb. Heydər Əliyev Mərkəzindəki sərgi
martın 31-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 4 mart.- S. 8.